Sercio Mattarella: “Azərbaycan Xəzər, Qara və
Aralıq dənizləri üçlüyünün iqtisadi
potensialının inkişafında yeni səhifənin baş
qəhrəmanı olacaq”
İtaliya Prezidenti Azərbaycanın ötən 25 ildə
sosial, iqtisadi baxımdan qeyri-adi bir inkişaf dövrü
yaşadığını və bunun bütün dünyada
böyük marağa səbəb olduğunu bəyan etdi
İyulun 19-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella biznes forumda iştirak ediblər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qızı Laura Mattarella da biznes forumda olublar.
Biznes forumda Azərbaycan və İtaliya tərəfindən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, dizayn və memarlıq, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, logistika, mühəndislik, sənaye sahələrində fəaliyyət göstərən 350-dək iş adamı iştirak edib.
Dövlət başçıları biznes forumda çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz” deyirəm. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Dünən keçirdiyimiz görüşlərdə apardığımız müzakirələr zamanı bir daha gördük ki, İtaliya ilə Azərbaycan çox yaxın dost və tərəfdaş ölkələrdir. Bizim tərəfdaşlığımızın təməlində birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl İtaliya və Azərbaycan öz strateji tərəfdaşlığını rəsmən təsdiq etdilər, müvafiq bəyannamə qəbul olunmuşdur.
Sizin Azərbaycana səfəriniz bir daha bizim strateji tərəfdaşlıq əlaqələrimizi təsdiqləyir. Dünən bir sıra məsələlər ətrafında çox açıq, səmimi fikir mübadiləsi aparılmışdır. Biz istəyirik ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla, sürətlə inkişaf etsin. Prezidentin səfəri bu əlaqələrin inkişafına çox güclü təkan verir.
Əlbəttə ki, siyasi əlaqələr yüksək səviyyədə olduqda biznes dairələri də bunu dərhal görür, dərk edir və öz addımlarını atmağa başlayır. Bizim siyasi əlaqələrimiz, - biz dünən də bu barədə cənab Prezidentlə fikir mübadiləsi apardıq, - ən yüksək səviyyədədir. Deyə bilərəm ki, mükəmməldir, həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıq çox müsbətdir.
Bu imkanlardan, əlbəttə ki, biznes dairələri də istifadə etməlidirlər və edirlər. Bunun bariz nümunəsi dünən birgə açdığımız polipropilen zavodudur. Bu, bizim birgə yaratdığımız gözəl müəssisədir. Mən cənab Prezident Sercio Mattarellaya dünən dedim ki, bu, İtaliyanın Azərbaycanda müasir texnoloji əsəridir. Əlbəttə, bu zavodun timsalında biz şirkətlər arasındakı əməkdaşlığı görürük. Biz istəyirik ki, bu əməkdaşlıq gələcəkdə dərinləşsin, genişlənsin, yeni layihələr icra edilsin. Azərbaycanın sənaye və iqtisadi inkişafı ilə bağlı planlar kifayət qədər çoxdur. Azərbaycanda çox sürətlə sənayeləşmə prosesi gedir. Əlbəttə ki, bizə çox gözəl, etibarlı, sınanmış tərəfdaşlar lazımdır. İtaliya şirkətləri bu tərəfdaşlardandır. Çünki uzun illər Azərbaycan ilə bağlıdırlar, çox gözəl reputasiyaya və ən yüksək texnoloji imkanlara malikdirlər.
Ona görə, iqtisadi sahədəki gələcək əməkdaşlıq hesab edirəm ki, bir neçə istiqamət üzrə getməlidir. Biz İtaliya şirkətlərini Azərbaycana dəvət edirik, həm prezidentlər səviyyəsində, həm hökumət qurumları səviyyəsində. Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur.
İtaliya şirkətləri Azərbaycanın müxtəlif sahələrində podratçı, kontraktor kimi fəaliyyət göstərirlər. Hazırda biz bunu görürük. İnşaat, infrastruktur, ağır sənaye, kənd təsərrüfatı, emal sektorlarında belə əməkdaşlıq var. Ancaq hesab etmirəm ki, bu, lazımi səviyyədədir. Biz bu səviyyəni qaldırmalıyıq və hesab edirəm ki, biznes dairələri bu barədə bu gün danışacaqlar. Ona görə, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət hesab edirəm ki, növbəti illər üçün əsas istiqamətlər olmalıdır.
