Dilarə Seyidzadə: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd edilməsi mühüm siyasi-elmi əhəmiyyət daşıyır”

 

Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsimövzusunda Gəncə şəhərində keçirilən beynəlxalq elmi-praktik konfrans işini bölmə iclaslarında davam etdirib.

Birinci bölmə üzrə elmi məruzələr hazırda Azərbaycan Dövlət Aqrar Universitetin əsas binası olan, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk iclaslarının keçirildiyi məkanda dinlənilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi şəraitadlı birinci bölmə öz işinə tarix üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Xalq Cümhuriyyəti tarixi problemini milli tarixşünaslığımıza gətirən görkəmli alim, Prezident Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadənin sədrliyi ilə başlayıb.

Professor Dilarə Seyidzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin ölkəmizdə geniş qeyd edilməsinin mühüm siyasi və elmi əhəmiyyət daşıdığını deyib. Onun cümhuriyyət dövrünə aid ilk dəfə səsləndirdiyi bir çox tarixi faktlar bölmə iclasında iştirak edən alimlər və tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanıb.

Dilarə Seyidzadə diqqətə çatdırıb ki, Şimali Azərbaycanın 1828-ci il Türkmənçay müqaviləsi ilə çar Rusiyasına ilhaq edilməsindən sonra azərbaycanlıların etnik və dini mənsubiyyətinə görə hərb işindən kənarda saxlanması bir çox zadəgan ailələrindən olan gənclərin əsasən hüquq təhsilinə meyillənməsinə gətirib çıxardı. İmperiyanın bu siyasəti nəticəsində sonrakı dövrlərdə Azərbaycanda hüquq elminə dərindən yiyələnən ziyalı nəsli yetişdi.

XX əsrin ilk illərindən başlayaraq Rusiya Dövlət Dumasında cəsarətli çıxışlar edən, çarizmin milli müstəmləkə siyasətini kəskin tənqid edən İsmayıl xan Ziyadxanov, Əlimərdan bəy Topçubaşov kimi ziyalılar, eləcə də imperiyanın hüquq məhkəmə sistemində çalışan və böyük təcrübə toplamış görkəmli şəxslər sonradan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük xidmətlər göstərdilər.

Professor Dilarə Seyidzadə vurğulayıb ki, hüquq elminə dərindən bələd olan Əlimərdan bəy Topçubaşov kimi milli ziyalılarımızın siyasi fəaliyyəti yalnız Azərbaycanın deyil, həm də Rusiya imperiyasında yaşayan bütün müsəlman və türkdilli xalqların milli oyanışında və inkişafında, onların siyasi cəhətdən maariflənməsində böyük rol oynadı.

Alim XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda yetişən milli burjuaziyanın fəaliyyətini, xüsusən gənc nəslin savadlanması, elmin, təhsilin və mədəniyyətin inkişafı istiqamətində göstərdikləri tarixi xidmətlərini də xatırladıb.

Bölmə iclasında Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı, dosent Pərvin Kərimzadə, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov, eləcə də bir sıra tanınmış yerli və xarici ölkə alimləri maraqlı məruzələrlə çıxış ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2018.- 29 iyun.- S.9.