Ulu Öndər hələ sovet dövründə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratmışdı

 

Bu fikir Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində keçirilən tədbirdə səsləndirilib

 

Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 49-cu ildönümü Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı Siyasi Sənədlər Arxivinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə arxivin foyesində Ulu Öndərin həyat fəaliyyətindən bəhs edən stendlərə baxıblar.

Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova Azərbaycan xalqının ictimai-siyasi milli mənəvi həyatında Heydər Əliyev dühasının əvəzsiz rolundan danışıb. O, tariximizin dərindən öyrənilməsinə xüsusi önəm verən Ulu Öndərin arxiv işinin formalaşmasında, onun müasir tələblər səviyyəsində qurulmasında əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb. Elmira Ələkbərova bildirib ki, Ümummilli Liderin apardığı islahatlar nəticəsində Azərbaycan SSRİ-də 1969-1982-ci illərdə aqrar ölkədən hərtərəfli inkişaf edən sənaye ölkəsinə çevrilib, keçmiş müttəfiq respublikalar arasında öncüllər sırasında yer tutub. Ölkəmizin müstəqilliyinin ilk illərində - 1993-cü il iyunun 15-də Heydər Əliyevin xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdışı isə Azərbaycanı parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. Azərbaycan xalqının əbədiyaşar liderinin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində qazanılan uğurlar minnətdarlıq hissi ilə xatırlanıb.

Arxivin elmi araşdırmalar və elmi kitabxana şöbəsinin müdiri Lalə Hüseynova qeyd edib ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dövrlərində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edib, sənaye obyektləri, emal müəssisələri işə düşüb, müasir tipli təhsil, səhiyyə və mədəniyyət ocaqları, yeni yaşayış binaları tikilib, qəsəbə və kəndlərin işıq, qazsu təchizatı ilə bağlı problemlərinin həllində böyük dönüşə nail olunub. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Dahi şəxsiyyətin həyata keçirdiyi kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqda özünü idarə etmək iqtidarında olan iki respublikadan birinə çevrildi.

Milli Məclisin deputatı Fəzail İbrahimli Ümummilli Liderin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən bəhs edib. Diqqətə çatdırıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sabit ictimai-siyasi mühit Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində daha da möhkəmləndirilərək inkişaf edib. Bu gün ölkəmizdəki ictimai-siyasi sabitlik müstəqil Azərbaycan dövlətinin ən mühüm nailiyyətidir. Son günlərdə Gəncədə baş verən hadisələr ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmişdi. Bu, həm də dini-mənəvi dəyərlərimizə qarşı təxribatdır. Sabitliyin hədəfə alınması, çaşqınlıq, xaos yaratmaqpozuculuq cəhdləri müstəqil dövlətimizin inkişafını gözü götürməyən, buna dözə bilməyən qüvvələrin məqsədyönlü niyyətlərinin ifadəsidir. Bütün bu proseslər müəyyən mərkəzlər tərəfindən məqsədli şəkildə hazırlanıb və xüsusi təlim və təlimat almış şəxslər tərəfindən həyata keçirilib. Azərbaycana qarşı məkrli planlar quranlar istəklərinə çata bilməyəcəklər.

Milli Məclisin deputatı Pərvin Kərimzadə və digər çıxış edənlər bildiriblər ki, Ümummilli Lider təkrar siyasi hakimiyyətə qayıdışından sonra xalqına firavan, dinamik inkişaf edən bir dövlət miras qoyub, onun böyük quruculuq missiyası və dövlətçilik ənənələri hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Azərbaycan.- 2018.- 14 iyul.- S.3.