Azərbaycanda sosial təminat sahəsində görülən işlər yüksək qiymətləndirilib

 

İyulun 11-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti və Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Azərbaycan hökuməti ilə Beynəlxalq Sosial Təminat Assosiasiyası arasında inkişaf edən əlaqələrdən danışıb. Bu səfərin əməkdaşlığımızın möhkəmlənməsinə və daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə edən Əli Əhmədov ölkəmizdə sosial təminat sahəsində aparılan islahatlara diqqət çəkib. Bildirib ki, Azərbaycanda bu sahədə xeyli işlər görülüb, sosial təminat sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması istiqamətində vacib addımlar atılıb.

Baş nazirin müavini ölkəmizin Beynəlxalq Sosial Təminat Assosiasiyasının təcrübəsindən yararlanmaqda maraqlı olduğunu vurğulayıb.

Sonra Yoakim Bröyer ikitərəfli münasibətlərin yeni istiqamətləri barədə danışıb və bu sahədə Azərbaycanla təcrübələrini bölüşməkdən məmnun olduqlarını qeyd edib. Qonaq Azərbaycanın sosial təminat sahəsində gördüyü işləri yüksək qiymətləndirdiklərini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2018.-12 iyul.- S.2.