Bir millətin iki lideri

 

İlham Əliyevlə R.T.Ərdoğanın möhkəm dostluq münasibətləri Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn tempinin zəminidir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana etdi. İki ölkə arasında yaranmış mühüm siyasi ənənəni davam etdirən R.T.Ərdoğanın bu səfəri ilk növbədə bir millətin iki dövləti olan Azərbaycanla Türkiyənin qardaşlığının, müttəfiqliyinin və strateji tərəfdaşlığının növbəti gözəl nümunəsi kimi tarixə yazıldı. Bütün dünyaya bir daha mesaj verildi ki, iki türk dövləti bütün məsələlərdə bir-birinin yanındadır.

 

Müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsi

 

Ənənəyə çevrilən bu cür seçkisonrası ilk səfərlər milli-mənəvi tellərlə bir-birinə bağlı olan türk xalqlarının və dövlətlərinin qloballaşan dünyada birlik nümayiş etdirmələri baxımından olduqca vacibdir. Mətbuata bəyanatında da Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər bir daha bizim birliyimizi göstərir: “Biz çox şadıq ki, Siz seçkilərdən sonra ilk rəsmi səfərinizi Azərbaycana edirsiniz. Dünən Türkiyədə Sizin andiçmə mərasiminiz keçirilmişdir və bu gün Siz Azərbaycanda rəsmi səfərdəsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir, bir daha bizim birliyimizi göstərir”.

Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlib. Təsadüfi deyil ki, iyulun 10-da prezidentlərin Bakıda keçirdiyi görüş və mətbuata bəyanatları da bu ruhda idi. Bu mənada R.T.Ərdoğanın siyasi tərəfləri ilə yanaşı, həm də mənəvi baxımdan əhəmiyyət daşıyan bu səfəri dövlətlərarası vacib məsələlərin müzakirəsi ilə yadda qaldı. Danışıqların gündəliyinə iqtisadi əlaqələrin daha da dərinləşməsi, qlobal layihələrin həyata keçirilməsi, o cümlədən hərbi sahədə artıq uzun illərdir formalaşmış əməkdaşlığın uğurla davam etdirilməsi kimi mühüm və strateji məsələlər daxil idi.

Azərbaycanın neft strategiyasının uğurları olan və bu gün ölkəmizə qazanc gətirən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri neçə ildir ki, Türkiyə dövlətinə mühüm iqtisadi dividendlər verir. Azərbaycanın dəstəyi və təşəbbüsü ilə icra olunan TANAP kəmərinin Türkiyə ərazisindən çəkilməsi bu ölkənin iqtisadi baxımdan dəstəklənməsidir. Artıq ötən ay kəmər istifadəyə verildi və bu, hazırkı mərhələdə Azərbaycandan Türkiyəyə ixrac olunan təbii qazın həcmini artırmağa, qardaş ölkənin tələbatını daha yaxşı təmin etməyə imkan verir. “TANAP layihəsi, - bizim üçün, Azərbaycan üçün həyati əhəmiyyətli layihədir, - təkcə Azərbaycan-Türkiyə deyil, eyni zamanda Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə bizi ciddi mənada maraqlandırır və bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. TANAP ilə əlaqədar Əskişəhərdə atdığımız addım həqiqətən də həyati bir addımdır” - deyə R.T.Ərdoğan Bakıda bəyan etdi.

Tikintisinə ölkəmizin təşəbbüsü ilə başlanılan və ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti də iki ölkə arasında uğurlu əməkdaşlığın parlaq nümunələrindən biridir. İndi bu iki türk dövləti bir-birinə həm də polad tellərlə bağlanıb.

Azərbaycan həm də Türkiyəyə ən çox sərmayə yatıran ölkədir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub. Türkiyə şirkətləri isə Azərbaycana 12 milyard dollardan çox vəsait yatırıblar. Bu böyük rəqəmlər, əslində, Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xəttini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ancaq qardaş ölkələrə bu qədər böyük sərmayə qoyula bilər.

 

Hər iki dövlət ümumi maraqlara sadiqdir

 

Azərbaycanla Türkiyə arasında münasibətlərin əsas istiqamətlərindən biri də hərbi sahədə əməkdaşlıqdır. Artıq uzun illərdir ki, iki ölkə arasında strateji səviyyəyə yüksəlmiş hərbi əlaqələr mövcuddur. Türkiyə hərbçiləri və mütəxəssisləri ölkəmizdə həyata keçirilən ordu quruculuğunda, zabit kadrların hazırlanmasında yaxından iştirak edərək öz təcrübələrini əsirgəməyiblər. Bu gün Türkiyə Azərbaycanın həm də silah aldığı əsas ölkələrdən biridir. Bu gün Silahlı Qüvvələrimizin arsenalında Türkiyə müdafiə sənayesinin məhsulu olan mühüm hərbi texnika və silah-sursat yer alır. Onların bir qismi iyunun 26-da keçirilən hərbi paradda nümayiş olundu.

Azərbaycana hərbi dəstəyini əsirgəməyən Türkiyənin Dağlıq Qarabağ məsələsində də mövqeyi prinsipialdır. Bu münaqişənin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ölkə olmayıb. Məlumdur ki, Türkiyə Ermənistanla sərhədlərini bu ölkənin Azərbaycanın 20 faiz ərazisini işğal etdiyi üçün bağlayıb.

İndiyədək Türkiyədə hakimiyyətdə olan bütün siyasi dairələr birmənalı olaraq bəyan ediblər ki, Ermənistanla sərhədlərin açılmasının əsas şərti Azərbaycan ərazilərinin işğaldan azad edilməsidir. Türkiyə rəsmiləri dəfələrlə bildiriblər ki, Azərbaycanla həmrəyliyi bundan sonrakı müddətdə də eyni qətiyyətlə davam etdirəcəklər.

Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış edirlər. Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü, terrorçuluqla mübarizə kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirir. Azərbaycan həmişə ən çətin anlarda Türkiyənin yanında olub, ona öz səmimi və əməli dəstəyini ifadə edib. Xüsusilə, 2016-cı ilin iyulunda qardaş ölkədə baş verən dövlət çevrilişi cəhdi zamanı və ondan sonrakı gərgin günlərdə Türkiyə dövləti, xalqı və siyasi hakimiyyəti Azərbaycandan əsl qardaşlıq və dostluq gördü. Qardaş ölkədə hakimiyyət dəyişikliyinə edilmiş cəhd Azərbaycan ictimaiyyəti tərəfindən böyük narahatlıqla qarşılandı. Bu hadisəyə ilk reaksiya verən və öz dəstəyini təklif edən dövlət başçısı isə Prezident İlham Əliyev idi. Buna görə R.T.Ərdoğan Bakıda bir daha Prezident İlham Əliyevə təsəkkürünü bildirdi.

Bütövlükdə, Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri iki ölkə arasındakı dərin münasibətlərə bir daha nəzər salınması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Bir çox məsələlər haqqında fikir mübadiləsi aparıldı, görülmüş işlər təhlil edildi, gələcək planlar haqqında müzakirələr aparıldı. Bu səfər bir daha göstərdi ki, Türkiyə və Azərbaycan bundan sonra da nümayiş etdirdikləri vahid mövqeyə və ümumi maraqlara daim sadiq qalacaqlar.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.-12 iyul.- S.1; 8.