Heydər Əliyevin xilaskarlıq missiyası

 

Tarix xalqımız üçün çətin sınaqlarla keçib. Azərbaycanın dünyanın ən əlverişli məkanlarından birində yerləşməsi, zəngin sərvətlərə malik olması, saysız-hesabsız üstünlükləri həm də xalqımızın üzləşdiyi faciələrə səbəb olub.

Yağılar torpaqlarımızın sərvətlərini ələ keçirməkdən ötrü üstümüzə hücum çəkib. Zəngin vətənimiz azğın düşmənlərin hədəfinə çevrilib. Azərbaycan xalqı olmazın müsibətlərlə üzləşib. Milli kimliyimiz, dilimiz, inancımız, adət-ənənələrimiz ağır təhdidlərə məruz qalıb.

Amma İlahinin lütfünə baxın ki, tarixin heç bir dönəmində bu xalqdan böyük şəxsiyyətləri, aydın bəsirətli mütəfəkkirləri də əsirgəməyib. O şəxsiyyətləri ki, ən çıxılmaz məqamlarda insanlara ümid olublar. Öz varlıqları ilə düşüncələrdə bir çıraq yandırıblar. Cəmiyyəti sarsılmağa qoymayıblar. Onların sayəsində Azərbaycan xalqı daim mübariz olub. Milli dövlətçilik dəyərlərimiz ən ağır sınaqlar altında da qorunub. Nəsillərdən-nəsillərə ötürülüb. Məqamı yetişdikcə cəmiyyət bu şəxsiyyətlərin zəkasının işığında bir araya gəlib Azərbaycanı bir neçə il ərzində əsrlər qədər inkişaf etdirib.

 

Dəyərlərimizin simvolu

 

Bu şəxsiyyətlər qalereyasında böyük fatehləri, şahları, sərkərdələri, alimləri, şairləri, filosofları, ustadları, mədəniyyət xadimlərini, maarifçiləri, müdrik dövlət adamlarını görə bilərik. Tariximizdə onların hər birinin öz yeri var.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu tarixdəki mövqeyini əvəzsiz edən əsas cəhət isə onun bu şəxsiyyətlərlə eyni ucalıqda durmaqla yanaşı, həm də ümumiləşdirici siqlətə malik olmasıdır.

Heydər Əliyev şəxsiyyətində Babək qətiyyəti, Şah İsmayıl Xətainin dövlətçilik düşüncəsi, Nizami, Füzuli sözünün qüdrəti, XIX əsrdə tarix səhnəsinə çıxmış Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Zərdabi və başqa böyük maarifçilərimizin fikir dünyası, bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətini qurub-yaratmış böyük düha sahibi olan şəxsiyyətlərin gələcəklə bağlı amallarına qədər bütün tarixi dəyərlərimizi və zənginliyimizi görmək olar.

Heydər Əliyev sovetlər dövründə Azərbaycan dövlətçiliyini faktiki olaraq yenidən yaratdı. Onun sovet Azərbaycanında gördüyü cahanşümul işlər dövlət müstəqilliyimizin bərpasında mühüm rol oynadı. Müstəqil dövlətçiliyimizin sosial-iqtisadi, milli-mənəvi əsaslarını formalaşdırdı.

Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Heydər Əliyev adı xalqımız üçün mənəvi yüksəlişin, milli intibahın, azərbaycançılığın, vətənə sevginin və layiqli xidmətin təcəssümüdür. Heydər Əliyev adı dünya üçün Azərbaycanı kökündən tanımağın, Azərbaycanın qüdrətini dərk etməyin ən düzgün vasitəsidir.

 

Böyük və çətin hədəflər qarşısında

 

Heydər Əliyev milli şüurun yetirdiyi böyük liderdir. O, vətənin ucqarlarında, qədim Naxçıvan torpağında, sadə bir azərbaycanlı ailəsində dünyaya göz açmışdır. Təhsildə irəlilədikcə, kitablarla xalqımızın düşüncə dünyasında dolaşdıqca, tariximizi daha yaxından öyrəndikcə o, Azərbaycan xalqının böyük və qüdrətli bir xalq olduğunu dərk edirdi. Eyni zamanda ətrafdakı yoxsulluq, insanların layiq olduqlarına yetişə bilməmələri, milli dəyərlərimizin, ana dilimizin sıxışdırılması ona ağır təsir edirdi. Hələ yeniyetməlik illərindən o, xalqımız qarşısında necə böyük və çətin hədəflərin olduğunu anlayırdı.

