Azərbaycan Qarabağa nəzarəti genişləndirir və gücləndirir

 

İşğal edilmiş torpaqlarda strateji yüksəkliklər, yollar və hərbi təyinatlı ərazilər ard-arda Silahlı Qüvvələrimiz tərəfindən geri qaytarılır

 

Azərbaycan Ordusu qısamüddətli hərbi əməliyyatla Şərur rayonu istiqamətində 11 min hektar torpaq sahəsini və Günnüt kəndini işğalçılardan azad etməklə düşmənə yenidən öz gücünü göstərdi.

Digər strateji əhəmiyyətli yüksəklikləri də ələ keçirməklə ordumuz indi Yerevan-Gorus-Laçın yoluna tam nəzarət edir. Strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır. Naxçıvanın itirilmiş ərazilərinin geri qaytarılması həm də Azərbaycan Ordusunun yeni döyüş yüksəkliklərinə sahiblənməsi prosesini təmin edir. Bununla Azərbaycan dünyaya sübut edir ki, biz öz tarixi torpaqlarımızı mütləq geri qaytaracağıq. Belə vəziyyət isə erməniləri daha çox qorxudur.

 

Laçın yolu artıq nəzarətdədir

 

İşğalçı ölkə növbəti ağır məğlubiyyətinə müxtəlif bəhanələrlə bəraət qazandırmaq istəyir. Amma erməni cəmiyyəti, hadisələri ayıq başla qiymətləndirən ermənilər sarsıdıcı məğlubiyyətlərini görür, etiraf edirlər. Xatırlatmaq yerinə düşərdi ki, Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına imkan verib. Günnüt kəndi 26 ildən sonra ordumuz tərəfindən azad olunub. Ən vacibi Laçın yolu nəzarətə götürülüb.

İşğaldan azad edilən mühüm obyektlərdən biri Sovetlər Birliyi dönəmində Sədərək rayonunun Heydərabad qəsəbəsində fəaliyyət göstərən şərab zavodudur. Ordumuzun şəxsi heyəti həmin ərazini düşmən qüvvələrindən təmizləyərək strateji mövqelərdə postlar qurublar. Artıq əraziyə əsgərlərimiz nəzarət edirlər. Şərab zavodu və onun ətrafına ermənilər yüzlərlə mina basdırıblar. Hazırda ərazidə minatəmizləmə işləri həyata keçirilir və tam yararsız vəziyyətə salınan şərab zavodu tullantılardan təmizlənir.

 

Əsgər payı ilə varlanan cinayətkar rejim

 

Bütün bunlar həm də işğalçı ölkənin daxilində çəkişmələrin geniş vüsət aldığı bir vaxta təsadüf edir. Belə ki, Ermənistanın müdafiə nazirinin keçmiş müavini, parlamentin deputatı, Qarabağda qəddarlığı ilə tanınan Manvel Qriqoryan ətrafında baş verənlər Ermənistanda vəziyyətin getdikcə daha gərgin xarakter almaqda olduğunu göstərir. Onun ifşa olunan cinayətləri ermənilərin özlərində də heyrət doğurub. Azərbaycanlıların qanına susayıb onları gülləbaran edən bu adam öz əsgərlərinin də malına susayıb onlara ayrılan azuqələri mənimsəyib, bazarda satdıraraq özü üçün milyonlar əldə edib. Ermənistanda hamı bilir ki, Serj Sarkisyanın komandasında cinayət törətməyən məmur yoxdur. Çünki onun idarəetmə sistemi bütünlüklə korrupsiyalaşmış dəstədən ibarət idi.

Böyük vədlərlə hakimiyyətə gələn baş nazir Paşinyan isə ölkəni böhrandan qurtarmaq iqtidarında deyil. Siyasi savadı və dünyagörüşü ona imkan vermir ki, ölkəni acınacaqlı vəziyyətdən çıxarmağın həqiqi yollarını, iqtisadi-siyasi problemlərin həllini tapsın. Buna görə də köhnələrin iç üzünü açmaqla cəmiyyəti ələ almağı düşünür. Lakin bununla əksinqilab havasını gücləndirir.

