Konstitusiya
Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi
konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə
iclası keçirilib.
Konstitusiya Məhkəməsinin
mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin
tələbləri baxımından şərh edilməsinə
dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini,
maraqlı subyektlərin nümayəndələrinin
çıxışlarını, ekspertin rəyini dinləyib,
işin materiallarını araşdırıb müzakirə
edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci
maddəsi ilə müəyyən edilmiş pensiya
yaşına çatmasına görə öz arzusu ilə
dövlət qulluğundan çıxdıqda ümumi qaydada
hesablanmış aylıq pensiyanın 6 misli məbləğində
birdəfəlik haqqın verilməsi vergi orqanlarının vəzifəli
şəxslərinə şamil edilir.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.
Azərbaycan.- 2018.-10 iyul.- S.8.