O, əmək fəaliyyətinə dövlət təhlükəsizlik orqanlarında başlamışdı. Onda bu orqanlarda bütün rəhbər vəzifələrdə işləyənlər qeyri-millətlərin nümayəndələri idi. Yerli kadrlara yuxarıdan aşağı baxırdılar. Torpağımızın üzərində ağa şəsti ilə yeriyirdilər. Xüsusilə ermənilər bu torpaqda at oynadırdılar. Hər vasitə ilə azərbaycanlıların yüksəlişinin qarşısını alırdılar. Xalqımızın nümayəndələrindən kiməsə vəzifə vermək lazım gələndə də bəzən ən zəif, iradəsiz adamları irəli çəkirdilər ki, Azərbaycan xalqının bacarıqsız, yarıtmaz olması təsəvvürü yaratsınlar. Bütün dövlət orqanlarında, təsərrüfat sahələrində də vəziyyət təxminən eyni idi. Bakı partiya təşkilatının, prokurorluq və milis orqanlarının bütün aparıcı vəzifələrində ermənilər oturmuşdu. Hətta elm və tarix problemləri müzakirə olunanda da Moskva ancaq onların rəyi ilə hesablaşırdı. Bütün gəlirli sahələri, hətta xalqın sərvətlərinə nəzarət edilən nöqtələri ermənilər idarə edirdilər. Yerli kadrlara Moskvada inam yox idi. Bu vəziyyəti sındırmaq, dəyişmək üçün, ilk növbədə, siyasi hakimiyyət və nüfuz qazanmaq lazım idi.

 

Milli lider

 

1950-ci illərdə Heydər Əliyev öz siyasi yüksəliş planlarını ardıcıl surətdə həyata keçirməyə başladı. Dəmir iradəsi, yorulmazlığı, qeyri-adi müdrikliyi, dövlət siyasətindən və professional işdən gözəl baş çıxarması nəticəsində Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi sistemində nüfuz sahibinə çevrildi. Hətta Moskvada da onun rəyini diqqətlə dinləyir, peşəkar kimi onunla məsləhətləşirdilər. Lakin Heydər Əliyev öz nüfuzundan ilk növbədə bir məqsəd üçün - xalqa sədaqətli, yetkin azərbaycanlı kadrları irəli çəkmək üçün istifadə edirdi. Elə bir zaman gəlib çatdı ki, ermənilər onun nüfuzu qarşısında geri çəkildilər. Xalqın böyük oğlu əvvəlcə respublikanın təhlükəsizlik orqanında ikinci, sonra isə birinci şəxs oldu.

Bununla da ulu öndərin siyasi yüksəliş dövrü Azərbaycana real rəhbərlik dövrü ilə əvəzləndi.1969-cu ildə Azərbaycan rəhbərliyini yeniləmək ideyası ortaya çıxanda Heydər Əliyev şəxsiyyətini Moskvada yaxşı tanıyıb ehtiram bəsləyənlər onun namizədliyini irəli sürdülər. 1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi.

Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi qısa zamanda Azərbaycanın tərəqqi və inkişafında yeni səhifə açdı. Zəngin təbii sərvətlərinə, iqtisadi və insan potensialına baxmayaraq, digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan o illərdə sürətlə inkişaf etməyə başladı. Şəhərlər, rayonlar, hətta kəndlər böyük tikinti meydanına çevrildi. Yeni istehsal və sənaye müəssisələri yaradıldı. İnsanların sosial təminatı, mədəni-intellektual səviyyəsi yüksəldi. Ümummilli liderin təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olundu. Bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasları təmin edildi.

Heydər Əliyevin vətən qarşısında ən böyük xidmətləri həm də ədəbiyyat, mədəniyyət və təhsillə, bu sahələrin xalqın milli ideallarını daha tam ifadə edə bilməsi məqsədləri ilə bağlı idi. Məhz Heydər Əliyevin dövründə yaradıcılıq ittifaqlarında milli ruh hökmran oldu. Milli istedad sahiblərinə, yazıçı, şair, bəstəkar və rəssamlara ulu öndər özü şəxsən xüsusi qayğı göstərir, cəmiyyətdə onların nüfuzunun yüksəlməsinə çalışırdı. O hesab edirdi ki, yalnız yüksək mənəvi dəyərləri mənimsəmiş xalq öz azadlığını və müstəqilliyini qazana bilər.

