Azərbaycan statusunu dəyişir

 

Köhnə neft diyarı yeni məhsullar ixracatçısına çevrilir

 

Neftin qiyməti proqnozlaşdırıldığından xeyli yüksək səviyyədə - bareli 70-80 dollar civarında sabitləşsə də, Azərbaycanda neft erası başa çatıb. Əvvəla, ona görə ki, iqtisadiyyatın neft üzərində köklənməsinin etibarsız olduğunu keçmiş və müasir tarix çoxdan sübut edib, həm də dəfələrlə.

İkincisi də, Azərbaycan məhz bu amildən vaxtında dərs götürərək qeyri-neft sektorunun inkişafı üçün görülən tədbirlər hesabına neftə köməkçi vasitə kimi stavka etməyə başlayıb və bu istiqamətdə həyata keçirilən tədbirlər, islahatlar xeyli vaxtdır real nəticələr verir.

Bir vaxtlar ən adi ərzaq məhsullarını və sənaye mallarını idxal edən ölkəmiz indi nəinki bu anormal vəziyyəti sürətlə aradan qaldırır, hətta ilbəil deyil, aybaay öz ixrac çeşidini və həcmini artırır. Özü də bu zaman diqqətçəkən məqam odur ki, artıq Azərbaycan dünya birjalarında təkcə neft-qaz ixracatçısı kimi çıxış etmir. Hazırda ölkəmizin ixracatının sırasında elektrik enerjisi, tikinti materialları, mebel, pambıq lifi və ipliyi, kimya sənayesi və kənd təsərrüfatı məhsulları, alkoqollu və alkoqolsuz içkilər, bitki yağları, meyvə və tərəvəz konservləri, alüminium və qara metaldan hazırlanmış məmulatlar və s. kimi mallar var. Azərbaycanın ixrac coğrafiyası da kifayət qədər genişdir. Bu gün "Made in Azerbaijan" brendi ilə dünyanın 94 ölkəsinə məhsul göndərilir.

Azərbaycan indi həm də xarici ticarətdə müsbət saldoya malik azsaylı ölkələrdən biridir. Statistikaya nəzər salaq: son məlumata görə, cari ilin 4 ayı ərzində Azərbaycan 6,2 milyard dollarlıqdan çox məhsul ixrac etmişdir. Bu, 3,06 milyard dollarlıq idxalın fonunda baş vermişdir. Nəticədə 3,2 milyard dollarlıqdan artıq müsbət ticarət saldosu yaranmışdır ki, bu da hazırkı dövr və Azərbaycan kimi kiçik ölkə üçün diqqətçəkən göstəricidir.

Düzdür, ixracda hələ də xam neft və neft məhsullarının çəkisi üstündür. Bu da təbiidir. Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malik ölkə olaraq qalır. Amma o da faktdır ki, qeyri-neft məhsullarının ixracının artımı getdikcə sürətlənir və bu, yaxın vaxtlarda olmasa da, yaxın gələcəkdə həmin balansın arasındakı fərqin minimuma enəcəyinə şübhə yeri qoymur. Bunu son rəqəmlər də təsdiqləyir: Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel ayları ərzində qeyri-neft məhsullarının ixracı ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 19,3, real ifadədə 11,4 faiz artmışdır. Bu artımın arxasında isə 485,3 milyon dollarlıq qeyri-neft məhsulları durur. Sözügedən dövrdə kartof ixracı 2,5, təbii üzüm şərabları və üzüm suslosunun ixracı 2,4 dəfə, meyvə ixracı 60,7, meyvə və tərəvəz şirələrinin ixracı 16,2, konservlərin ixracı isə 24,3, marqarinin ixracı 6, polietilenin ixracı 9,6, emal olunmuş alüminiumun ixracı 9,1, qara metal borularının ixracı 19, pambıq ipliyinin ixracı 32,2, bektonit gilinin ixracı 19,8 faiz artmışdır.

Bu yerdə digər maraqlı fakta nəzər salmaq yerinə düşər: hesabat dövründə Azərbaycana idxal olunmuş bir sıra məhsul və mallar üzrə azalma qeydə alınmışdır. Məsələn, 4 ay ərzində kərə yağı, digər süd yağları və pastaları - 18,1, kartof - 11,6, quş əti - 13,3, xam şəkər və şəkər - 81,3, mal əti - 17,3, təzə tərəvəz - 51,9 faiz azalmışdır ki, bu da, sözsüz, daxili istehsalın artması ilə birbaşa bağlıdır.

