Novruz bayramı Şotlandiyada da qeyd edildi

 

BUTA Azərbaycan-Şotlandiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə 100-dən çox qonaq, o cümlədən Qazaxıstan, İran, Tacikistan, Rusiya digər ölkələrdən olan vətəndaşlar iştirak edirdilər.

Tədbirdə çıxış edən Azərbaycan-Şotlandiya  Assosiasiyasının nümayəndəsi qonaqları salamlayaraq Novruz bayramı, onun tarixi ənənələri mahiyyəti haqqında danışdı. O, Novruzun Azərbaycanda qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırdı. Natiq sonda qeyd etdi ki, bu gün dünyada yaşayan bütün soydaşlarımız  azərbaycançılıq ideyası ətrafında sıx birləşərək vətənimizin inkişafına öz töhfələrini verməlidirlər.

Tədbir Azərbaycan milli musiqisinin müşayiəti və Azərbaycan mətbəxinin ləziz təamlarını əks etdirən ziyafətlə davam etdirildi. Novruza aid şeirlər deyildi, rəsm yarışı keçirildi. Azərbaycan-Şotlandiyaya aid viktorinada  qalib komandaya Azərbaycanın qədim abidələrini və tarixi yerlərini əks etdirən hədiyyələr verildi.

Tədbir Novruz şənliyinə qatılmış qonaqlar tərəfindən rəğbətlə qarşılandı.

 

Nərgiz MORRİSON,

Şotlandiya

 

Azərbaycan.- 2018.- 22 mart.- S.6.