Səbailli yeniyetmələr Naxçıvanı daha yaxından tanıyacaqlar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Səbail rayonundan olan məktəblilərin Naxçıvan şəhərinə yola salınması mərasimi keçirilmişdir.

Naxçıvana gedəcək qrupa rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçiliblər. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb. Əsas məqsədi gənc nəslin vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan tur-aksiyanın təsdiq olunmuş proqramına əsasən səbailli yeniyetmələr 3 gün ərzində Naxçıvanın görməli yerlərində olacaq, Heydər Əliyev mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınmışdır.

Əvvəlcə tur iştirakçıları Səbail Rayon İcra Hakimiyyətində ulu öndər Heydər Əliyevin büstü önündə toplaşmış, bustün qarşısına əklil qoyulmuşdur. Məktəblilərlə görüşdə çıxış edən rayon icra hakimiyyətinın başçısı Eldar Əzizov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə rəhbəri İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, bu tur-aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük qrupu gəlir. Onlar paytaxtımızın, o cümlədən Bakının mərkəzi rayonu olan Səbail rayonunun görməli yerləri, mədəniyyət ocaqları ilə tanış olacaqlar. Bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dünyagörüşünün artırılması istiqamətində mühüm tədbir olduğu xüsusi qeyd edilmişdir.

Tədbirdə çıxış edən məktəblilər, valideynlər, orta məktəblərin rəhbərləri yeniyetmələrin dünyagörüşününbiliyinin daha da artmasına kömək göstərən bu tur-aksiyanın təşkili üçün ölkə rəhbəri İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Görüşdə şagirdlərə qədim Naxçıvanın bugünütarixi abidələri barədə film nümayiş olundu. Azərbaycan bayrağının rənglərini əks etdirən şarları havaya buraxan məktəblilər Səbail Rayon İcra Hakimiyyətinin binası qarşısında şəkil çəkdirmiş və Naxçıvana yola düşmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yola salınmışlar.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.-16 mart.- S.10.