Əlbəttə ki, İtaliya şirkətləri bilməlidirlər ki, bizim planlarımız nədən ibarətdir. Bizim planlarımız hər il dərc edilir, dövlət investisiya proqramı hər il icra edilir və bizim beşillik sosial-iqtisadi inkişaf planlarımız var. 2004-cü ildən başlayaraq bu proqramlar dərc olunur, icra edilir və orada Azərbaycanda görüləcək bütün işlər göstərilir. Şəhərlər, hətta qəsəbələr, kəndlər üzrə infrastruktur layihələri, sosial obyektlərin tikintisi, texnoloji inkişafla bağlı hər şey orada göstərilir. Sadəcə olaraq bu məlumatı əldə etmək lazımdır. Hesab edirəm ki, biznes forum bu məlumatın təqdim edilməsində də müsbət rol oynayacaq.
Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbətdir və uğurludur. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. Ancaq etiraf etməliyik ki, bunun təməlində xam neft amili dayanır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, bizim ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq.
Azərbaycan son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf edib. Son 15 ildə iqtisadiyyat, yəni ümumi daxili məhsul 3,2 dəfə artıb. Hesab edirəm ki, bu, dünya miqyasında rekorddur. Hesab edirəm bundan daha vacib məsələ odur ki, biz sosial məsələlərin həllində də yaxşı nəticələrə nail olmuşuq. Azərbaycanda işsizlik kəskin şəkildə aşağı düşüb və 5 faiz səviyyəsindədir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə enib. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Yəni bütün bu göstəricilər göstərir ki, makroiqtisadi vəziyyət müsbətdir. Dünyanın aparıcı beynəlxalq qurumları da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. O cümlədən Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerə layiq görüb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər hesablamalara görə, məsələn, həmin Davos Forumunun infrastrukturun inkişafı ilə bağlı hesabatında Azərbaycan dünyada 26-cı yerdədir. Son illərdə çox böyük infrastruktur layihələri icra edilib və inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir.
Bildiyiniz kimi, biz böyük enerji layihələrini uğurla icra etmişik. Biz dənizləri birləşdiririk. Xəzər dənizini Qara dənizlə neft kəməri ilə birləşdirdik. Ondan sonra Xəzər dənizini Aralıq dənizi ilə neft kəməri ilə birləşdirdik. Bunlar tarixi layihələrdir. Biz Avrasiyanın enerji xəritəsini demək olar ki, yenidən tərtib etmişik və buna davam edirik. Hazırda isə biz “Cənub qaz dəhlizi” layihəsini uğurla icra edirik. Bu barədə də qısa məlumat vermək istərdim. “Cənub qaz dəhlizi” dörd layihədən ibarətdir. Nəhəng “Şahdəniz” qaz yatağının işlənilməsinin ikinci fazası - bu layihə başa çatıb. Cənubi Qafqaz Qaz Kəməri, hansı ki, Azərbaycan qazını Gürcüstan istiqamətinə göndərir. Transanadolu qaz kəməri - TANAP, bu da Türkiyə ərazisindən çəkilən qaz kəməridir və Transadriatik qaz kəməri - TAP. Bu dörd layihədən üçü artıq reallaşıb. Bu ilin may ayında Bakı şəhərində “Cənub qaz dəhlizi”nin, iyun ayında isə Türkiyədə TANAP layihəsinin rəsmi açılışları olmuşdur. Maliyyə tutumu 40 milyard dollardan çox olan bu nəhəng layihə bir neçə ölkəni, bir çox şirkətləri birləşdirir. Bu layihə başa çatmaq üzrədir və dörd layihənin üçü müvəffəqiyyətlə başa çatdırılıb. Beləliklə, yaxın zamanlarda Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaqdır.
Digər vacib istiqamət nəqliyyatla bağlıdır. Coğrafi cəhətdən bizim açıq dənizlərə çıxışımız yoxdur. Ancaq buna baxmayaraq, biz Azərbaycanda beynəlxalq nəqliyyat və logistika mərkəzini yaradırıq. Bunun üçün məqsədyönlü, çoxşaxəli iş aparılıb. Son 15 il ərzində Azərbaycanda 6 beynəlxalq hava limanı yaradılıb. Azərbaycan daxilində dəmir yollarında təmir-bərpa işləri gedir. Xəzər hövzəsində ən böyük dəniz ticarət limanı bu ilin may ayında istifadəyə verilib. Onun hazırda yükaşırma qabiliyyəti 15 milyon ton, gələcəkdə isə 25 milyon ton olacaq.