 

Erməni generalları heyvanları insanlardan üstün tuturlar

 

Məlumat üçün bildirək ki, Yerevan məhkəməsi artıq qanunsuz silah saxlamaqda və başqasının əmlakını mənimsəməkdə ittiham olunan Manvel Qriqoryanı həbs edib. Ermənistan parlamenti də deputat Qriqoryana qarşı cinayət təqibinə başlamağa icazə verib.

Qeyd edək ki, bu günlərdə Ermənistan Milli Təhlükəsizlik Xidməti Manvel Qriqoryanın malikanəsində aparılmış axtarışa dair maraqlı videokadrlar yayıb. Burada Qriqoryanın 2016-cı ilin aprel döyüşləri zamanı Qarabağda erməni əsgərlərinə göndərilən ərzaq yardımlarını, o cümlədən Rusiya ermənilərinin göndərdiyi avtomobil texnikasını da talayıb anbarlarına yığdığı əks olunur. Milli Təhlükəsizlik Xidməti bildirir ki, general istirahət zonasını silah anbarına, onlarla retro və müasir avtomobilin, çoxsaylı motosikllərin, qarda özüyeriyən maşınların, Qarabağa göndərilmək üçün nəzərdə tutulan UAZ və təcili yardım avtomobillərinin qarajına çevirib. Axtarış zamanı M.Qriqoryanın malikanəsinin anbarlarından əsgər paylarının qablaşdırıldığı çoxsaylı qutular tapılıb. Qutuların içərisinə qoyulan məktublardan bəlli olur ki, onları 2016-cı ilin aprel döyüşləri zamanı erməni məktəbliləri toplayıb və Qarabağa göndərmək üçün onun başçılıq etdiyi “Yerkrapa” könüllülər birliyinə təhvil veriblər. Lakin general bu əsgər paylarını anbarlarına yığıb və onları şəxsi zooparkındakı yırtıcılara - ayılara, pələnglərə yedirdirmiş. Yəni heyvanları insanlardan üstün tuturmuş.

 

Tank əleyhinə minalar, əl qumbaraları, pulemyotlar oğurlanıb

 

Bağlamaların içərisindən əsgərlər üçün nəzərdə tutulan mal əti konservləri, qatılaşdırılmış süd, makaron, vermişel, tomat pastası, gigiyena vasitələri çıxıb. Qriqoryanın anbarlarından Müdafiə Nazirliyinin hazırladığı və satış üçün nəzərdə tutulmayan əsgər payları da tapılıb. Manvelin Arşaluys kəndindəki istirahət məkanından 18 tank əleyhinə mina, onlarla əl qumbarası, on minlərlə pulemyot və avtomat patronu, çoxsaylı qumbaraatan və onlara aid sursat, müxtəlif markalı 39 pistolet, snayper tüfəngləri, müxtəlif tipli karabinlər və digər silah-sursat tapılıb.

Ermənistanın baş naziri Nikol Paşinyan da məsələyə münasibət bildirib: “Əsaslı şübhələr var ki, Qriqoryan həm Qarabağ əhalisi, həm erməni ordusu üçün nəzərdə tutulmuş humanitar yardımları mənimsəyib. Manvel Qriqoryanın evində və ona məxsus ərazilərdə aparılmış axtarışlar bu şübhələri təsdiqləyir”. Onun sözlərinə görə, ciddi şübhələr var ki, Manvel ordu üçün nəzərdə tutulmuş texnikanı, əsasən maşınları da mənimsəyib.

 

Oğurlanan əsgər paylarının bir hissəsi Qarabağda gizlədilib

 

Qriqoryanın “Əsgər payı” adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlətdiyi məlum olub. Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi bəyan edib ki, iyunun 20-də Dağlıq Qarabağda Qriqoryanın zəbt etdiyi “Ara ler” adlandırılan ərazidə axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində həmin yerdən ət konserv bankaları ilə yanaşı, satış üçün nəzərdə tutulmayan başqa ərzaq məhsulları və mallar aşkarlanıb.

Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan əsgərlər üçün nəzərdə tutulan 3 minə yaxın ət konserv bankasını gizlətməyə cəhd edib. Bildirilir ki, polis konservi avtomobildə axtarış aparan zaman aşkarlayıb. Avtomobildən “Satış üçün deyil, əsgər yeməyidir” yazılmış bankalar götürülüb. Həmin yük avtomobilinin sürücüsü də tutulub. Məlum olub ki, içərisində 2980 banka olan yük avtomobili keçmiş nazir müavininin həyat yoldaşı Nazik Amiryanın tapşırığı əsasında hərəkət edirmiş.

 

“Tuşonka” Manvel

 

Ermənistan parlamentinin üzvü Seyran Saroyan bildirir ki, əsgərdən oğurluq edən cəzalanacaq, prokuror tərəfindən olmasa da, Allah tərəfindən... Onun sözlərinə görə, generalın malikanəsindən silah tapılmasını birtəhər başa düşə bilər, amma əsgərlər üçün nəzərdə tutulmuş ərzağın aşkarlanmasını izah edə bilmir: “Qəhrəmandan “tuşonka” oğrusuna qədər necə enmək olardı axı? Nəyi çatışmırdı ki?” Qriqoryanın öz adını təmizə çıxaracağı ilə bağlı dediyi sözləri şərh edərkən Saroyan deyib ki, bu barədə danışmaq mənasızdır: “Hansı ad? Nə deyə bilər? Bu məktublara necə cavab verə bilər? Heç bir şərəfdən söhbət belə gedə bilməz”.

Erməni ekspert Yuri Manvelyan qeyd edir ki, Qriqoryan karyerasını müharibədə qurub: “Və onun bütün sərvətləri, zənginliyi Qarabağda, müharibə gedən ərazilərdə törətdiyi qarətlərdən qaynaqlanır”. Qeyd edək ki, Qriqoryan Xocalı soyqırımının törədilməsi, Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib. Hələ 2014-cü ilin noyabrında “Azadlıq” radiosunun erməni bürosuna verdiyi müsahibəsində o, Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə və “fəxrlə” bəyan etmişdi.

Bu etirafına görə hətta erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunan və bu kimi əməlləri ilə Cenevrə konvensiyalarının pozulmasında ittiham olunan Manvel Qriqoryan həqarətlə Cenevrə konvensiyaları filan tanımadığını bəyan etmişdi. Ermənistanın milli “qəhrəmanı” olan bu şəxs bu kimi açıqlamalarından sonra da Ermənistanın Respublika partiyasının imtiyazlı üzvü kimi fəaliyyətini davam etdirmişdi.

 

Qarət və varlanmaq naminə müharibə aparanlar

 

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov bildirib ki, Azərbaycan ərazilərində hərbi cinayətlər törətmiş Manvel Qriqoryanın Qarabağa əsgərlərə göndərilmək üçün məktəblilərin topladıqları ərzağı daşıyıb öz evinə yığmasını görəndə bundan təəccüblənməyib: “Mən bu rüsvayçılığı izlədim. Qarabağda azərbaycanlı qadınlara, uşaqlara, qocalara qarşı xüsusi vəhşiliyi ilə ad çıxarmış birindən başqa nə gözləyirdiniz? Hərbçi kimi mən gördüklərimdən heyrətə gəldim: əsgərlərə göndərilmək üçün məktəblilərin topladığı ərzaq bağlamaları, onların içərisindən tapılan və uşaqların yazdığı məktublar - bunlara necə izah vermək olar? O, insan deyil, mən ona insan deməzdim. Bu adamın Qarabağda hansı vəhşiliklər törətdiyi bizə yaxşı məlumdur, indi erməni xalqı ondan başqa nə gözləyirdi ki? Manvel və onun kimiləri qəhrəman deyil, onlar erməni xalqının bədbəxtliyinin baiskarlarıdır. Bu adamlar müharibəni də qarət naminə, varlanmaq naminə aparıblar”.

Belə bir gərgin ictimai-siyasi və iqtisadi fonda Paşinyanın Sarkisyanın silahdaşlarını həbsə atdırması parçalanmış erməni cəmiyyətində ziddiyyətləri daha da dərinləşdirəcək. Bu isə ölkəni yeni qarşıdurmaya sürükləyir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.-22 iyun.- S.1; 4.