Milli Qəhrəmanın evi ziyarətgaha çevrilmişdir

 

Adı hərb tariximizə qızıl hərflərlə yazılanlardan biri, Sabirabad rayonunun Muğangəncəli kəndində dünyaya göz açmış Milli Qəhrəman, polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevdir.

Bu gün hər bir azərbaycanlının qürurla xatırladığı aprel döyüşlərində Murad Mirzəyevin çox böyük xidmətləri olmuşdur. Xüsusi təyinatlı qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev komandiri olduğu qrupla birlikdə 2016-cı ilin aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi ətrafında Ermənistan silahlı qüvvələrinin təxribatına layiqli cavab vermiş, düşmənin xeyli döyüş texnikasını, onlarca erməni hərbçisini məhv etmişdir. Həmin döyüşlərdə Murad Mirzəyev də şəhid oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 19-da imzaladığı sərəncamla ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində xüsusi xidmətlərinə və düşmənlə qeyri-bərabər döyüşdə göstərdiyi şücaətə görə Murad Telman oğlu Mirzəyevi ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görmüşdür.

İyunun 26-da Bakıda Milli Ordumuzun 100 illiyi münasibətilə keçirilən möhtəşəm hərbi parad hər bir ölkə vətəndaşının ürəyini qürurla doldurdu, könüllərdə xoş duyğular oyatdı. Bu parad bir daha bütün dünyaya bəyan etdi ki, Ermənistan belə gücün qarşısında dayanmaq iqtidarında deyil. İndi ermənilərin uzun illərdən bəri işğal altında saxladıqları Azərbaycan torpaqlarından çəkilməkdən başqa çıxış yolları qalmayıb. Əks təqdirdə, qüdrətli Azərbaycan əsgəri bütün əraziləri son qarışınadək azad edəcəkdir. O zaman məhv edilən oğulları üçün ağlayan erməni analarının göz yaşları selə dönəcəkdir. Amma biz böyük humanizm nümayiş etdirərək yenə də qan tökülməsini istəmirik. Düşünmək üçün hələ ki, vaxt var. Amma sonra gecola bilər.

Hərbi paradın keçirildiyi gün, iyunun 26-da Sabirabadın Muğangəncəli kəndində Telman kişinin həyətində də bir qələbəlik vardı. Milli Qəhrəman Murad Mirzəyevin dünyaya göz açdığı ev sanki müqəddəs ziyarətgaha çevrilmişdi. Qədirbilən el-oba polkovnik-leytenant Murad Mirzəyevin vətən qarşısındakı xidmətlərini unutmur, onu hər zaman xoş duyğularla xatırlayır. Bu istəyə bizqoşulub deyirik: “Ruhun şad olsun, polkovnik! Rahat ol ki, arzuların gerçəkləşir. Ordumuzun zəfər yürüşü davam edir. Bir-birinin ardınca yeni-yeni ərazilər düşmən işğalından azad edilir. Azərbaycan bayrağının Şuşada, Xankəndidə, Laçında, Füzulidə, Kəlbəcərdə... dalğalanacağı günə lap az qalır.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2018.-15 iyul.- S.6.