 

Ana dilimizin hamisi

 

Heydər Əliyevin dövründə Azərbaycan təhsilində inqilabi dəyişikliklər baş verdi. Məktəb tikintisi görünməmiş miqyas aldı. Yeni ali məktəblər təşkil olundu. Keçmiş SSRİ-nin müxtəlif universitetlərinə göndərilən minlərlə istedadlı gənc ölkəyə qayıdıb onun kadr və intellektual potensialını qat-qat artırdı. Təhsili idarə edən kadrlar arasında milli ruhlu insanlar üstün mövqelərə çatdılar.

Xalqın mənəvi tərəqqisinə, milli şüurun artmasına ulu öndər xüsusi əhəmiyyət verirdi. Bu sahədə inqilabi yeniliklər həyata keçirirdi. Məhz onun zamanında dövlət tədbirlərində Azərbaycan dili səslənməyə başladı. Ulu öndər 1978-ci ilin Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsdiqinə nail oldu. Şəxsi göstərişləri ilə nüfuzlu ziyalıların çıxışlarını məhz Azərbaycan dilində təşkil etdi. 1970-ci illərdə Nizami, Nəsimi, Səməd Vurğun kimi klassiklərimizin dövlət səviyyəsində həyata keçirilən yubileyləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, onun azadlıq hərəkatı üçün hazırlanmasında misilsiz rol oynadı.

Ulu öndərin rəhbərlik məharəti onun uzaqgörənliyində və siyasi iradəsinin ardıcıllığında özünü göstərirdi. Uzaq və böyük planlar qurmaq ümummilli liderin siyasi rəhbərliyinin mühüm xətti idi. Onun siyasi qərarları, gözlənilməz gedişləri üç-beş il sonraya yönəlirdi. Ona görə də Heydər Əliyevin qəbul etdiyi qərarların mənası ancaq bir neçə il keçdikdən sonra görünürdü. Həm də hamı tərəfindən yox, onun Azərbaycanda yeritdiyi milliləşdirmə siyasətini duyanlar tərəfindən.

Rəhbərin strateji ustalığını onun nitqləri və sözləri ilə real siyasi qərarları arasındakı manevrlərində də görmək olardı. Çıxışlarında o, alovlu bir beynəlmiləlçi kimi danışır və düşmənlərinin, erməni daşnaklarının istifadə edəcəyi arqumentləri onların əlindən alırdı. Əməldə isə bütün qərarlar Azərbaycan Respublikasının hər bir sahəsinin addım-addım milliləşdirilməsinə yönəlmişdi. Bu xətt əvvəlcə milli ruhlu kadrların aparıcı postlarda yerləşdirilməsində, sonra isə erməni millətindən olan şəxslərin mühüm və çoxgəlirli iqtisadi postlardan uzaqlaşdırılmasında öz əksini tapırdı.

Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişinə qədər keçmiş ittifaq respubikaları sırasında ən axırıncılardan olan Azərbaycan ulu öndərin rəhbərliyi altında ön sıralara yüksəldi. Bu misilsiz fəaliyyət SSRİ rəhbərliyinin diqqətini çəkdiyindən ona ittifaqın ən ali rəhbərliyində təmsil olunmaq təklifi verildi. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunmaqla həm də Azərbaycan tarixində ən yüksək vəzifəyə layiq görülmüş yeganə həmvətənimiz idi. Bu həm də, SSRİ tərkibində Azərbaycanın sürətli inkişafına təkan verdi.

 

Vətənə dönüş

 

