Ərdoğan ilk səfərini Azərbaycana edir

 

Türkiyə Prezidenti bu gün Bakıya gələcək

 

Türkiyədə keçirilmiş son seçkilərin qalibi olan Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gəlir. Bu, Türkiyənin dövlət başçısının növbəti müddətə vəzifə səlahiyyətlərinin icrasına başlamasından sonra ilk rəsmi xarici səfəridir.

Əlbəttə, bir dövlət başçısının başqa bir ölkəyə səfəri ikitərəfli əlaqələrdə mühüm siyasi hadisə hesab olunur. Amma bu səfərin başqa bir özəlliyi var. Belə ki, Bakıya budəfəki gəlişi ilə R.T.Ərdoğan həm Azərbaycanda, həm Türkiyədə formalaşmış mühüm bir siyasi ənənəni davam etdirir: yəni ilk rəsmi xarici səfərini qardaş ölkəyə edir.

 

Dünya miqyasında bir-birinə ən yaxın müttəfiq ölkələr

 

Bəli, Azərbaycanla Türkiyə arasındakı münasibətlərə rəmzi baxımdan xüsusi rəng qatan mühüm məqamlardan biri də seçkilərdən sonra dövlət başçılarının etdikləri səfərlərdir. Azərbaycan Prezidenti seçkilərdən sonra ilk səfərini Türkiyəyə, qardaş ölkənin rəhbəri isə Azərbaycana edir. Bundan əvvəl, aprel ayında növbəti müddətə Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyevin də andiçmə mərasimindən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi bir daha təsdiqləmişdi ki, davam etdirilən bu xoş ənənə ölkələrimiz arasında strateji əməkdaşlığa və müttəfiqliyə verilən yüksək önəmin göstəricisidir.

Həmin səfər zamanı R.T.Ərdoğanla birgə mətbuata bəyanatında Prezident İlham Əliyev bildirmişdi ki, bu ənənə Türkiyə və Azərbaycanın bir-birinə ən yaxın ölkələr olduğunu göstərir: “Prezident seçkilərindən sonra mən ilk səfərimi qardaş ölkəyə etmişəm. Bu, təbiidir. Sizqeyd etdiyiniz kimi, bu, bir ənənədir. Bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir”.

Türkiyədəki 24 iyun seçkilərinin nəticələri bu ölkənin hərtərəfli inkişafı və çiçəklənməsi yolunda hazırkı rəhbərliyin fəaliyyətinə və xidmətlərinə xalq tərəfindən verilən yüksək qiymət idi. Azərbaycan cəmiyyəti də hər zaman qardaş ölkədə bugünkü siyasi-ictimai sabitliyiniqtisadi inkişafın davamlı olmasını arzulayır.

Təsadüfi deyil ki, seçkilərdən dərhal sonra R.T.Ərdoğanı ilk təbrik edən Prezident İlham Əliyev olmuşdu. Bu faktın özü Türkiyə siyasi həyatında baş verənlərin Azərbaycanda da yaxından izlənilməsinin göstəricisidir. Məktubunda R.T.Ərdoğana ən səmimi təbriklərini yetirən, qardaş Türkiyə xalqının yüksəlişi naminə əzmkar və fədakar işində uğurlar diləyən Prezident İlham Əliyev həmçinin onu Azərbaycana rəsmi səfərə dəvət etmişdi.budur, andiçmədən sonra Türkiyənin dövlət başçısı Azərbaycana gəlir.

 

Analoqu olmayan əlaqələr

 

Bu gün Azərbaycanın bütün türk dövlətləri ilə sıx siyasi, iqtisadi, humanitar və mədəni əlaqələri mövcuddur. Bunların arasında Türkiyə ilə münasibətlər xüsusilə diqqəti çəkir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda bu iki qardaş ölkə arasındakı əlaqələrin dünyada analoqu yoxdur. Elə buna görə də Azərbaycan-Türkiyə əlaqələrindən söz açdıqda diqqəti cəlb edən əsas məsələ əməkdaşlığın genişləndirilməsi və ya dərinləşdirilməsi deyil, bu iki türk dövləti arasındakı dostluq və qardaşlıq münasibətlərinin özünün ən yüksək zirvəsinə çatmasının əsas müzakirə mövzusu olmasıdır.

Eyni kökdən qaynaqlanan etnik ortaqlıqla, dil və mədəniyyət kimi mühüm dəyərlərlə bir-birinə bağlı olan müasir Azərbaycan və Türkiyə dövlətləri yalnız mehriban qonşuluq münasibətlərini deyil, həm də ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi amilləri də əsas tutaraq əlaqələrin daha da inkişafı və dərinləşməsi üçün qarşılıqlı olaraq bütün zəruri addımları atıblar. Ona görə iki ölkə arasındakı münasibətlərdə hər hansı boşluq tapmaq çətindir.

Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə münasibətləri bu gün həm də strateji önəm daşıyır. Təsadüfi deyil ki, Türkiyə Dağlıq Qarabağ məsələsində ilk gündən Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç bir siyasi-diplomatik münasibət qurmur. Tarixdə nadir hallarda görünən bu cür yaxınlıq hər iki ölkəyə etimad və firavanlıq verir, xoşdar günlərdə davam edən daimi xarakter daşıyır.

 

Uğurlu əməkdaşlığın parlaq nümunələri

 

Onu da qeyd etmək yerinə düşərdi ki, ötən 10 ildə həm Azərbaycan, həm Türkiyə çox böyük inkişaf yolu keçmişdir. Təbii ki, bu inkişaf həm də iki ölkənin münasibətlərində özünü göstərir. Bu 15 ildə məhz Azərbaycanın təşəbbüsləri sayəsində Türkiyə ilə energetika sahəsində əməkdaşlıq dərinləşib, o cümlədən bu iki türk dövləti Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi dəmir tellərlə bir-birinə daha sıx bağlanıb. İdeya təşəbbüsü yenə də Azərbaycana məxsus olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu birliyin daha möhtəşəm görüntüsünü yaradır. TANAP kəməri isə Azərbaycanla Türkiyə arasındakı sosial, iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə mühüm yeni dəstəkdir.

Bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın bölgədə həyata keçirdiyi müstəqil siyasət mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirilən layihələr regionun inkişafında, Avropa ilə Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır: “Birgə gerçəkləşdirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neftqaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, bu yaxınlarda açılışını etdiyimiz TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir”.

Bütün bunlar həm də onu göstərir ki, bu gün Azərbaycanla Türkiyəni təkcə ortaq mənəvi və milli dəyərlər birləşdirmir. Bizi həm də ortaq layihələr və hədəflər və eyni siyasi maraqlar birləşdirir. Bütün bunlar həm də seçkilərdən sonra Türkiyənin yeni seçilmiş Prezidentinin ilk səfərinin məhz Azərbaycana, Azərbaycan Prezidentinin isə qardaş ölkəyə etməsini həm siyasi, həm də mənəvi baxımdan şərtləndirir. Bu ruhda formalaşan səfər ənənəsi isə iki türk dövlətinin bir-birinə sıx bağlılığını, eyni zamanda daim bir-birlərinin yanında olduqlarını bütün dünyaya nümayiş etdirir. Bu səfərlər eyni zamanda təsdiq edir ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər türk dünyasının dahi şəxsiyyətləri olan Heydər Əliyevin və Mustafa Kamal Atatürkün vəsiyyətlərinə uyğun olaraq daha da möhkəmlənir və sarsılmaz olur.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.-10 iyul.- S.1; 7.