Son 15 il ərzində
15 min kilometr magistral yollar çəkilib. Bütün
qonşu ölkələrlə bizi çox gözəl yeni
yollar bağlayır. Keçən ilin
oktyabrında Azərbaycanı Türkiyə ilə birləşdirən
Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətə
ən qısa yol Azərbaycan ərazisindən
açılıb. Əgər ənənəvi
dəniz yolu 30-35 gün tələb edirsə, yeni
Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklər
Asiyadan Avropaya cəmi iki həftə ərzində
daşınır. Biz görürük ki,
bu yolla yükdaşımalar gündən-günə artır
və bu, çox etibarlı yeni bir nəqliyyat damarı
olacaq.
Bununla paralel olaraq, Azərbaycan
“Şimal-Cənub” nəqliyyat dəhlizinin fəal
iştirakçısıdır, üzvüdür. Biz bu sahəyə
də böyük vəsait qoyuruq. “Şimal-Cənub”
nəqliyyat dəhlizi hazırda fəaliyyətdədir. Azərbaycan ərazisində lazım olan
bütün infrastruktur yaradılır. İndi
yüklər Azərbaycan ərazisindən rahatlıqla
daşınır. Gələcəkdə
qonşu ölkələrdə əlavə vəsait
qoyuluşu nəticəsində bu yolun yükaşırma
qabiliyyəti daha da artacaq.
Bütün bu infrastruktur
imkan verir ki, Azərbaycana bundan sonra da böyük həcmdə
sərmayə qoyulsun. Çünki neft-qaz sektoruna qoyulacaq sərmayə
üçün bütün neft-qaz kəmərləri var və
onun tikintisi davam edir. Yeni sənaye müəssisələri
ilə bağlı investisiyalar üçün nəqliyyat
imkanları çox genişdir. Onu da qeyd
etməliyəm ki, Azərbaycanın Xəzər hövzəsində
ən böyük ticarət donanması, gözəl
investisiya iqlimi var. İndi 200-dən çox gəmi Xəzər
sularında yükdaşımalar aparır.
Azərbaycan çox sabit
ölkədir, həm siyasi, həm iqtisadi cəhətdən. Ona görə,
mən hesab edirəm ki, sərmayə qoyuluşu
üçün Azərbaycan çox gözəl ölkədir.
Əlbəttə, xarici
qonaqlar hesab edə bilərlər ki, mən burada ölkəmizi
tərifləməklə məşğulam. Mən bunu
gizlətmirəm, edirəm və etməliyəm. Çünki hər bir dövlət
başçısı çalışmalıdır ki, onun
ölkəsini daha yaxından tanısınlar, daha çox vəsait
qoysunlar. Ancaq bu tərif ədalətlidir.
Mən tam həqiqəti qonaqlara
çatdırıram və ümid edirəm ki, onlar mənim
sözlərimdən sonra Azərbaycana daha da böyük həvəslə
gələcəklər və işləyəcəklər.
Cənab Prezident, mən Sizə bir
daha təşəkkürümü bildirirəm ki, Siz Azərbaycana
səfər etmisiniz, bizə böyük şərəf
vermisiniz. Dünən Sumqayıtda polipropilen
zavodunun açılışında iştirak etmisiniz.
Bu gün də bizimlə bərabər iş adamlarına
öz sözünüzü deyəcəksiniz. Sağ olun.
İtaliya
Prezidenti Sercio Mattarellanın çıxışı
- Cənab Prezident!
Cənab nazirlər, hökumət
nümayəndələri, səlahiyyətli şəxslər,
hörmətli iş adamları!
Prezident İlham Əliyevə
dostluq münasibətləri ilə bağlı dediyi gözəl
sözlərə görə təşəkkürümü
bildirirəm.
Həmçinin ətraflı məlumata görə
təşəkkür edirəm.
