VI Qlobal Bakı Forumu başa çatıb

 

İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu martın 17-də işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa Forumun bağlanış mərasimində çıxış edərək bu tədbirin əhəmiyyətini yüksək dəyərləndirdi. O, VI Qlobal Bakı Forumunda dünyaya önəmli mesajlar çatdırıldığını söylədi. Vayra Vike-Freyberqa hər zamankı kimi bu dəfə də Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi olduqlarını vurğuladı.

Moldovanın Prezidenti İqor Dodon tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Hökumətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirdi. O qeyd etdi ki, hazırda bütün dünyada bir çox problemlər mövcuddur. Bu Forum həmin problemlərin həllində mühüm rol oynayacaq. Burada təhlükəsizliyin, sabitliyin əldə edilməsi, xalqlararası və dinlərarası dialoqun təşviqi ilə bağlı önəmli məsələlər müzakirə olundu.

İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta da Forumun işinin uğurlu olduğunu dedi. Bildirdi ki, bu Forum ölkələrarası münasibətlərin inkişafına, sülhün bərqərar olmasına layiqli töhfə verəcək. “Bu tədbirdə biz öz təcrübələrimizi və ideyalarımızı bölüşdük. Bu kimi tədbirlər gələcəkdə davam etməlidir. Burada adamlarının da iştirakı təmin edilməlidir”, – deyə o əlavə etdi.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov VI Qlobal Bakı Forumunun işini böyük müvəffəqiyyətlə başa vurduğunu dedi. O əlavə etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yarandığı gündən bu vaxtadək qısa zaman kəsiyində böyük uğurlara nail olub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin qeyd etdi ki, inklüziv cəmiyyətlərin formalaşmasında bu tədbirin xüsusi əhəmiyyəti var. Forumda səslənən dəyərli fikirlər, təkliflər təşviq edilməli, buradakı mesajı liderlər öz ölkələrinə çatdırmalıdırlar.

Bununla da VI Qlobal Bakı Forumu öz işini başa çatdırıb.

 

Azərbaycan.- 2018.-18 mart.- S.4.