Nankorluq və xəyanətin bariz nümunəsi

 

Tarix sübut edir ki, xəyanət və nankorluq heç vaxt bağışlanmır. Düşmənlərin bir-birinə qarşı apardığı istənilən çirkin kampaniya, şər-böhtan və hətta təhqir belə başadüşüləndir. Lakin bəzən öz millətinə şər atan, xalqının şanlı tarixini ləkələməyə çalışan insanlar da tapılır. Belələrinə isə yalnız xəyanətkar adı vermək olar. Bu insanlar hətta xalqımızı birləşdirən azərbaycançılıq ideologiyasını, milli dəyərləri tapdalamaqla bu adı qazanır.

Təəssüflər olsun ki, növbəti dəfə Azərbaycan xalqının iradəsinə, milli dəyərlərə qarşı düşmən münasibəti nümayiş etdirən kinorejissor Rüstəm İbrahimbəyovun timsalında bu utancverici reallığın şahidi olduq. Bu dəfə R.İbrahimbəyov düşmən dəyirmanına Qafqaz üçlüyü filmi ilə su tökdü. Yəqin ki, buna görə xidmət etdiyi dairələrdən təşəkkürünü də alıb.

Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətləri, zəngin mədəniyyəti, tarixi ənənələri ilə dünyaya uğurla inteqrasiya olunduğudünyada ölkəmizlə bağlı ən dolğun təəssüratların formalaşdığı bir zamanda Rüstəm İbrahimbəyovun aşkar xəyanət yolu tutması heç də təəccüblü deyil. Çünki bu şəxs hər zaman şəxsi ambisiyalarını milli maraqlardan üstün tutmaqla öz xalqını aşağılamağı sanki özünə kredo seçib. Onun ssenari müəllifi olduğu Qafqaz üçlüyü adlı bədnam film də belə xəyanətin ən pis nümunələrindəndir. Ən azı ona görə ki, dünya birliyi erməniləri məkrli, şovinist, başqa xalqlara qarşı soyqırımı törədən bir toplum kimi tanıdığı halda, R.İbrahimbəyov erməniləri müsbət şəkildə təsvir edərək ilk növbədə öz xalqını aşağılayır. Bu, həqiqətən də onun nankorluq xislətinin göstəricisi, milli köklərə, xalqına nifrətin bariz nümunəsidir.

Rüstəm İbrahimbəyov kimi dönüklərin xalqımızın milli-mənəvi kimliyinə vurmaq istədiyi zərbə həm də Azərbaycan xalqı haqqında dünya ictimaiyyətində yalnış fikir formalaşdırmaq cəhdidir. Dəfələrlə xalqımızın milli- mənəvi dəyərlərinə qarşı yaradıcılıq adı altında hücumlar etmiş kinorejissorun çirkin əməlləri bağışlanmazdır. Çünki bu şəxs növbəti dəfə xalqına xəyanət, dövlətinə və millətinə qarşı düşmənçilik mövqeyi tutdu.

Bu, iqtidara, yəni hakimiyyətə qarşı deyil, konkret olaraq millətə, dövlətə vurulan zərbədir. Çünki torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu etirafları milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir.

Bütün bunlar Rüstəm İbrahimbəyovun azərbaycanlılara və ölkəmiz adına olan hər şeyə dərin nifrətinin və düşmən minasibətinin təzahürüdür. Hesab edirəm ki, xalqına nifrət edən o xalqın fəxri adını daşıya bilməz. Bu film isə R.İbrahimbəyovun həm yaradıcılığında, həm də həyatında qara ləkə kimi həmişə üzünə vurulacaq.

 

 

Həsən BAYRAMOV,

pedaqoji elmlər doktoru

 

Azərbaycan.- 2018.- 7 iyun.- S.7.