Lənkəranda “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub

 

Aprelin 30-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub.

Təqdimat mərasimində Astara, Lənkəran və Lerik rayonlarının icra strukturlarının nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət və tibb işçiləri, tələbələr, din xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan, rusingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb. Həmçinin nəşrdə dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur.

Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, tərtibçiləri Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyevdir.

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət müasir dövrdə dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verərək qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini sürətləndirir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İlielan olunması multikulturalizm siyasətinə dövlətin önəm verməsinin bariz nümunəsidir.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məruzə ilə çıxış edib. Diqqətə çatdırıb ki, Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Ölkəmiz multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsi ilə tanınır. Təqdimatı keçirilən bu kitab Azərbaycan Prezidentinin multikultural dəyərlərə nə qədər çox önəm verməsinin bariz göstəricisidir.

Bildirilib ki, kitab təkcə Azərbaycan multikulturalizmini deyil, Azərbaycan xalqının tarixini, ədəbiyyatını, mədəniyyətini, mənəviyyatını öyrənmək istəyənlər üçün gözəl vəsaitdir. Dövlətimizin başçısının nəşrdə toplanmış hər bir fikrində ölkəmizə, xalqımıza, dünyadakı bütün sülhsevər insanlara məhəbbət və sevgi hiss edilir. Kitabın digər dillərə tərcüməsi də nəzərdə tutulur.

Tədbirdə çıxış edən rayon təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırov, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov və başqaları ölkəmizdəki multikultural, tolerant mühitin üstünlüklərindən danışaraq, Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyini və yüksək qiymətləndirildiyini bildiriblər.

Qeyd edək ki, kitaba daxil olan sitatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AZƏRTAC tərəfindən yayılmış nitqlərindən, çıxışlarından və müsahibələrindən götürülüb.

Kitab siyasətçilər, ölkəşünaslar, mədəniyyətşünaslar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Azərbaycan.- 2018.- 1 may.- S.3.