Daşnaklar bir əsr ərzində milyon yarımdan çox azərbaycanlını qətlə yetirmişlər

 

1991-1993-cü illərdə işğal etdiyi rayonlarda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımına, terror və qətliamlara aid tükürpədici faktlara nəzər yetirmək kifayətdir ki, daşnakların bəşəriyyət üçün nə qədər təhlükəli olması təsdiqlənsin. Onlar bir əsr ərzində milyon yarımdan artıq azərbaycanlını qətlə yetirmişlər.

Bu gün ermənilərin təbliğat maşını bütün dünyada qondarma erməni soyqırımı adı altında yalaniftira yaymaqla məşğuldur. Tarixçilərimiz isə bildirirlər ki, əlimizdə bu böhtan və yalanları ifşa etmək üçün konkret faktlar yetərincədir.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanıb kitab kimi buraxılan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli şəkildə soyqırımı siyasəti yeridir. Yüzlərlə azərbay-canlı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdular. Çoxsaylı faktlar təsdiqləyir ki, əsir və girovlara müxtəlif formada dəhşətli işgəncələr verilmiş, onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.

Konkret faktlara nəzər yetirək: girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndidə erməni “həkimlər” tərəfindən çıxarılmış, nəticədə o, ömürlük şikəst olmuşdur. Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni “həkimi” Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur. Nəticədə Arzu Hacıyev ömürlük şikəst qalmışdır. Anası Afət Mirzəyevanı və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələyərkən Babək İlyasov cəmi yeddi aylıq imiş. Qəlpələr Babəkin sağ gözünü yaralamış, bundan ürəyi soyumayan qaniçənlər onu Kəlbəcər rayonundan girov götürülmüş digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra və həm də müalicə etmədən qaytarmışlar. Babəkin bir gözü şikəstdir.

Ermənilər 15 yaşlı girov götürdükləri Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş - onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə 4 milyon rus publuna ailəsinə vermişlər. Zəminə Göyüş qızı Dadaşova ermənilər tərəfindən girov götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən irinləmiş və buna görə bədənində çürümə prosesi getmişdir. Zəminənin sol qolu işləmir. Girov götürülən zaman isə ermənilər onun atası Göyüş Dadaşovu və yaşlı nənəsi Qönçə İbadovanı yerindəcə güllələmişlər.

Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr vermiş, mismar kəlbətini ilə onun 16 dişini çıxarmışlar.

Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Biniş Rəsul qızı Məmmədova və daha bir ağbirçək - Sara Miriş qızı İsmayılova girov götürülərək Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə çalışdırır, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlik-də saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər.

Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə rayonun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti gördüyünü bildirmişdir. Bundan əlavə, Vladimir Şevelyov şahidlik edib ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 xəstəni, o cümlədən iki qadını girov götür-müşlər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərlərinin sonrakı taleyindən isə bu günədək məlumat yoxdur.

1930-cu il təvəllüdlü, Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən qısa müddət sonra vəfat etmişdir.

Erməni hərbçiləri Füzuli rayonundan girov götürdükləri Mürvət Fətiş oğlu Ağayevi döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının altında ocaq qalayaraq yandırmışlar.

Hərbi əsirlər - Novruz Məhəmməd oğlu Daşdəmirov, Namiq Cavanşir oğlu Qarayev mütəmadi döyülmə, bədənlərinə qızdırılmış cismlərlə dağ basılma və başlarına mismar çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılmışlar.

Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilmişdir. Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.

Mayıl Məhəmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdır. Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Cavid Ağa oğlu Hüseynovun çənəsi və qabırğaları sınmışdır. Ermənilər dəmir parçası ilə Cavidin qoluna damğa basmış və yarasının üzərinə kis-lota tökmüşlər.

Bunlardan da ağır, dəhşətli işgəncələrin nə sayı məlumdur, nə də miqyası. Belə işgəncələrə məruz qalan insanlar, sadəcə, türk olduqları üçün vandalizm siyasətinin qurbanlarına çevrilmişlər. Dünya isə hələ də bu vandalizm aktlarına görə Ermənistan hakimiyyətini nəinki qınayır, əksinə, onlara yardımlar edir, azğın hərəkətlərinə görə heç bir sanksiya belə tətbiq etmir...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 29 mart.- S.8.