Belə bir vaxtda Azərbaycana
rəsmi səfərimin təşkil olunması bizim
üçün çox önəmlidir. Çünki
ölkələrimiz arasında nəinki dostluq əlaqələri,
eləcə də ikitərəfli əməkdaşlıq
baxımından çox yüksək səviyyədə
inkişaf var. Lakin biz bu əlaqələri xüsusən də
iqtisadi sahədə və digər sahələrdə məsələn,
siyasi, humanitar sahələrdə daha da inkişaf etdirmək
istəyirik.
Bu günlərdə Prezident
İlham Əliyevlə keçirdiyimiz görüşlər
zamanı ölkələrimiz arasında mövcud olan ikitərəfli
münasibətlərin müsbət və daimi
inkişafının şahidi olduq. İkitərəfli
münasibətlərimizin əsas hissəsini iqtisadi əlaqələr
təşkil edir. Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra, ötən 25 ildə sosial, iqtisadi
baxımdan qeyri-adi bir inkişaf dövrü yaşayıb.
Bundan başqa, mən Bakı şəhərinin
memarlıq baxımından inkişafından, müasir və
qədim tikililərin gözəlliyindən təsirləndim.
Bizim hazırda olduğumuz və Prezident Heydər
Əliyevin adını daşıyan bu möhtəşəm
bina buna bariz nümunədir. Bu əhəmiyyətli
inkişaf prosesi İtaliyada da çox böyük marağa səbəb
olub. Təkcə İtaliya deyil,
bütün dünyada marağa səbəb olub.
Bizim iqtisadiyyatlarımız
bir-birini tamamlayır. İtaliya Azərbaycana yalnız ticari mübadilələrdə
deyil, karbohidrogen sahəsindən əlavə öz
potensialının və iqtisadi sisteminin şaxələndirilməsində
və sənaye proqramlarının inkişafında istinad edilən
etibarlı bir tərəfdaş ola bilər.
Şaxələndirmə Azərbaycanın əsas
hədəflərindən biridir. Buna dəstək
məqsədilə İtaliya fərqli təcrübələrini,
texnologiyalarını, bacarıq və qabiliyyətlərini Azərbaycana
təqdim edə bilər.
Son illərdə italyan
müəssisələri tərəfindən həyata
keçirilən layihələrdən də
göründüyü kimi, İtaliya enerji sahəsində,
karbohidrogenlərin nəqlində və kimya sənayesində
dünyada yüksək səviyyədə olan bir irsə
malikdir. Son 10 ildə italyan müəssisələrinin və
italyan texnologiyalarının Azərbaycanın neft sənayesinə
verdiyi töhfə 5 milyard avrodan çoxdur. Dünən Prezident İlham Əliyevlə birlikdə
Sumqayıtda polipropilen zavodunun açılışında
iştirak etdik. Bu zavodun inşası “Maire
Tecnimont” şirkəti ilə “SOCAR Polymer”in layihəsi əsasında
həyata keçirilib. Bu zavod Azərbaycana
neft-kimya sənayesini inkişaf etdirməyə və öz
ixrac potensialını artırmağa imkan yaradacaq. Bu, Azərbaycan
hökumətinin yeni iş yerlərinin və yeni istehsal sahələrinin
açılması kimi prioritet hesab etdiyi məsələlər
üzrə çox vacib bir məqsəddir. İtaliyanın
töhfəsi enerji sahəsindən başqa, digər sahələrdə
də ola bilər. Belə
ki, İtaliya ətraf mühitin qorunması, yenidən dəyərləndirilməsi,
kənd təsərrüfatının inkişafı və
emal sənayesinin transformasiyası, infrastruktur, nəqliyyat,
logistika, tikinti kimi sahələrdə Azərbaycanın
inkişafına töhfə verməyə hazırdır.
Prezident İlham Əliyevlə dünənki rəsmi
danışıqlardan sonra imzalanan bəzi sənədlər
məhz bu sahəyə yönəlib. Milan
Politexnik Universiteti ilə Azərbaycan Memarlıq və
İnşaat Universiteti arasında akademik əlaqələr
çərçivəsində Bakıda İtaliya-Azərbaycan
dizayn mərkəzinin yaradılması digər sahələrdə
də olmasını arzuladığımız ikitərəfli
əməkdaşlıq modelidir. Biz istərdik
ki, bu modeldən digər əməkdaşlıq çərçivəsində
də istifadə olunsun.
