Prezident İlham Əliyev: “Uğurlarımız,
ilk növbədə, insan
kapitalının düzgün istifadəsinin
bəhrəsidir”
Azərbaycan indi dünyanın yüksək templə
irəliləyən ölkələrindən biridir. Qazandığımız
uğurlar, ilk növbədə,
insan kapitalının düzgün
və səmərəli istifadəsinin bəhrəsidir. Gənclərə
ünvanlanmış bir çox
proqramlar, o cümlədən
xaricdə təhsil proqramı onların elmə cəlb
olunması üçün lazımi
şəraiti təmin etmişdir. Azərbaycanda
mövcud olan Milli Elmlər Akademiyası, çoxsaylı
universitetlər və Elmin
İnkişafı Fondu gənc alimlər
nəslinin yetişdirilməsinə xidmət göstərir.
AZƏRTAC xəbər verir ki, “İlham
Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin 63-cü kitabında yer alan bu
fikirlər Azərbaycan Respublikası Prezidentinin
Gənc Alimlərin Ümumdünya
Bakı Forumunun
iştirakçılarına məktubundan götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin
63-cü kitabındakı materiallar
2014-cü ilin mayından iyulunadək olan dövrü əhatə
edir.
Nəşrdə
Azərbaycan Prezidentinin Vyetnama
rəsmi, Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə
Müşavirənin 4-cü Zirvə toplantısında iştirak etmək üçün
Çinə işgüzar, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə işgüzar,
Yunanıstana dövlət, Fransaya işgüzar səfərləri, habelə
İsveçrə Konfederasiyasının Prezidentinin,
Avropa Komissiyasının sədrinin Azərbaycana
səfərləri zamanı dövlətimizin
başçısının keçirdiyi
görüşlərə, apardığı
danışıqlara, eləcə də imzalanan
sənədlərə, mətbuata bəyanatlara dair materiallar toplanıb.
Kitabda
Prezident İlham
Əliyevin Türkiyə, Türkmənistan, Böyük
Britaniya, Rusiya, Çexiya, Qazaxıstan, ABŞ və başqa dövlətlərin, ATƏT, NATO və
digər beynəlxalq təşkilatların ölkəmizə
səfər etmiş yüksəkvəzifəli
şəxslərini qəbul etməsinə dair
informasiyalar yer
alıb.
Azərbaycan Prezidenti bütün görüş
və danışıqlarda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsinin
həllində prinsipial mövqe
nümayiş etdirib,
diqqəti Ermənistanın işğalçılıq siyasətinə
yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl törədən
Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüququn
norma və prinsipləri çərçivəsində
həllinə dəstək verməyə
çağırıb.
Prezident
İlham Əliyevin Bakıda keçirilən
XX Azərbaycan Beynəlxalq qida sənayesi
və VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı
sərgilərinin, XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və
neft kimyası” sərgisi və
konfransının, ATƏT Parlament
Assambleyasının 23-cü illik
sessiyasının
plenar iclasının
açılış mərasimlərində, Azərbaycanın
diplomatik xidmət orqanları rəhbərlərinin
5-ci müşavirəsində iştirakı haqqında informasiyalar və dövlətimizin
başçısının nitqləri ilə də 63-cü
kitabda tanış olmaq
mümkündür.
Kitabda,
həmçinin dövlətimizin
başçısının Azərbaycan Gənclərinin VII
Forumunun, “Korrupsiyaya
qarşı mübarizə: beynəlxalq standartlar
və milli təcrübələr” mövzusunda beynəlxalq konfransın
iştirakçılarına müraciətlərinin,
Avropanın “Neurope.eu” informasiya
portalına müsahibəsinin mətnləri yer alıb.
Çoxcildliyin
bu kitabında Azərbaycan Prezidentinin
Neftçala rayonuna səfərinə,
orada ictimaiyyət nümayəndələri
ilə görüşünə, Bakıda sosial
infrastruktur obyektlərinin
açılışlarında iştirakına dair informasiyalar, Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 96-cı ildönümü
münasibətilə Müdafiə Nazirliyinin, Daxili
İşlər Nazirliyinin Daxil
Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin
birləşmə və hissələrinin irimiqyaslı birgə
əməliyyat-taktiki təlimləri zamanı hərbçilər
qarşısında çıxışı, Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş
və yekun nitqləri verilib.
Kitaba “Qeydlər”,
“Şəxsi adlar”, “Coğrafi
adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən
buraxılan 63-cü kitabın hazırlanmasında Azərbaycan
Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.-2018.-7 iyul.- S.3.