Dünyanın ən böyük neft-qaz terminalı Bakıda yerləşir

 

Bu nəhəng obyekti Azərbaycan Səngəçalda, yarımsəhra zonada öz tərəfdaşları ilə birlikdə ucaldıb

 

Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının Azərbaycana bəxş etdiyi mühüm töhfələrdən biri də Səngəçal terminalıdır. Terminal Bakıdan 55 kilometr cənubda, Xəzərin sahilinə yaxın ərazidə yerləşir.

“Əsrin müqaviləsi” imzalandıqdan sonra tikilən və getdikcə daha da genişlənən bu obyekt indi dünyanın ən böyük neft-qaz terminalına çevrilib. Səngəçal terminalı regional neft və qaz ixracı mərkəzidir. Belə ki, Xəzərin Azərbaycan sektorundan çıxarılan karbohidrogenlərin əsas hissəsini dünya bazarlarına ixrac edən bir neçə nəhəng kəmər öz başlanğıcını məhz buradan götürür.

Əvvəlcə Səngəçalda 1996-1997-ci illərdə inşa edilmiş İlkin Neft Terminalı fəaliyyət göstərirdi. 1997-ci ilin sonunda “Əsrin müqaviləsi”nin “Çıraq” platformasından alınan ilk nefti bu terminala nəql olunmuşdu. Burada texnoloji emaldan keçirilən neft Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərinə vurulurdu.

Hazırkı nəhəng terminal isə sözügedən obyektin yaxınlığında 2002-ci ilin fevralından ucalmağa başladı. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulandan və “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə sanksiya veriləndən sonra burada aparılan işlər Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP) adını aldı. Bu layihə çərçivəsində Səngəçal bir neçə il dalbadal böyük tikinti meydançasına çevrildi.

2005-ci ilin fevralında “Mərkəzi Azəri”nin hasilatını qəbul etmək üçün nəzərdə tutulan qurğular istismar əməliyyatlarına təhvil verildi. Mart ayında sistem işə salındı. Bu zaman tutumu 880 min barel olan üç neft çəni də artıq hazır idi.

2005-ci il mayın 25-də Səngəçal terminalı Azərbaycanın tarixində özünə yer alan mühüm bir hadisənin şahidi oldu. Prezident İlham Əliyevin, Türkiyə, Gürcüstan və Qazaxıstanın dövlət başçılarının, tərəfdaş şirkətlərin nümayəndələrinin və bir çox xarici ölkələrdən gəlmiş hörmətli qonaqların iştirakı ilə terminalın ərazisindən BTC-yə ilk neft vuruldu.

Növbəti ilin martında “Azəri-Çıraq-Günəşli”nin ikinci faza (“Qərbi Azəri” və “Şərqi Azəri”) qurğularının istismar sınaqları uğurla tamamlandı. Bu zaman artıq üçüncü fazanın da (“Dərinsulu Günəşli”) işlərinə xüsusi diqqət yönəldilmişdi. İlin ortalarında BTC-nin baş nasos stansiyası “Azəri”dən gələcək neftin hamısını qəbul etmək üçün artıq yetərli gücə malik idi.

2007-ci il Səngəçal terminalının genişləndirilməsinin axırıncı ili idi. Lakin bu gün terminal STGP layihəsi çərçivəsində genişləndirilən obyektdən xeyli böyükdür. 2006-cı ildən buradakı “Şahdəniz-1” qurğularından Cənubi Qafqaz Boru Kəmərinə qaz ötürülür. Bir neçə il idi ki, terminalda “Şahdəniz-2”dən də çıxarılacaq mavi yanacağı qəbul etmək üçün yeni qurğular inşa edilirdi. Mühüm tikinti və istismara təhvilvermə mərhələsi ötən il başa çatdı və bu ilin aprelində sistemə qaz vuruldu.

Layihə çərçivəsində 49 milyon adam-saatdan çox iş aparılıb. Təkcə keçən il adam-saatların sayı 12 milyondan çox olub, bir iş günü belə itirilməyib və  heç bir qəza baş verməyib. İşlərin ən qızğın çağında sahədə təxminən 10 min nəfər çalışıb.

Bugünkü terminalın gücünü rəqəmlər daha aydın əks etdirir. AÇG, BTC və “Şahdəniz” layihələrinin əməliyyatçısı olan BP şirkətindən aldığımız məlumata görə, Xəzərdən sualtı boru kəmərləri vasitəsilə neftin və qazın Səngəçal terminalına göndərilməsi davam edir. Hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 30 milyon standart kubmetrdir. Gündəlik ümumi qaz emalı və ixracı gücü isə (AÇG-nin səmt qazı da daxil olmaqla) təqribən 50 milyon standart kubmetr təşkil edir.

 

Cari ilin birinci rübü ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 71 milyon barel neft və kondensat, o cümlədən BTC vasitəsilə 63 milyon barelə yaxın, Qərb İxrac Boru Kəməri marşrutu ilə 8 milyon barel və ayrıca kondensat xətti ilə təxminən 0,4 milyon barel neft ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus kəmərlə ötürülür. Birinci rüb ərzində terminaldan həmçinin gündə orta hesabla 30 milyon standart kubmetr (təqribən 1,1 milyard standart kubfut) “Şahdəniz” qazı ixrac olunub.

“Cənub qaz dəhlizi”nin başlanğıc nöqtəsi olması Səngəçal terminalının daşıdığı önəmi bütün dünyaya bəyan edir. Keçən ayın sonunda terminalın salnaməsi bu dəhlizin açılışı tarixi ilə daha da zənginləşdi. Açılış mərasimindəki nitqində Prezident İlham Əliyev həm terminalı, həm də sözügedən nəhəng layihəni yüksək dəyərləndirərək demişdir: “Biz bu günü burada - Səngəçal terminalının ərazisində qeyd edirik. Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl “Cənub qaz dəhlizi”nin təməli qoyulmuşdur. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. “Cənub qaz dəhlizi”nin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır”.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2018.-25 iyul.- S.3.