Cənubi Qafqazın ən böyük hərbi gücü

 

Ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycan Silahlı Qüvvələri 100-cü ildönümünü yüksək nailiyyətlərlə qarşılayır

 

Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna daim böyük önəm vermiş ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib.

Artıq 20 ildir ki, bu tarix respublikamızda ümumxalq bayramı kimi dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilir. Bu gün bayramdır. Eyni zamanda bu gün Cənubi Qafqazın ən böyük hərbi gücü olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü yubileyidir.

Güclü dövlətin təməl prinsiplərindən biri ordudur. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Silahlı Qüvvələridir.

Heydər Əliyev görkəmli dövlət xadimi, dahi siyasətçi olmaqla yanaşı, həm də uzun illər təhlükəsizlik orqanlarında çalışmış, general rütbəsinə və ali vəzifəyə qədər yüksəlmiş peşəkar hərbçi idi. Elə buna görə də əsasını qoyduğu ordu quruculuğunun mühüm cəhəti bütün işlərin peşəkarlıqla həyata keçirilməsi idi. Təsadüfi deyil ki, AXC iqtidarı və ondan əvvəlki dövrdə yaradılmış və daha çox ayrı-ayrı şəxslərin, siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələr buraxılmaqla başlanan ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı.

Başlanğıcını 1993-cü il noyabrın 2-dən - ulu öndərin xalqa müraciətindən götürən ordu quruculuğunun ilkin çağlarında yeni yaradılan hərbi birləşmələr Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar. Həm də 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər.

Heydər Əliyevin 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xitabən dediyi: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır” sözlərini unutmayan, ulu öndərin bu xeyir-duasından ruhlanan zabitlərimiz, əsgərlərimiz, gizirlərimiz və çavuşlarımız o dövrdə sinələrini düşmən pulemyotunun qarşısına verməklə, əllərində qumbara tankların altına atılmaqla əsl şücaət göstərdilər.

1994-cü il mayın 12-də atəşkəs elan ediləndən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələdir. Azərbaycanda o zaman hərbi məktəb olsa da, müasir çağırışlar nəzərə alınaraq 1997-ci ildən ulu öndərin adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı, burada hərb elminin dünyanın ən qabaqcıl standartları tətbiq edilməklə tədrisinə başlanıldı. 2001-ci ildən bu məktəb Azərbaycan Ordusunu müasir standartlara uyğun yeni proqram əsasında hazırlanmış zabitlərlə təmin edir. Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi, hərbi tibb məktəbi Silahlı Qüvvələrimizin strukturuna daxil olan müxtəlif qoşun növlərini peşəkar hərbi kadrlarla təmin, hərbçilərin peşəkarlıqlarını artırmaq üçün hər bir imkana malikdir.

Heydər Əliyevin ordu quruculuğu sahəsində əsasını qoyduğu strategiya onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyata mütənasib güclü ordu formulu ötən 15 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən biri kimi diqqəti cəlb edir. Bu, bir həqiqətdir ki, ölkəmizin ildən-ilə artan iqtisadi inkişaf tempi silahlı qüvvələrimizin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiqliyini təsdiq edir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Hələ 2007-ci ildən dövlət büdcəsindən müdafiə məqsədləri üçün ayrılan vəsait 1 milyard dolları ötüb. Hazırda isə bu vəsait milyardlarla dollar səviyyəsində ölçülür. Həmin vəsait hesabına Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr alınır, ən müasir silah-sursat ordunun arsenalına daxil edilir, hərbi hissələrdə komplektləşdirilmiş silah-sursat, texnika daha müasirləri ilə əvəz olunur.

2014-cü ilin avqust hadisələri, 2016-cı ilin aprel döyüşləri və nəhayət, bu il Naxçıvanda Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqidir. Son iki döyüşdə ordumuz əlverişsiz mövqelərdən çıxaraq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

Hazırda Azərbaycanda dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları silahlar var. Bunun nəticəsidir ki, Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Həmçinin beynəlxalq reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır.

Fərəhlisi odur ki, Azərbaycanın hərbi sənaye kompleksi də formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.

Ordu quruculuğunun dünya standartlarına uyğun həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını dövlətin prioritet vəzifələr kimi müəyyənləşdirməsi ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Çünki ordu məsələlərinə yüksək diqqət Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir. Ermənistan hakimyyətində də bunu yaxşı anlayır və təlaş keçirirlər.

Qarşıda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrin daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. İndiyədək keçirilmiş hərbi paradlar və döyüş əməliyyatları Silahlı Qüvvələrimizin həm gücünü, həm də modernləşdiyini göstərib. Ordumuzun yaranmasının 100 illiyi münasibətilə bu gün keçiriləcək parad isə Azərbaycan Silahlı Qüvvələrinin hansı gücə malik olduğunu, dünyanın qüdrətli ordularının reytinqdə təsadüfən yer almadığını nümayiş etidərəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 26 iyun.- S.1; 6.