Parisdə Bakının “Ekspo 2025”ə ev sahibliyinə namizədliyi ilə bağlı mətbuat konfransı keçirilib

 

Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı təqdimatından sonra mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının maliyyə naziri, “Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifov və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakı şəhərinin “Ekspo 2025” sərgisinə namizədliyi ilə bağlı məlumat veriblər.

Samir Şərifov Bakının namizədliyinin Azərbaycan hökuməti və cəmiyyəti tərəfindən tam dəstəkləndiyini söyləyib. O, ziyarətçilər üçün yaradılan şəraitdən, viza rejiminin sadələşdirilməsindən danışıb.

Nazir Ümumdünya Sərgisinin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi kimi milli strategiyaya uyğun gəldiyini bildirib. Qeyd edib ki, sərgi ölkəmizdə turizmin inkişafına da təkan verəcək.

Biz əminik ki, Beynəlxalq Sərgilər Bürosunun son missiyası Bakı şəhərinin “Ekspo 2025” sərgisinə tam hazır olduğunun şahidi olacaq” - deyə S.Şərifov vurğulayıb.

Elçin Əmirbəyov Bakıda “Ekspo 2025” üçün seçilən məkan haqqında məlumat verib. Bildirib ki, sərgi üçün nəzərdə tutulan məkan infrastrukturun inkişafına da töhfə verəcək.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

 

Azərbaycan.- 2018.-15 iyun.- S.10.