TANAP - dostların qalibiyyət, rəqiblərin məğlubiyyət kimi qəbul etdiyi layihə

 

TANAP qaz kəmərinin açılışından müəyyən vaxt keçsə də, bu mövzu dünya mətbuatının gündəmindən düşmür və müxtəlif ölkələrin ekspertləri, politoloqları, iqtisadçıları öz dəyərləndirmələrində bəzən eyni, bəzən fərqli, bəzən də əks-qütblü mövqelərini ortaya qoyurlar.

Mürəkkəb diplomatik gedişləri şərh etməkdən vaz keçərək sadə dillə baş verənləri şərh etsək, onu deyə bilərik ki, müttəfiqlərimiz TANAP-ın işə salınmasını Azərbaycanın zəfəri, bu layihədən ehtiyatlanan, ona qısqanclıqla yanaşan rəqiblərimiz isə onu qəfil zərbə kimi qəbul edirlər.

Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq regionda maraqları ciddi toqquşan superdövlətləri əməkdaşlığa dəvət edərək tərəfdaşa çevirə bilib. “Cənub qaz dəhlizi” isə nəinki ölkəmizin və regionun, eləcə də dünyanın enerji təhlükəsizliyində rol oynayan ən vacib elementlərindən biridir. Azərbaycan başlanğıcda istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında harmonik və hamının maraqlarını təmin edən balans yarada bilib. “Cənub qaz dəhlizi”nin keçdiyi ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarına çevrilib, Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlığın yeni üfüqləri açılıb.

Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev məhz bu məqamlara toxunmuşdur: “Cənub qaz dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. “Cənub qaz dəhlizi”nin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. “Cənub qaz dəhlizi” vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. “Cənub qaz dəhlizi” həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir”.

İndi isə keçək bu tarixi hadisəyə münasibət bildirən rus mətbuatının yazdıqlarına. Qonşu ölkənin mətbuatında geniş araşdırılan mövzulardan biri Azərbaycanın Rusiya qazını əvəz edə bilməsi ilə bağlı müzakirələrdir. Rusiyalı ekspetlər yaxşı bilirlər ki, şimal qonşusu ilə rəqiblik Azərbaycanda heç vaxt müzakirə mövzusu olmamışdır. Amma o da reallıqdır ki, Avropa belə hesab edir ki, “qoca qitə” ölkələrinə minimum 3 mənbədən qaz daxil olmalıdır. Qaz idxalında monopoliyanın qarşısının alınması üçün bu, zəruri şərtdir. Artıq Avropa İttifaqına ABŞ-dan da tankerlərlə sıxılmış qaz daşınır. Rusiya Federasiyasından isə “Şimal axını-1” qaz kəməri çəkilmiş və “Şimal axını-2”-yə start verilmişdir. Ötən ilQazpromAvropa ölkələrinə 194,4 milyard kubmetr qaz nəql etmişdir ki, bunun da təxminən 81 faizi Qərbi, 19 faizi isə mərkəzi Avropa ölkələrinin payına düşür.

Bu rəqəmlər onu deməyə əsas verir ki, Azərbaycanın qaz nəqlində Rusiyaya rəqib ola bilməsi hətta istəsə belə, mümkün deyil, digər tərəfdən, bunun marağında olan da yoxdur.

Rusiya mətbuatında Azərbaycan ara-sıra rəqib kimi nəzərdən keçirilsə də, bəlli olan odur ki, ölkəmiz hər zaman milli maraqlardan çıxış edərək balanslaşdırılmış siyasət yeridir.

Bu gün Avropa İttifaqı istehlak etdiyi neftin 89, qazın isə 69 faizini xaricdən alır. Əsas ixracatçılar Rusiya, Norveç və Əlcəzairdir. Ammayeni ixracatçıların, yeni marşrutların açılmasında maraqlıdır. Azərbaycan olsa da, olmasa da başqa tərəfdaşlar axtarılır.

