İlham Əliyev Ermənistanın siyasi, iqtisadi və hərbi iflasının əsas müəllifidir

 

İşğal siyasətinin davam etməsi fonunda Azərbaycanın Ermənistana qarşı yürütdüyü siyasət və gördüyü tədbirlər indi işğalçı ölkənin tənəzzülünü daha dinamik hala gətirib. Yaranmış vəziyyətdə Ermənistanın gələcəyi ilə bağlı nikbin olmayanlar müxtəlif xarici ölkələrdə məskunlaşmağı indiki durumda ən yaxşı çıxış yolu sayırlar. Elə bundan irəli gəlir ki, hazırda Ermənistanda ən böyük problemlərdən biri qismində ölkədə miqrasiya tempinin yeni vüsət alması, daha çox sayda insanın xaricə üz tutmasıdır. Bütün bunların ümdə səbəbi Azərbaycanın Ermənistanı təcrid vəziyyətinə salması və işğalçıya qarşı gördüyü digər tədbirlərdir.

 

İşğalçı ölkə daha böyük problemlərə düçar olacaq

 

Aydındır ki, işğal siyasətinin davam etməsi fonunda Azərbaycanın gördüyü tədbirlər Ermənistanın iflasını daha sürətli vəziyyətə gətirəcək. Bu isə Ermənistanda çoxsaylı problemlərin miqyasını bir qədər də genişləndirəcək. Elə 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejimin hakimiyyətdən qovulmasını təmin edən şərtlərdən biri də məhz Prezident İlham Əliyevin həyata keçirdiyi təcrid siyasəti oldu. Eyni zamanda, ordumuzun vurduğu zərbələr də bunda öz rolunu oynadı.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib: “İki il bundan əvvəl Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı. Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif - guya onların ordusu güclü ordudur - darmadağın edildi. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm istehkam”ı bir neçə gün ərzində darmadağın etdikbu da Ermənistan cəmiyyətində böyük məyusluq yaratdı. Ona görə Ermənistanın başına gələn bu hadisələr labüd idi, məntiqli idi. Həm kriminal rejim tərəfindən aparılmış antimilli siyasət, həm Azərbaycanın apardığı inamlı siyasət, o cümlədən bizim inkişaf dinamikamız, bax, bunun əsas səbəbkarı oldu. Çünki Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan hansı yüksək zirvəyə qalxa bilibdir: ölkə daxilindəki sabitlik, inkişaf, beynəlxalq əlaqələr, iqtisadi inkişaf, ordu quruculuğu, sosial məsələlərin həlli. Bizim aramızda yerlə-göy qədər fərq varbu, bir daha göstərdi ki, Ermənistanı bu ağır vəziyyətə salan onların işğalçı siyasətidir”.

Dövlət başçısı aydın mesajla onu da bildirib ki, Azərbaycan istənilən an erməni tərəfinə təkrar belə hərbi zərbələr vura bilər: Ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib. 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir. Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa, niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən?... İndi bizdən şikayət edir, beynəlxalq təşkilatlara müraciət edir ki, gəlin, bizə kömək edin, gəlin, Azərbaycan bizi boğacaq. Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən. Yoxsa qorxu içində yaşayan ölkələr, insanlar daim stress içindədirlər. Bu, onların psixoloji durumuna da mənfi təsir göstərir. Biz bunu indi görürükdaha da böyük fəsadlar ola bilər”.

Beləliklə, Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, işğalçı ölkə konstruktiv mövqeyə gəlməsə, onda erməniləri aprel döyüşləri və 2018-ci ilin mayında Naxçıvan əməliyyatı ilə müqayisədə daha böyük zərbələr gözləyir.

 

Ermənistan ordusunda özbaşınalıq və ölüm halları artır

 

Azərbaycan ötən müddət ərzində hərb müstəvisində də Ermənistanla müqayisədə böyük üstünlüklər əldə etdiyi halda, işğalçı ölkədə bunun tam əksidir. Elə bu günlərdə Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən əsgərlərin anaları yenidən baş nazir Nikol Paşinyandan onların övladlarının ölümünün əsl səbəblərini araşdırmağı tələb ediblər. Xüsusən də Tavuş rayonunun Mehrab kəndindəki hərbi hissədə ölmüş əsgərlərin cinayət işi şübhə doğurur.

Hökumətdən ədalətli istintaq tələb edən anaların əksəriyyəti oğulları Mehrabda hərbi xidmət keçənlərdir. Qeyd edək ki, 2018-ci ilin mayın 6-da həmin hərbi hissədə cəmi 10 ay xidmət keçən əsgər Levon Torosyan ölü tapılıb. Onun ailəsinə bildirilib ki, Torosyan intihar edib. Lakin anası Armenui Poqosyan bu versiyanın yalan olduğunu deyir. Çünki oğlunun ölümündən cəmi 26 dəqiqə əvvəl onunla telefonda danışıb və Torosyan yaxşı olduğunu bildirib.

