Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammiti  çərçivəsində “Bakı Ekspo 2025”in təqdimatı olub

 

İyunun 9-da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammiti çərçivəsində “Bakı Ekspo 2025” Ümumdünya Sərgisi ilə bağlı təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov Bakı şəhərinin “Ekspo 2025”ə ev sahibliyinə namizədliyinin irəli sürüldüyünü xatırladaraq Ümumdünya Sərgisinə hazırlıqla bağlı görülən işlərdən danışıb. O qeyd edib ki, Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən sərgilərin keçirilməsi ilə bağlı böyük təcrübəsi var.

Azərbaycanın zəngin mədəniyyətinin, qədim tarixinin olduğunu vurğulayan Elnur Sultanov bu günlərdə ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyini bildirib. O, Azərbaycandakı multikultural mühit barədə məlumat verərək ölkəmizdə ayrı-ayrı etnik qrupların qarşılıqlı hörmət və harmoniya şəraitində yaşadığını deyib. Bildirib ki, Azərbaycan qarşılıqlı hörməti və anlaşmanı daim təbliğ edən ölkələrdəndir. Biz müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən mötəbər idman yarışlarına ev sahibliyi edirik. Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Azərbaycan bir çox beynəlxalq enerji və nəqliyyat layihələrinin təşəbbüskarıdır. “Ekspo 2025” Azərbaycanın özünü beynəlxalq aləmə daha yaxından tanıtması üçün gözəl fürsətdir.

Elnur Sultanov Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə çağırıb.

Sonra Azərbaycanın ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərə dair videoçarx nümayiş etdirilib.

 

Azərbaycan.- 2018.-10 iyun.- S.5.