Moskvalı politoloq Stanislav TarasovRegnium” saytında “Ərdoğan, Əliyev və Paraşenko TANAP qaz kəmərini Rusiyadan yan keçərək açdılar” sərlövhəli məqaləsində bir daha erməni təbliğat maşınının Rusiyada bərkgedən carçılarından olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxır. Müəllif belə hesab edir ki, Amerika, Avropa və Bakı politoloqları Azərbaycanın “Cənub qaz dəhlizi”nin Avropanın enerji təlükəsizliyini təmin edən Rusiya qazına yeganə alternativ kimi təqdim edirlər. Ancaq “Cənub qaz dəhlizi”nin Rusiyanın “Cənub axınına” rəqib olması obyektiv səbəblərdən mümkün deyil. Tarasov kalkulyatoru götürüb hesablayır ki, Avropa İttifaqının 600 milyard kubmetrlik qaz sərfiyyatının 37 faizini, Türkiyənin isə 50 milyard kubmetrlik tələbatının tən yarısını Rusiya ödəyir. Beləliklə, Azərbaycanın 16 milyard kubmetrlik qazını Rusiyanın 193 milyardı ilə müqayisə etmək mümkün deyil. Dediklərini bu minvalla inkar edən Tarasovla razılaşmaq da olar. Amma müəllif Azərbaycan, Türkiyə və Ukrayna üçlüyünü Rusiyadan yan keçməkdə ittiham etməklə erməni dəyirmanına su tökür.

Əslində, Stanislav Tarasov Rusiya politoloqları arasında erməni maraqlarına xidmət etməkdə bütün məntiqi addımları məntiqsiz sonluğa yönəltməkdə ifrata varan unikal politoloqdur. Maraqlısı odur ki, həmyerlimizdir. Azərbaycan dilini mükəmməl bilir. Bu azmış kimi, türk dilində də bir neçə ləhcədə sərbəst danışır. Həmyerlimizin erməni sevdası isə təəccüb doğurmalı deyil. Çünki məşhur Moskva politoloqlarından biri erməni diasporunun onun çörək ağacı olduğunu qeyd edir. Tarasov da iştahasına xəyanət edənlərdən deyil.

Rusiyalı başqa bir analitik Marina Lapenko isə belə hesab edir ki, TANAP-ı Rusiyanın heç bir layihəsinə rəqib saymaq mümkün deyil. İxracın həcmi, Avropanın qaza olan ehtiyacı, qaz kəmərlərinin doldurulması, rentabelliyibir sıra ciddi faktorlar bu layihələrin rəqib olmadığını təsdiq edir. Sadəcə, Rusiya və Azərbaycan üçün sərfəli olardı ki, ixrac edilən qazın həcmi və qiymətlər barədə razılığa gəlsinlər. Tərəfdaşların sualları varonlardan biri belədir: İran və Türkmənistanı əməkdaşlığa necə cəlb etmək olar? Lakin istənilən variantda qarşıdurmalardan əməkdaşlığın şansları daha üstündür. Rusiya artıq “Şahdəniz-2” layihəsində iştirak edir. Ona görə də TANAP-ı Rusiyadan yan keçən layihə kimi qiymətləndirmək mümkün deyil.

Amma Tarasovdan daha məzəli mövqeni erməni politoloqları nümayiş etdirirlər. Yerevanlı ekspertlər barmaq silkələyirlər ki, TANAP qaz kəməri işə düşəndən sonra Azərbaycan tərəfi suyu da üfürə-üfürə içməli və nəzərə almalıdır ki, qaz kəmərləri işğal edilmiş Azərbaycan ərazilərinin 30 kilometrliyindən keçir. Bu zaman erməni politoloqları unudurlar ki, bu şəbəkənin sahibkarları Azərbaycandan başqa Türkiyə, ABŞ, Rusiya, İtaliya, Fransas. ölkələrdir. Avropanın qazla təchizatı isə bütün dünya üçün önəmlidir. Deməli, bu gün Azərbaycanı hədələmək dünyanı hədələməyə bərabərdir.

Elə bu ərəfədə Naxçıvanda qoşunlarımızın irəliləməsini və 11 min hektar sahədə əraziyə nəzarəti bərpa etməsini, Ermənistandan Qarabağa gedən avtomobil yolunu nişangaha almasını erməni hədələrinə verilən lakonik cavab kimisaymaq olar. TANAP-ın işə düşməsi heço demək deyil ki, Azərbaycan işğal altında yatan torpaqların azad edilməsindən vaz keçəcək. Əksinə, yerevanlı ekspertlər bizdən daha yaxşı bilirlər ki, Azərbaycanın qaz kəmərləri strukturlarına “üf” belə demək işğalçı rejimə təsəvvür etdiyindən qat-qat baha başa gələ bilər. Əslində, Azərbaycan Ordusunun 11 min hektarlıq ərazini göz qırpımında geri qaytararaq nəzarətə alması işğalçı rejimə verilən sərt mesajdır. Odur ki, ermənilər nə qədər tez bunu başa düşsələr, o qədər də başları az ağrıyacaq.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 24 iyun.- S.1; 4.