Armenui vurğulayıb ki, tibbi ekspertiza nəticəsində Levonun bədənində, xüsusən də cinsiyyət orqanında təcavüz əlamətləri aşkarlanıb. İstintaq müəyyən edib ki,Torosyan özünüKalaşnikovla öldürüb. Lakin ölmüş əsgərin anası bunun yalan olduğunu söyləyib: “Kim görüb ki, insan özü-özünə pulemyot silahını tuşlaya bilsinbu zaman bədəni hərəkətsiz qalsın? Heç silahın üzərində barmaq izləri də tapılmayıb”.

Ümumiyyətlə, Ermənistan ordusunda hərbi qulluqçuların müəmmalı ölümü və yaralanması, rüşvətxorluq, xidmət yerindən qaçma, xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirmə kimi müxtəlif hadisələrin sayı sürətlə artır. Bundan başqa, orduda özbaşınalıq, komandanlıq tərəfindən tabeçilikdə olan şəxsi heyətə ciddi nəzarətin təşkil olunmaması, vəzifələrinə səhlənkar yanaşma və səlahiyyətləri aşma, intizam cəzalarının düzgün verilməməsi, qarşılıqlı münasibətlərin nizamnamələrə uyğun qurulmaması da bir çox cinayətlərə yol açır ki, bu da Ermənistan ordusunun ənənəsinə, əsgər valideynlərinin isə baş bəlasına çevrilib.

Əvvəlki kimi Ermənistan silahlı qüvvələrinin yürütdüyü siyasət baş verənləri ya maksimum dərəcədə gizlətmək, ya da ölüm hadisələrini qarşı tərəfin üzərinə yıxmaqla valideynləri sakitləşdirməyə cəhd göstərməkdir. Valideynləri qəzəbləndirən qarşı tərəfin, yəni, Azərbaycan Ordusunun hər hansı aktiv fəaliyyət həyata keçirməsi barədə rəsmi məlumatların olmadığı halda, Ermənistan tərəfinin itkilərinin - ölən və yaralananların sayının durmadan artmasıdır.

Maddi-texniki təminat sarıdan da ordunun vəziyyəti əvvəlki dövrdən heç nə ilə fərqlənmir. Paşinyan bu kimi vəzifələrin öhdəsindən gələ bilmədiyindən cəmiyyətin diqqətini yenə keçmiş iqtidar komandasına və onlara yaxın insanların həbsinə yönəldir.

 

Yeni repressiya dalğası başlanır

 

Yalnız işğal siyasətindən əl çəkə bilmədiyi üçün Ermənistan regionda mövcud tərəqqi dinamikasından faydalana bilmir Azərbaycan onun təcridini daha da dərinləşdirərək işğalçını çıxılmaz bir duruma salır. Elə bunun nəticəsidir ki, Ermənistanda vəziyyət sürətlə pisləşir və bu əsasda da işğalçı ölkədə siyasi qüvvələr yalnız biri-birinə hücum etməklə, bir-birinə qarşı repressiya ilə diqqəti reallıqlardan yayındırmağa çalışırlar.

 

Elə bu fonda Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı, biznesmen Aleksandr Sarkisyanın oğlu Ayk barəsində Yerevan məhkəməsinin hökmü ilə həbs qərarı verilib. Qeyd edək ki, Ayk Sarkisyana qarşı ölümə cəhd, qanunsuz silah və hərbi sursat əldə etmə, saxlama maddələri üzə cinayət işi açılıb.

 

Sarkisyanın ailə üzvlərinin həbsi davam etdirilir

 

Ermənistanın dövlət gəlirləri komitəsinin müstəntiqləri Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın evində apardıqları axtarış zamanı bankların birində 6,8 milyon dollar məbləğində əmanətlər haqqında saziş aşkar ediblər. Serj Sarkisyanın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sarkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə ittiham ediliblər.

Bildirilir ki, saziş 2017-ci ilin ikinci yarısında Ermənistanın o dövrdəki prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyanonun qızı Ani Sarkisyanla bağlanıb. Məlumatda qeyd olunub ki, Levon Sarkisyan 2017-ci il ərzində xüsusi tapşırıqlar üzrə səfir olub. Qanuna uyğun olaraq o, gəliri və maliyyə vəsaitləri barədə bəyannaməni təqdim etməli idi. Lakin o və qızı tərəfindən banka təqdim edilən bəyannamədə vəsaitlər göstərilməyib.

