Heydər Əliyev Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik və dövlətçilik rəmzidir

 

Gənclər bütün dövrlərdə dövlətin və xalqın gələcəyi hesab olunur. Təsadüfi deyil ki, cənab İlham Əliyev prezident seçkilərindən sonra Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən bayram konsertində gənclərə xitabən dedi: “Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, - görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, - ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq”.

Cənab Prezidentin bu sözləri biz gəncləri qürurlandırmaqla yanaşı, həm də dövlət və xalq qarşısında məsuliyyətimizi də artırır. Çünki İlham Əliyevin gənclərə müraciəti göstərdi ki, ölkə rəhbəri kimi gənclərə güvənir, onlara etibar edir. Və biz də bu etibarı, bu etimadı öz əməllərimizlə, fəaliyyətimizlə doğrultmalıyıq. Bunun üçün dövlət öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Reallıq da ondan ibarətdir ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti hər bir gəncin layiqli vətəndaş kimi formalaşmasına, ictimai-siyasi həyatda fəal iştirakına geniş imkanlar yaradıb. Bu siyasətin müəllifi isə ulu öndər Heydər Əliyevdir.

Heydər Əliyevin istər sovet, istərsə müstəqillik illərində Azərbaycana rəhbərliyi zamanı həyata keçirdiyi siyasətin prioritetlərindən biri gəncliyin dövlət qayğısı ilə əhatə olunması idi. Azərbaycanlıların İttifaqın tanınmış ali məktəblərinə oxumağa göndərilməsi, Bakıda ali hərbi məktəbin yaradılması ulu öndərin dövlət və xalq qarşısında xidmətləri ilə yanaşı, Azərbaycan gəncliyinə töhfələri idi.

Təəssüf ki, o illərdə respublikamızda formalaşmış gənclər siyasəti müstəqilliyimizin ilk illərində tamamilə iflasa uğramışdı. Həmin illərdə hakimiyyətə yiyələnən qüvvələrin siyasi və ideoloji səbatsızlığı gəncləri də öz burulğanına salmışdı. Azərbaycan gəncliyi yeni qazanılmış müstəqilliyimizin gücləndirilməsinə heç cür xidmət göstərə bilmirdi. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşü gənclik enerjisinin məhz Azərbaycanın gələcəyinə və dövlətçiliyimizə xidmətini təmin etdi. Ulu öndərin hələ 1993-cü ilin sentyabrında gənclərlə görüşü gənclərlə işin dövlət siyasətinin prioritet qollarından birinə çevriləcəyini düşünməyə əsas verirdi və belə də oldu. Heydər Əliyevin gənclərə diqqət və qayğını dövlətin əsas fəaliyyət istiqamətlərindən birinə çevirdi və beləliklə, bu gün də layiqincə davam etdirilən dövlət gənclər siyasətinin əsasını qoydu.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başladı. 1996-cı il fevralın 2-də keçirilən I Forumda iştirak edən ulu öndər Heydər Əliyev “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” - deyərək gənclər qarşısında tarixi bir vəzifə qoydu. I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq Heydər Əliyev fevralın 2-ni “Azərbaycan Gənclər Günü” elan etdi.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində hər zaman gənclərə diqqət yetirir, gənclərin dövlətimizin və xalqımızın gələcəyi olacağını vurğulayırdı. Azərbaycanı gəncləşdirmək, müasir mədəniyyətlər səviyyəsinə çatdırmaq onun üçün həyat qayəsinə çevrilmişdi. O, hər zaman milli kadrların hazırlanmasına, gənclərimizin daha yüksək təhsil almasına, dövlətin iqdisadi və siyasi elitası arasında gənclərin xüsusi çəkisinin yüksəlməsinə çalışırdı.

Mənim kimi gənc üçün Heydər Əliyev barədə danışmaq həm böyük məsuliyyət, həm də misilsiz şərəfdir. Çünki bu dahi şəxsiyyətlə dəfələrlə qısa da olsa, ünsiyyət imkanım olub. Əvvəla, onu qeyd edim ki, babam bu dahi şəxsiyyətlə sinif yoldaşı olmuşdu və onunla bağlı çoxsaylı xoş xatirələri vardı. Bu xatirələrin işığında mənim hələ körpəliyimdən Heydər Əliyevə sonsuz sevgim formalaşmışdı. Babam söyləyirdi ki, Heydər Əliyev hələ orta məktəbdə fitri liderlik xüsusiyyətlərinə malik idi və hamını arxasınca aparmaq gücündə idi. Yüksək savadı, böyük istedadı, ən əsası isə himayədarlığı, öyrətmək bacarığı ilə nümunə idi.