Bu forumda italyan şirkətlərinin
geniş tərkibdə iştirakı bizim ölkədə
kifayət qədər tanınan kiçik və orta tipli
müəssisələrə də diqqət ayıraraq əlaqələrimizi
daha da strukturlaşdırmaq və genişləndirmək
üçün iqtisadiyyatın bütün sahələrində
əməkdaşlığımızın inkişafına nə
qədər önəm verdiyimizin ən bariz sübutudur. Mən bir daha
kiçik və orta tipli müəssisələrin fəaliyyətini,
onların Azərbaycana cəlb olunmasını xüsusi
vurğulamaq istərdim. Ümid edirəm
ki, dünən gün ərzində təşkil edilən
görüşlər bu məqsədə müəyyən
forma və dəqiqlik verə bildi. Çünki
iqtisadiyyatlarımız arasında artan
qarşılıqlı münasibətlər ikitərəfli
iqtisadi əlaqələrin proqressiv
balanslaşdırılması ilə bərabər şəkildə
inkişaf etməlidir. 2017-ci ildə
İtaliya ikitərəfli mübadilə və böyük
miqdarda karbohidrogen idxalı vasitəsilə Azərbaycana əhəmiyyətli
töhfə verib. Azərbaycan bizim neft
üzrə birinci təchizatçımızdır. Biz bu ölkənin mütləq şəkildə
ilk ticarət tərəfdaşı olmaqdan qürur duyuruq.
Bütün bunlar hörmətə layiq nəticələrdir
və xüsusilə də bu ölkədə çox qiymətləndirilən
italyan ixracı sahəsində geniş inkişafı əks
etdirir və bu, onların imkanlarını bir daha bu ölkəyə
gətirməyə kömək edir. Burada
İtaliyanın enerji ehtiyatlarının idxal tələbatı
fonunda bir çox struktur aspektlərdən tarazlıq pozulur və
hazırda iqtisadiyyatın inkişafının bərpa
dövründə Azərbaycan inkişaf proqramları və
iqtisadiyyatın şaxələndirilməsində
İtaliyanın tərəfdaşlığına güvənə
bilər. Dünənki görüşlərdə
bu arzuya müəyyən bir forma verilərək konkret olaraq səmərəli
sahələr müzakirə edildi. Enerji, ətraf
mühitin qorunması sahələrində yenidən dəyərləndirmə
ilə bağlı layihələrə maraq göstərildi.
Paris sazişləri ilə vurğulanan
çoxtərəfli çərçivədə daha təmiz
enerjilərə keçidi asanlaşdıraraq birlikdə planetimiz
üçün daha çox şey edə bilərik və
etməliyik. Azərbaycan kimi xammalla zəngin
olan ölkə üçün bu, sənaye dinamizmi və
texnoloji innovasiyalar amili kimi qəbul edilməlidir. Bilirəm ki, Azərbaycan hökuməti
iqtisadiyyatının şaxələndirilməsi və
ölkənin müxtəlif regionlarının inkişafı
üçün prioritet sahə olan kənd təsərrüfatına
çox böyük önəm verir. Bu, mənim
fikrimcə, uzaqgörən bir seçimdir və İtaliya bu
sahədə olan təcrübəsini və imkanlarını
təklif edərək bunu dəstəkləməyə
hazırdır.
Çıxışımı
yekunlaşdırmamışdan əvvəl logistika, nəqliyyat
və infrastruktur sahələrini xatırlatmaq istəyirəm. Azərbaycanın
mövqeyi strateji baxımdan çox önəmlidir. Belə ki, ölkəniz bundan uzunmüddətli
şəkildə istifadə etməlidir. Məhz
dünən bizim Dövlət Dəmir Yolları ilə “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
arasında mövcud olan marşrutların istifadəsi, dəmir
yolu vasitələrinin, vaqonlarının tikintisi, yeni
marşrutların inkişaf etdirilməsi üçün əməkdaşlıq
memorandumu imzalandı. Bizim müəssisələr
liman və infrastrukturlar üçün informasiya sahəsində
uğurla fəaliyyət göstərir. Azərbaycan
da Xəzər dənizi regionunda nəqliyyat idarəetməsinin
mərkəzini təşkil edir. Bu təşəbbüslərlə
italyan mühəndisliyini, avtomobil yollarını,
limanlarını ümumilikdə infrastruktur sahəsini əks
etdirən geniş bir işin əsasını qoyduq.
