“Cənub qaz dəhlizi” Azərbaycana həm iqtisadi, həm də siyasi dividendlər gətirəcək

 

Prezident İlham ƏLİYEV: “Bu layihə yeni enerji damarıdır”

 

Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır. Ölkəmizdə neftin ilk dəfə sənaye üsulu ilə hasil edilməsi də bu zəngin tarixin nəticəsidir. Ən əsası isə, dənizdən neft hasil etmək kimi çətin bir işə ilk imza atan da Azərbaycan olub. Əfsanəvi Neft Daşları bütün dünyada məşhurdur. Onu görmək üçün tanınmış neftçilər, sənət adamları, alimlər, yazıçılar, dövlət xadimləri bir vaxtlar dünyanın 8-ci möcüzəsi sayılan bu polad dirəklər üzərində salınmış şəhərə də gedirlər.

Bununla belə, Azərbaycan öz neftinin əsl sahibinə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra çevrildi. Dənizdən neft hasil etmək üçün dünyanın tanınmış transmilli şirkətləri ilə imzalanan bu kontraktdan sonra daha çətin bir vəzifə - neftin dünya bazarına çıxarılması dururdu. Çünki hələ də Azərbaycan neftindən əl çəkmək istəməyən qüvvələr çox idi. Həmin qüvvələr çalışırdılar ki, ən azı neftin dünya bazarına çıxarılması onlardan asılı olsun. Yenicə müstəqilliyini bərpa edən Azərbaycana isə yeni marşrutlar lazım idi. Çünki neft-qaz ehtiyatı nə qədər çox olsa da, əsas məsələ onu dünya bazarına təhlükəsiz satışa çıxarmaq idi. Əgər bunu bacarmasaydıq, enerji resurslarımızın heç bir əhəmiyyəti olmayacaqdı. Bəli, artıq neçə illərdir ki, ulu öndər Heydər Əliyevin gördüyü çox böyük işlər sayəsində Azərbaycan öz enerji resurslarını müxtəlif boru kəmərləri ilə ixrac edir. Biz enerji resurslarımızı şaxələndirilmiş şəkildə dünya bazarına ixrac edərək birtərəfli asılılığı aradan götürmüşük.

Prezident İlham Əliyevin iştirakı ilə mayın 29-da Səngəçal terminalında “Cənub qaz dəhlizi”nin rəsmi açılışı oldu. Bu hadisə neft-qaz sənayemizin inkişafında yeni bir dövrün başlanmasıdır. Dövlət başçısı bununla bağlı mərasimdəki çıxışında demişdir: “Cənub qaz dəhlizi” enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və “Cənub qaz dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib”.

Onu da qeyd edək ki, “Cənub qaz dəhlizi” dünya səviyyəli nəhəng layihədir. Həmin layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubbu proses davam edir. Layihənin istismarı dövründə Azərbaycanın təsdiq edilmiş 2,6 trilyon kubmetr qaz ehtiyatlarından istifadə ediləcək.

Layihənin icrasında 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniyaİtaliya iştirak edir. 3 Balkan ölkəsi - BosniyaHerseqovina, XorvatiyaMonteneqro da tərəfdaşlar kimi növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Gələcəkdə “Cənub qaz dəhlizi”nin yeni qollarının yaranması proqnozlaşdırılır. Bu da daha çox Avropa ölkəsinə Azərbaycan qazının ixrcaına imkan yaradacaq.

Yeri gəlmişkən qeyd edək ki, Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub qaz dəhlizi” haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində Avropa İttifaqı yeni layihəyə siyasi dəstək vermişdir. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son 4 il ərzində Bakıda hər il “Cənub qaz dəhlizi” Məşvərət Şurasının iclası keçirilir. 2015-ci ildən bugünə qədər Avropa İttifaqı bu toplantıda ən yüksək səviyyədə təmsil olunur. Bununla da ölkəmizlə Avropa İttifaqı arasında enerji sektorunda sıx əlaqələr yaranıb və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etməyə qərar verib.

Heç kəsə sirr deyil ki, bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox mühüm yer tutur. Hər bir ölkə, eləcə də Avropa İttifaqı öz enerji təhlükəsizliyinin təmin olunmasının qeydinə qalır. Bu səbəbdən də idxal marşrutlarının şaxələndirilməsi “qoca qitə” üçün çox vacibdir. Amma “Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması ilk növbədə ölkəmizə iqtisadi cəhətdən səmərə verəcək. Bununla yanaşı, dəhliz ölkəmizə iqtisadi gəlirdən əlavə, siyasi dividendlər də gətirəcək - Azərbaycanın Avropadadünyada siyasi çəkisi artacaq, bir çox beynəlxalq məsələlərdə söz sahibinə çevriləcək.

 

 Rüstəm KAMAL

 

Azərbaycan.- 2018.- 1 iyun.- S.1; 8.