Əslində, ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən tədbir və islahatların əsas hədəfi də bu idi - strateji ərzaq məhsulları üzrə idxaldan azad olmaq. İndi biz bu hədəfə xeyli yaxınlaşmışıq - taxılı nəzərə almasaq, bir çox mühüm kənd təsərrüfatı məhsulları ilə daxili tələbat ya tam, ya da 70-90 faiz civarında yerli istehsal hesabına təmin olunur. Nəzərə alsaq ki, sonuncu prezident seçkilərindən sonra formalaşan yeni hökumətdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə cavan, kreativ kadrlar cəlb olunub, onda qalan kəsirlərin də tezliklə aradan qalxacağını ehtimal etmək mümkündür.

Ümumiyyətlə, müasir dünyada iki sahənin təhlükəsizliyinin təminatı bütün ölkələrin qarşısında duran ən vacib məsələdir. Bunlardan biri enerji, digəri isə ərzaq təhlükəsizliyidir. Çox şükürlər olsun ki, bu gün Azərbaycanın enerji təhlükəsizliyinin təminatı sarıdan problemi yoxdur. Tanrının səxavəti və ölkə rəhbərliyinin praqmatik siyasəti nəticəsində bu sahədə nəinki özümüzün təhlükəsizliyini təmin etmişik, eləcə də yerləşdiyimiz regionun və Avropanın enerji probleminin həllində iştirakçıya çevrilmişik. Artıq neçə illərdir fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft kəməri, bu günlər bir hissəsi fəaliyyətə başlamış “Cənub qaz dəhlizi” Avropanın etibarlı alternativ enerji mənbəyidir.

İndi Azərbaycanın elektrik enerjisi sarıdan da korluğu yoxdur. Cəmi 20-25 il əvvəl bütün ərazisi boyu qrafiklə işıqlandırılan, sərhəd bölgələrininsə qonşu dövlətlərdən alınan enerjidən asılı olan Azərbaycan hazırda özü xaricə elektrik enerjisi ixrac edir. İşığın qrafiklə verilməsi isə çoxdan yaddan çıxıb. Üstəlik, ölkənin 90 faizdən çox yaşayış məntəqələri qazlaşdırılıb. Gəlin razılaşaq ki, hətta Rusiya kimi zəngin təbii qaz və neft ehtiyatı olan ölkə bu reallığa həsəd apara bilər.

Deməli, növbəti hədəf ərzaq təhlükəsizliyinin təminatı məsələsidir ki, tezliklə bunun da öhdəsindən gəlinəcəyinə şübhə etməyə əsas yoxdur. İndi Azərbaycan dünyada aqrar sektora ən çox güzəşt tətbiq edən və sərmayə qoyan ölkələrdən sayılır. Dövlət səviyyəsində kənd təsərrüfatının inkişafı üçün hətta bəzən bazar iqtisadiyyatının yazılmış və yazılmamış sərt qaydalarına zidd qərarlar qəbul olunur, onların icrası üçün vəsait sarıdan heç bir xəsislik edilmir.

Bu gün iş bacaran fermer üçün bəlkə də Azərbaycan kəndi qədər münbit şərait yaradılan ikinci bir ölkə yoxdur. Fermerə nə lazımdır? Torpaq - buyur, güzəştli vəsait - problem yoxdur, texnika - ən müasirini həm icarəyə götürə, həm də lizinq yolu ilə ala bilərsən, məhsuldar toxum, yaxud damazlıq heyvan - onun qayğısına hökumət qalır, vergi - hamısından azadsan, satış məsələsi - tam sərbəstlikdir. Bütün bunlardan sonra kim şikayət edirsə, kim deyinirsə, bu, ancaq özünü işə vermək istəməyənlərin bəhanəsidir. Bəhanəyə isə bəraət yoxdur. Və nə yaxşı ki, indi kəndlərimizdə bunu başa düşənlərin sayı getdikcə artır. Artırsa, deməli, ərzaq təhlükəsizliyimizin də tezliklə yerli istehsal hesabına tam və etibarlı təmin olunacağı günə çox qalmayıb. Bu isə həm də köhnə neft diyarının dünya bazarlarına yeni məhsullar çıxaracağına təminat verir.

 

Raqif MƏMMƏDOV

 

Azərbaycan.- 2018.- 24 iyun.- S.1; 4.