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü həm də xilaskarlıq missiyasının ilk mərhələsi idi. Heydər Əliyevin Kremldə tutduğu yüksək vəzifədən istefaya göndərilməsindən sonra Azərbaycanın bütün sahələrdə böyük problemlərə, ən əsası isə hərbi təcavüzə məruz qalması insanlarımızda bu böyük şəxsiyyətin varlığına böyük ehtiyac yaratdı. 1990-cı ilin 20 Yanvar faciəsi göstərdi ki, Heydər Əliyevin məkrli hücumlar üçün hədəf seçilməsinin əsas səbəbi nəticə etibarilə Azərbaycanı sarsıtmaq, xalqımızın başına faciələr gətirməkdir. İmperiyanın bu qanlı əməlinə etiraz bildirmək üçün ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev əsl və yeganə milli lider olduğunu bir daha təsdiqlədi. Bu zaman Heydər Əliyev rəsmi status baxımından heç bir vəzifəsi olmayan və Moskvada yaşayan təqaüdçü idi. Amma xalq onu öz lideri, xilaskarı mövqeyində görürdü. Bu faciədən sonra Heydər Əliyevin vətənə qayıtmasına imkan vermir, onun müdafiəsinə qalxanları dərhal təqib və təzyiqlərlə üz-üzə qoyurdular. Lakin onu heç nə qorxutmadı. Bütün maneələri dəf edərək vətəni Azərbaycana döndü. 26 il öncə - 1990-cı ilin 20 iyulunda Bakıya, iki gün sonra isə dünyaya göz açdığı məkana, qədim Naxçıvan torpağına qayıtdı. Torpaqlarımıza qarşı hərbi təcavüzə başlamış erməni işğalçılarına qarşı çarpışan Naxçıvana qayıdanda Heydər Əliyev Qarabağ torpaqları və müstəqillik uğrunda xalq hərəkatının sıravi üzvü idi.Tanrı və tale isə Heydər Əliyevin üzərinə daha ağır, məsuliyyətli missiya qoymuşdu. O, milli xilaskarlıq missiyasını yenidən yerinə yetirməli, daha doğrusu, bu missiyanı yeni tarixi dövrdə də davam etdirməli idi. Həmin vaxt Naxçıvan son dərəcə çətin şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyatı dağılaraq tamamilə iflic vəziyyətinə düşmüşdü, digər tərəfdən isə ermənilərin hücumları bölgədəki ağır vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Muxtar respublika, demək olar ki, hər an itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ulu öndərin Naxçıvana gəlişi blokada şəraitində yaşayan, acınacaqlı problemləri ilə tənha qalan naxçıvanlılara mübarizlik ovqatı gətirdi. İnsanlar Heydər Əliyevin timsalında böyük xilaskarı tapdılar. Onu özlərinə rəhbər seçdilər. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyi ilə bağlı bir sıra önəmli tarixi qərarlar da ilk dəfə məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisində qəbul olundu.

 

Milli vəhdətin banisi

 

1993-cü ilin iyununda Azərbaycanda yaranmış hakimiyyət böhranı, getdikcə güclənən erməni işğalı Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini qətiləşdirirdi. Hər kəs anlayırdı ki, Azərbaycanı artıq parçalanma təhlükəsi ilə üz-üzə qaldığı, vətəndaş müharibəsinin bir addımlığına gəlib çatdığı dəhşətli fəlakətdən ancaq Heydər Əliyev xilas edə bilər.

1993-cü ilin 15 iyununda xalqın çağırışına səs verən Heydər Əliyev Azərbaycanın yarımcan cisminə mübariz ruh kimi qayıtdı. Ölkəni məhv olmaq, parçalanmaq təhlükəsindən xilas etdi. Ulu öndər Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdurdu. Özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Azərbaycançılıq ideologiyasını milli birliyin bünövrəsinə çevirdi. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsürlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Heydər Əliyev xalqı öz ətrafında birləşdirməklə dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi.

Ölkəmizdə güclü və modern ordu quruculuğuna başlanıldı. Bu sahədə mühüm nailiyyətlər əldə edildi. Heydər Əliyev bütün nüfuzlu xarici ölkələrdə səfərlərdə oldu. Hər bir ölkədə əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Bunun nəticəsi olaraq, 1996-cı ilin dekabrında Lissabon sammitində Azərbaycanın Qarabağ üzərində suveren hüququ beynəlxalq miqyasda tam qəbul olundu.

Heydər Əliyev böyük müdrikliklə dövlətin əsas təsisatlarını yaratmağa başladı. 1995-ci ildə ölkə Konstitusiyasının qəbulu hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin baza prinsiplərini müəyyənləşdirdi. Əsas Qanunun qəbulundan sonra ictimai həyatın bütün sahələrində köklü islahatların aparılmasına başlanıldı. Paralel olaraq ölkəni iqtisadi böhrandan çıxarmaq üçün iqtisadiyyatda struktur islahatları aparıldı. Dövlət əmlakının özəlləşdirilməsi prosesinə başlanıldı. Sahibkarlığın inkişafı məqsədilə ciddi qanunverici baza formalaşdırıldı. Müvafiq dövlət proqramları qəbul olundu. Keçmiş SSRİ məkanında ilk dəfə olaraq aqrar sektorda islahatlar həyata keçirildi. Torpaq əsl sahibinə - kəndliyə qaytarıldı.

