Bakı möhtəşəm hərbi parada hazırlaşır

 

Hərbi helekopterlərin, qırıcı təyyarələrin uğultusu buludları belə, səksəndirir. Gözlər həyəcanla Vətənin səmasına dikilir.

... baxışlardan sonsuz sevgi, sevinc, qürur oxunur. Könüllər riqqətə gəlir. Çünki bu bizim - Azərbaycanımızın ordusudur! Ordu yalnız döyüş, müharibə deyil, həm sülh, əmin-amanlıq deməkdir. Ordu xalqın, dövlətin güvənci, dincliyi, rahatlığıdır. Ordu birlikdir, gücdür, qüdrətdir. Bu gün Azərbaycan belə möhtəşəm qüvvəyə, yenilməz orduya malikdir.

Neçə gündür təlimlər davam edir. Azərbaycan Silahlı Qüvvələrinin iyunun 26-da Azadlıq meydanında keçiriləcək hərbi paradına hazırlıq görülür.

Təqvimimizdəki bayram günləri bu il bir az da fərqlidir. Bu ilki hərbi parad da dövlətimizin bir əsrlik tarixinin yekunu, yeni şanlı səhifələrinin başlanğıcı kimi görünür. Cümhuriyyət ilində Azərbaycan Ordusunun da yaradılmasının 100 illiyi qeyd olunur. Ölkə vətəndaşları bu böyük bayramın coşqusu içindədirlər.

Həmin gün respublikamız bütün dünyaya Silahlı Qüvvələrimizin indiyədək əldə etdiyi nəticəni göstərəcək. Azərbaycan öz Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri Hərbi Hava Qüvvələrinin gücü ilə ölkəmizin yenilməzliyinə dostlarını da, düşmənlərini bir daha əmin edəcək. Paradda ordumuzun ən müasir silah texnikaları nümayiş olunacaq.

Bu möhtəşəm günlərdə arzularımız, ümidlərimiz bayram ovqatına bürünür. Ordumuzun gücü inamımızı, ümidlərimizi qanadlandırır. Belə qüdrətli ordusu olan xalqın torpaqları işğalda qalmayacaq. Düşməni lərzəyə salan yenilməz Azərbaycan Ordusu tezliklə əsirlikdən azad edəcəyi ərazilərimizə zəfər yürüşünü bayram edəcək!

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 24 iyun.- S.1.