Bakıda Novruz coşqusu

 

Novruz dünyanın ən qədim bayramlarından biridir. Hər il Azərbaycan xalqı bu bayrama böyük coşqu və sevinclə, həm də bir ay əvvəldən hazırlaşmağa başlayır. Belə ki, Novruzdan əvvəlki son 4 çərşənbəni Od, Su, Yel, Torpaq çərşənbələri adlandıran insanlar bu günləri bayrama çevirirlər.

Bu əziz bayramın özünəməxsus adət-ənənələri də var: qulaq falına çıxma, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, tonqalın üzərindən tullanmaq, səməni cücərtmək, qonaq getmək, şam yandırmaq, yallı və digər Novruz oyunları oynamaq və sairə.

Bu il ölkəmizdə ilaxır çərşənbə Novruz bayramı ilə eyni günə təsadüf etdi. Sonuncu dəfə bu hal 17 il öncə, 2001-ci ildə baş vermişdi.

 

Milli Parkda “Şərq bazarı”...

 

Ümumxalq şənliklərini müşahidə etmək üçün İçərişəhərə yollandıq. Ənənəvi olaraq bu ilpaytaxtda xalqın ən sevimli bayramlarından biri olan Novruz bayramı təntənəli şəkildə qeyd edilir. “Qoşa Qala” qapısı yaxınlığında keçirilən “Bahar Qalası” adlı festivalda yerli sakinlərlə yanaşı şəhərimizin qonaqları da iştirak edirlər. Hər bir ölkənin mədəniyyətini əks etdirən suvenirlər və milli-tətbiqi sənət məhsulları, o cümlədən rəsm əsərləri, milli zərgərlik və oyma sənəti nümunələrinin sərgi-satışı qonaqlara nümayiş etdirilir.

Dənizkənarı Milli Parkda isə “Şərq bazarı” adlı bayram şənliyi təşkil olunub. Burada bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsullar nümayiş etdirilir. Paytaxtla birgə, regionların da fəal qoşulduğu yarmarkada kənd təsərrüfatı məhsulları ilə yanaşı, əl işləri, sənətkarlıq nümunələri, milli mətbəximizə dair müxtəlif məhsullar təqdim olunur. Bədii və tarixi personajların, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə bayram əhvali-ruhiyyəsini daha da artırır.

Parkda qurulmuş səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları tanınmış incəsənət ustalarının ifasında şən və oynaq mahnıları dinləyib, rəngarəng rəqslərə maraqla tamaşa edirdilər. Baharı və Vətənimizin gözəlliklərini tərənnüm edən musiqi proqramı tamaşaçılarda xoş ovqat yaradırdı.

 

Novruza görə Bakıya gələn turistlər məmnun görünürdü

 

Bayramın ölkəmizdə təntənəli qeyd olunması əcnəbilərin diqqətini daha çox cəlb edir. Onlar Azərbaycanın adət-ənənələri ilə tanış olmaq, milli mətbəximizin nümunələrini, bayram şirniyyatlarını dadmaq üçün məhz bu günlərdə ölkəmizə üz tuturlar. Həm də öz istirahətlərini təmin edirlər. Fürsətdən istifadə edib bir neçə turistə yaxınlaşdıq.

Üç ildir Novruz bayramını Bakıda keçirən iranlı Əlirza Danışvər budəfəki gəlişindən də çox razıdır. Onun sözlərinə görə, bu bayram İranda da keçirilməsinə baxmayaraq Azərbaycanda daha coşqu ilə qarşılanır. Qonaq buradakı ab-havanın, bayram əhvali-ruhiyyəsinin insanda tamam başqa hiss yaşatdığını deyərək hər şeydən çox məmnun qaldığını bildirdi.

İlk dəfədir İstanbuldan Bakıya gələn Ahmet Demirağ ölkəmizlə bağlı təəssüratlarını bu cür bölüşdü: “Bakıya birinci dəfə, məhz Novruz bayramına görə gəlmişəm. Xalqınızın çox gözəl dəyərləri var. İnsanlar öz adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlaya bilib, inkişaf etdirib. Gəldiyim gündən Azərbaycan mətbəxi ilə tanışam. Mətbəxinizin təamları çox dadlıdır. Bakı heyranedicimüasir şəhərdir. Onu da deyim ki, Azərbaycanda əsl Novruz bayramı keçirilir. Bu, çox maraqlı və yaddaqalandır”.

Mirmüslüm Müsəvi də İrandan ölkəmizə təşrif buyurub. O, artıq 6 gündür ki, ailəsi ilə birlikdə ölkəmizdədir: “Bakı möhtəşəm şəhərdir. Küçələr çox təmiz və səliqəlidir. İnsanların baxışları, davranışları xoşistidir. Bu da insanı özünə cəzb edir, heyran qoyur. Ailəmi Bakıya gətirdim ki, Azərbaycanda Novruz bayramının necə gözəl təşkil edildiyini görsünlər və əylənsinlər. Bayram şənlikləri isə adət-ənənələrinizi qoruyub saxladığınızı göstərir. Bakını çox sevdik”.

 

Elimiz bayram büsatına bürünüb

 

Novruz şənliyində nəvələri ilə birgə əylənən nənənin üzündəki təbəssüm, xoş ovqat diqqətimizi çəkir. Bakı sakini Nəzakət Həsənova deyir ki, Azərbaycan bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. İnsanların bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd etmələri də bununla əlaqədardır. Bakı hər il daha da gözəlləşir, xalqımızın rifah halı yaxşılaşır. Novruz bayramının hər il bu cür gözəl keçirilməsi sevindirici haldır: Bu bizim dədə-baba bayramımızdır. İnsanları bir-birinə daha da mehribanlaşdıran Novruz bayramında heç kim küsülü qalmır, hər tərəfdə yandırılan bayram tonqalları elimizə istilik, nübar gətirir, bir sözlə, ölkəmizdə həyat canlanmağa başlayır”.

Novruzun gəlişi bütün bölgələrimizdə böyük təmtəraqla qeyd edilir. Bir sözlə, yurdumuzun hər yeri bayram libasına bürünüb. Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz bayramınız mübarək olsun!!!

 

Səbinə MƏMMƏDOVA

 

Azərbaycan. - 2018.- 22 mart.- S.1; 6.