Bundan əvvəl Serj Sarkisyanın qardaşı iri məbləğdə yeyintidə də ittiham olunmuşdu. Ermənistanın dövlət gəlirləri üzrə komitəsinin mətbuat xidməti onun təsisçisi olduğu “CLC Proekt kompani” şirkətinin fəaliyyəti nəticəsində dövlətə 300 milyon dramya 600 min dollardan çox zərər dəydiyi barədə məlumat yaymışdı. Bildirilirdi ki, şirkətin hesabatlarına görə, dövlət qarşısında vergi borcları 147 milyon dramya 306 min dollar olub. Lakin bu borclar ödənilməyib. Bundan əlavə, şirkət 2016-cı ilin birinci rübü üzrə 140 milyon dramya 300 min dollar vergi ödənişlərindən yayınıb.

O da məlum olub ki, Levon Sarkisyanın direktoru və təsisçisi olduğu “CLC Proekt kompani” şirkətinin səhmlərinin 20 faizi onun oğlu Narek Sarkisyana məxsusdur. Fond Yerevanda fəaliyyət göstərən Surb Qriqor Lusaroviç kilsəsinin ünvanında qeydiyyatdan keçirilib, lakin faktiki olaraq orada fəaliyyət göstərməyib. Yaranmış vəziyyətdə Levon Sarkisyan və qızı Ani axtarışa verilib. Məhkəmənin qərarı ilə Levon Sarkisyan barəsində həbs qətimkan tədbiri seçilib. Ani Sarkisyanonun qardaşı Narekdən başqa yerə getməmək haqqında iltizam alınıb.

 

Koçaryan ölkədən qaçıb

 

Sarksiyanın digər yaxınlarının da həbsi gözlənilir. Yaranmış vəziyyətdə Respublika Partiyası məxfi iclas keçirib. “Qraparak” qəzeti partiyanın deputatlarının baş verənlərdən çox narahat olduqlarını bildirib. Partiya Paşinyan hökumətinin onlardan nə qədərini həbs edəcəyini müəyyən etməyə çalışıblar. Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın da vəziyyəti yaxşı deyil.

Xatırladaq ki, bundan öncə mətbuat Koçaryanın 25 iyulda xüsusi istintaq komitəsinə çağırılacağı və burada “1 mart qırğını” cinayət işi üzrə şahid kimi dindiriləcəyi haqqında məlumat yaymışdı. “Aykakan Jamanak” qəzeti yazır ki, Koçaryan 25 iyula qədər xüsusi istintaq xidmətinə gəlməyəcək. Qəzet Koçaryanın bu tarixə qədər Avropada olacağını bildirib. Eks-prezidentin Avropaya getməsinin səbəbləri açıqlanmayıb. Amma onun bir daha ölkəyə qayıtmayacağı da bildirilir. Əsas səbəb də onun həbsi qorxusudur.

Bu durumda Ermənistanın ədliyyə naziri Artak Zeynalyan ağır cinayətlər törətmiş istənilən şəxsə qarşı cəza tədbirlərinin sərtləşdirilməsini təklif edib. Zeynalyana görə, ağır cinayətlər, xüsusilə vətənə xəyanət ittihamı irəli sürülmüş şəxslərə qarşı cəza tədbirləri ikiqat sərtləşdirilməlidir. Nazir bununla bağlı parlamentə təqdim edilmiş qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsinin vacibliyinə diqqət çəkib.

Parlamentdəki “Yelk” fraksiyasının deputatı Edmon Manukyan isə vətən xainlərinə qarşı daha sərt cəzaların verilməsinin tərəfdarı olduğunu qeyd edərək, edam cəzasının - güllələnmənin qanun layihəsinə salınmasını təklif edib:Hesab edirəm ki, vətən xainlərinə verilə biləcək ən yaxşı cavab güllədir. Güllələnsinlər”.

Vaxtilə baş nazir Nikol Paşinyanın təmsil olunduğu fraksiyanın üzvü olan Edmon Manukyan bir müddət əvvəl keçmiş prezident Serj Sarkisyanı və tərəfdarlarını vətənə xəyanətdə ittiham etmişdi. Manukyan Sarkisyan iqtidarının devrilməsi ilə yadda qalan etiraz aksiyalarının təşkilatçılarından biri olub.

Amma belə həbslər diqqəti müvəqqəti olaraq yayındıra bilər və cəmiyyət yeni hakimiyyətdən vəd etdiklərini yerinə yetirməyi tələb edəcək. Lakin bunun üçün Ermənistanın heç bir potensialı yoxdur və ölkənin yeganə çıxış yolu Azərbaycanla normal münasibətlər qurmaqdır. Əks təqdirdə, Azərbaycan Ermənistanın dövlət olaraq çöküşünü daha dinamik hala gətirəcək.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.-15 iyul.- S.1-2.