1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ölkənin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi yönümündə atılmış ən mühüm addımlardan biri oldu. Ulu öndər Heydər Əliyev xalqın öz təbii sərvətləri üzərində həqiqi sahiblik hüququnu təmin etdi. “Əsrin müqaviləsi” dünyanın aparıcı dövlətlərinin neft şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırmasına səbəb oldu. 12 noyabr 1997-ci ildə “Çıraq” platformasında ilk neftin hasil olunması mərasimi çoxlarının yadındadır. Bu hadisə müstəqillik tariximizin mühüm rəmzlərindəndir.

 

“Mən azərbaycanlıyam”

 

Ümummilli lider ölkədə siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri cəmiyyətin vahidliyinin, bütövlüyünün təmini, milli ideologiyanın sistem halında təqdimatı oldu. Bu bir reallıqdır ki, ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan vermədi. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi və ötən illərin reallıqları da bunu təsdiqlədi. Dünya Azərbaycanlılarının I qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən ulu öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında səfərbər etdi.

Heydər Əliyevin siyasi dühası və müstəqil dövlətimizin tarixindəki mühüm xidməti onun ardıcıl olaraq diplomatik qələbələr qazanmaq, Azərbaycana qarşı ikili standartlar siyasətini neytrallaşdırmaq üçün lazımi yollar tapması idi. O, beynəlxalq təpkiləri də, daxildə siyasi çevriliş cəhdlərini də səbirlə aradan qaldırırdı. İstər yeni neft strategiyasında, istər müstəqil xarici və daxili siyasətin yeridilməsində ona kifayət qədər müqavimət göstərən qüvvələr ortaya çıxırdı. Amma xalqın müdrik oğlu bunların heç birinə güzəşt etmirdi. Seçdiyi müstəqillik kursu ilə irəliləyir və uğur qazanırdı. O, xarici siyasətdə hər hansı ifratı, tendensiyanı yolverilməz sayırdı. Bu, rəhbərin müstəqilliyi göz bəbəyi kimi qorumaq üçün qarşıya qoyduğu əsas vəzifədir.

Bu gün bayrağımız bayraqlar sırasında, millətlər evinin üzərində dalğalanır. Bu, Heydər Əliyevin - müdrik rəhbərin doğma xalqına yarım əsrlik xidmətinin ən yüksək nümunəsi, xalqımızın ən ülvi arzuları ilə bağlı irəliyə təkan verən misilsiz dəyəridir.

 

Tarixin ən qüdrətli Azərbaycanı

 

Heydər Əliyevin milli dövlətçilik irsini əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində ölkəmiz tarixinin ən qüdrətli mərhələsini yaşayır. Azərbaycan tarix boyu heç zaman indiki kimi güclü olmayıb. Bu da bir reallıqdır. Bu həm də Heydər Əliyev irsinə verilən dəyərdir. Belə bir dəyər üzərində formalaşdırılan yeni dövlətçilik ənənələridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu əsər bu gün möhtərəm Prezident tərəfindən daha möhtəşəm, daha qürurlu inkişaf dövrünü yaşayır. Bütün sahələrdə davamlı hal alan yüksəliş, xalqın öz lideri ətrafında sıx səfərbər olması, müstəqilliyimizin həqiqətən də dönməz və davamlı hal alması ulu öndərin ruhuna böyük ehtiramımızın göstəricisidir!

Heydər Əliyevin şah əsəri - müstəqil Azərbaycan etibarlı əllərdədir. Xalqımız cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin öyrətdiyi kimi, dövlətçilik ənənələrini, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını nümayiş etdirir.

Vətən həm də Anaların rəmzidir. Vətənə Ana deyirik. Vətəni Ana sözünün müqəddəsliyi ilə assosiasiya edirik. Bu mənada vətənin nail olduğu qüdrət həm də Azərbaycan analarının amalıdır. Prezident ölkəmizə qazandırdığı uğurlarla Azərbaycan analarının arzusunu, dualarını yerinə yetirir. Hər bir ana istəyir ki, evndə ruzi və bolluq olsun. Övladlarımız sağlam, zəkalı formalaşsınlar, müasir məktəblərdə təhsil alsınlar. Ölkədə və məişətdə yaşayış rahat, gözəl olsun. Gənclərimizin ali təhsil almaq, iş yeri tapmaq imkanları genişlənsin. Bunlar bizim həyatımızın mənası olan balalarımızın səadəti üçün lazımdır. Bizim onların həyatından fərəhlənə bilməyimiz üçün gərəkdir. Bu arzular Prezident

İlham Əliyevin yürütdüyü siyasətdə reallığa çevrilir. Bu siyasətin əsas hədəfi ölkədə əhalinin həyat səviyyəsini, insan inkişafını yüksəltməkdir. Azərbaycan vətəndaşları cənab İlham Əliyevin siyasi kursunu öz sosial təhlükəsizliklərinin və iqtisadi rifahın alternativsiz təminatçısı kimi qəbul edirlər. Bu siyasi kursun cəmiyyətin uğurlu gələcəyini təmin etməsinin fərqindədirlər.

