Azərbaycan ilə Latviya arasında hüquqi əlaqələr inkişaf edir

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan hüquqi islahatlar çərçivəsində qabaqcıl xarici təcrübələrin öyrənilməsinə, beynəlxalq əlaqələrin inkişafına böyük önəm verilərək xarici ölkələrin, o cümlədən Avropa İttifaqı dövlətlərinin ədliyyə qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirilir. Ötən il Azərbaycan və Latviya Ədliyyə nazirliklərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu sahədə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük təkan verib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, memorandumun implementasiyası çərçivəsində nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədris tədbirləri keçirilir, qarşılıqlı müsbət təcrübələr öyrənilir.

Əməkdaşlığın davamı kimi, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada səfərdə olub.

Səfər zamanı Azərbaycanın və Latviyanın ədliyyə nazirləri Riqada “Azadlıq” abidəsini ziyarət edib, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolu qeyd edilib, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Dövlətimizin başçısının təsdiq etdiyi Strateji Yol xəritələrindən irəli gələn vəzifələrə uyğun olaraq mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutunun yaradılması prioriteti nəzərə alınaraq, nümayəndə heyətimiz bu ölkənin Mediasiya Şurasının rəhbərliyi ilə görüşüb. Görüşdə bu sahədə Latviyada işin təşkili ilə maraqlanılıb, mediasiyanın tətbiqi imkanları, onun vətəndaşlar üçün üstünlükləri, mediatorların hazırlanması və s. məsələlərlə bağlı təqdimat keçirilərək səmərəli fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamına əsasən, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrasının təşkili məqsədilə Probasiya xidmətinin yaradılması, o cümlədən elektron nəzarət vasitələrinin tətbiqinə başlanılması nəzərə alınaraq bu sahədə zəngin təcrübəyə malik Latviyanın Dövlət Probasiya xidmətinin rəhbərliyi ilə görüş keçirilib, qurumun fəaliyyətinə dair müzakirələr aparılıb, xidmətin regional qurumları, elektron monitorinq sistemi ilə əyani tanış olub.

Eyni zamanda, məhkəmə qərarlarının səmərəli icrasının əhəmiyyəti nəzərə alınaraq, bu sahədə Latviyanın təcrübəsi öyrənilib, o cümlədən icra zamanı uşaq hüquqlarının qorunmasına dair yeni mexanizmlərin tətbiqi üzrə müzakirələr aparılıb və təqdimatlar keçirilib.

Həmçinin səfər zamanı hər iki dövlətdə məhkəmə-hüquq sistemində aparılan islahatlar və yeniliklərdən bəhrələnmək imkanları araşdırılıb, ədliyyə fəaliyyətində “süni intellektin” tətbiqi, vətəndaşlara xidmətlərin videokonfrans vasitəsilə göstərilməsi xüsusi maraq doğurub.

Tədbirlərdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov iştirak edib.

 

Azərbaycan.- 2018.-24 iyul.- S.3.