Cənab Prezident, bu gün biz
münasibətlərimizə uzunmüddətli və strateji
yanaşma ilə baxmalıyıq. Bizim
müştərək iqtisadi maraqlarımız bizi ölkənizlə
Avropa İttifaqı arasında olan əməkdaşlıqdan
irəli gələn imkanlardan istifadə edərək
dialoqumuzu daha da inkişaf etdirərək genişləndirməyə
yönəldir. Məhz ötən günlərdə
tərəfdaşlıq prioritetləri ilə bağlı
danışıqların yekunlaşması ilə əhəmiyyətli
irəliləyiş qeydə alındı. Strateji
baxımdan regionda önəmli rola malik olan Azərbaycan Xəzər
dənizi, Qara dəniz, Aralıq dənizi
üçlüyünün iqtisadi potensialının
inkişafında yeni bir səhifənin baş qəhrəmanı
ola bilər. Biz tarixi
dostluğumuz və tərəfdaşlığımızın
potensialından istifadə edərək dənizlərimiz
arasında bu körpünü birlikdə tikməliyik. Çünki bu, istər indiki, istər gələcək
münasibətimizə təsir edir. Mən
xoş sözlərinizə görə Sizə bir daha təşəkkür
edirəm.
* * *
Sonra Azərbaycan-İtaliya
biznes forumu işini müzakirələrlə davam etdirdi.
Forumda çıxış
edən iqtisadiyyat naziri Şahin Mustafayev İtaliya ilə əlaqələrin
uğurla inkişaf etdiyini və strateji tərəfdaşlıq
səviyyəsində olduğunu bildirdi. Nazir siyasi əlaqələrin
uğurlu inkişafında dövlət
başçılarının siyasi iradəsinin, yüksək
səviyyəli səfərlərin böyük rolunu
vurğuladı. Qeyd olundu ki, İtaliya Azərbaycanın
əsas xarici ticarət tərəfdaşıdır. Belə ki, 2017-ci ildə ölkəmizin xarici ticarət
dövriyyəsində İtaliya 21 faiz paya malik olmaqla ilk yerdə
qərarlaşıb və bu ilin ilk 6 ayı ərzində də
liderliyini qoruyub saxlayıb. Şahin Mustafayev
ölkəmizdən İtaliyaya ixrac olunan məhsulların
böyük hissəsinin enerji
daşıyıcılarının təşkil etdiyini,
qarşılıqlı ticarətin şaxələndirilməsi
və qeyri-neft məhsullarının payının
artırılması istiqamətində özəl sektorun
iştirakı ilə keçirilən biznes forumların,
işgüzar görüşlərin önəmini qeyd etdi.
İyulun 18-də Azərbaycan və İtaliya prezidentlərinin
iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında
açılışı olan və İtaliyanın “Maire
Tecnimont” şirkətinin podratçısı olduğu “SOCAR
Polymer” layihəsi çərçivəsində inşa edilən
polipropilen zavodu uğurlu əməkdaşlığın
bariz nümunəsidir. Şahin Mustafayev iki ölkə
arasında enerji, kənd təsərrüfatı, turizm,
İKT, nəqliyyat və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı
imkanların olduğunu vurğuladı, həm yerli, həm də
İtaliyadan olan sahibkarları bu imkanlardan yararlanmağa və
qarşılıqlı faydalı birgə layihələri həyata
keçirməyə dəvət etdi.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğuladı, enerji, nəqliyyat, infrastruktur, tikinti, sənaye, kənd təsərrüfatı, logistika və digər sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşdü.
İtaliya Sənaye Konfederasiyasının vitse-prezidenti Liçia Mattioli iqtisadi-ticari əlaqələr barədə danışdı, Azərbaycan və İtaliya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsində keçirilən görüşlərin və aparılan müzakirələrin əhəmiyyətini vurğuladı.
İtaliya Ticarət Agentliyinin (ICE) baş direktoru Piercorco Borqocelli iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirdi, bu sahədə ikitərəfli görüşlərin və biznes forumların rolunu qeyd etdi, belə tədbirlərin iqtisadi əməkdaşlığın inkişafına, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini diqqətə çatdırdı.
Biznes forumda azərbaycanlı
və italiyalı iş adamları əməkdaşlığa
dair müzakirələr aparıblar.
Azərbaycan.-
2018.-20 iyul.- S.1-2.