Bu dahi şəxsiyyət Naxçıvan Ali Məclisinə sədrlik edərkən, atam da onun yanında çalışırdı. Tez-tez atamın yanına gedir, yaxud Ali Məclisin həyətində dostlarımızla gəzişirdik. Hər dəfə bizi görəndə çağırır, zarafatlaşır, sorğu-suala tuturdu. Dərslərimizlə maraqlanır, bizi yaxşı oxumağa həvəsləndirirdi. Yəni, indi də heyrətlə düşünürük ki, belə böyük məsuliyyətin altında olan, çətin problemlərin həlli ilə bağlı gecəli-gündüzlü çalışan bir insan necə olurdu ki, biz uşaqlarla da söhbətləşməyə vaxt, imkan tapırdı?! Heç unutmuram, bir dəfə atamın yanından çıxanda Heydər Əliyevlə giriş dəhlizində qarşılaşdıq. Uşaq idim deyə, dərhal kənara çəkilib, hətta gizləndim. Gülə-gülə məni yanına çağırdı, qucağına götürdü. Yanında duran ümumi şöbənin rəhbərinə dedi ki: “Bu uşaqlar bizim gələcəyimizdir. Bunları yaxşı yetişdirmək lazımdır”.

Bu sözlər mənim həyatımda unutmayacağım xatirə olaraq qaldı və kiçik yaşlarımdan stimul verdi ki, özümü cəmiyyətə yararlı bir fərd kimi yetişdirim.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətini ötən 15 ildə uğurla davam etdirən Prezident İlham Əliyev bu siyasətin həm də mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib. Hələ 2005-ci il oktyabrın 14-də Azərbaycan gənclərinin IV Forumunda İlham Əliyevin çıxışı dövlət başçısının ulu öndərin ideallarına sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, Azərbaycan hakimiyyətin gənclərlə bağlı dövrün tələblərinə uyğun olaraq siyasət həyata keçirdiyini təsdiqlədi. Bunu təsdiqləyən digər amillər bu illərdə həyata keçirilən dövlət proqramları, gənclərin ali təhsil almaq üçün dünyanın nüfuzlu ali məktəblərinə göndərilməsi, Gənclər Fondunun yaradılması, şəhər və rayonlarda gənclər mərkəzlərinin inşa edilməsi və s. bu kimi faktlardır. Mənzil almaq üçün ipoteka şərtlərinin sadələşdirilməsi, sosial mənzillərin inşası da gənclərə qayğıdan irəli gəlir. Ölkə başçısının 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərdi.

Hazırda Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Gənclər siyasətinin yaratdığı şərait nəticəsində ortaya çıxan imkanlardan bəhrələnən gənclərin böyük qismi Yeni Azərbaycan Partiyasının ətrafında birləşib. YAP üzvü olan gənclər ümummilli lider Heydər Əliyevin ideyalarını fəal şəkildə təbliğ edərək Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Eyni zamanda, YAP-ın Gənclər Birliyi Azərbaycanın bütün sahələrində baş verən proseslərdə ön mövqedə durur. İstər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahələrdə orijinal layihələrlə öz sözünü deyən YAP üzvü olan gənclər dövlətin bizlərə olan diqqət və qayğısının əyani sübutlarını nümayiş etdirirlər.

Azərbaycanda gənc nəslin cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün hər bir şərait yaradılıb. Gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, həmçinin öz məsuliyyətini hiss edir. Biz gənclər göstərilən etimada, diqqət və qayğıya bundan sonra da layiq olmağa çalışacaq, ölkəmizin inkişafına və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrimizi verəcəyik.

 

Əli PƏNAHOV,

Yeni Azərbaycan Partiyası

Gənclər Birliyinin sədr müavini-ofis rəhbəri

 

Azərbaycan.- 2018.- 13 iyun.- S.4.