 

Real əməllər

 

İnsanların sağlam düşüncəsi gurultulu, emosional, şirnikdirici sözləri qəbul etmir, ancaq real əməllərə, işlərə, öz həyatında hiss etdiyi nəticələrə inanır. Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində olduğu kimi, İlham Əliyevin rəhbərliyi dövründə də öz dolanışığının yaxşılaşdığını hiss etməyən, əməkhaqqı, pensiyası artmayan, doğma ölkəmizin hər yerində gedən yeniləşmə və quruculuq işlərindən fərəhlənməyən, cəmiyyətimizin yeni bir inkişaf mərhələsinə qalxdığını görməyən insanın tapılacağına inanmıram. Ən böyük siyasət də elə budur. Bu, İlham Əliyevin real dəyişikliklər siyasətidir. Onun ölkənin təbii sərvətlərinin insanın düşüncə sərvətinə çevrilməsi istiqamətində yürütdüyü siyasətin nailiyyətləridir.

Vətəni modernləşdirmə konsepsiyasının təşəbbüskarı olan Prezident İlham Əliyev gələcəyin fəal həyat mövqeli, kamil vətəndaşlarını yetişdirmək, gənc nəslə qayğını artırmaq məqsədilə xüsusi proqramlar həyata keçirir. Gənc nəslin fiziki və mənəvi sağlamlığı ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Azərbaycanın bu gün nüfuzlu idman ölkəsi kimi tanınması məhz Prezidentin əməli siyasətinin nəticəsidir.

Həyatımızdakı sürətli dəyişikliklər əsas bir şeyi bizə əyani göstərir: Prezidentimiz praktikdir, qurucudur, siyasəti də konkret işləri başlamaq, davam etdirmək və sona çatdırmaq kimi qəbul edir. Bu, bizim ölkəyə, xalqa, başlıcası isə övladlarının və deməli, ölkənin gələcəyi ilə nəfəs alan analarımıza lazım olan ən doğru və səmərəli siyasətdir.

Bu gün Azərbaycan bütün dünyada beynəlxalq tədbirlərin ev sahibi kimi tanınıb. Bakıda “Eurovizion - 2012”, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm tədbirlər, qlobal forumlar keçirilib. Bu miqyasda tədbirlər yenə davam etdirilir. Ölkəmiz fərqli mədəniyyətlərin təmas məkanıdır. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana böyük turist axını var. Son illər ölkəmizdə yüz minlərlə iş yeri açılıb. Hər ailəni dörd-beş nəfərdən ibarət saysaq, bu, milyonlarla vətəndaşın ailə büdcəsində artım deməkdir. Mən quru rəqəmlərdən istifadə etmək istəmirəm: ailələrin dolanışığındakı yaxşılaşmanı hər bir ailə şənliyində, xeyir-şər süfrələrində də görmək olur. Köhnə nəsillərin nümayəndələri hətta israfçılıq hallarından gileylənirlər, çünki onlar çörək-bərəkət imtahanını və sınağını çox görüblər. Süfrəmizdəki bolluq xalqımızın öz zəhmətinin, iqtisadiyyatımızın tərəqqisinin, ölkə rəhbərinin müdrik siyasətinin nəticəsidir. Həyat diktə edir ki, qəlbində torpaq, millət sevgisi olmayan insanlar xalqa tam gücü ilə xidmət edə bilməzlər. Sürətlə qloballaşan dünyamız da biz analardan məhz bunu istəyir. Azərbaycanın təəssübü ilə, onun bayrağının məhəbbəti ilə yaşayıb yaradan zəka sahibləri istəyir.

 

Qüvvət elmdədir

 

Heydər Əliyev ideyalarının reallaşması, Azərbaycan Prezdentinin həyata keçirdiyi inkişaf strategiyasının öz hədəfinə çatması ölkədə təhsilin keyfiyyətindən çox asılıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində məktəb, təhsil və səhiyyə sahəsindəki böhranlı hallar ümumi iqtisadi vəziyyətlə bağlı idi. Şagirdlər məktəbdən kütləvi şəkildə yayınır, ali məktəblərə sənəd verənlərin sayı azalırdı. İndi belə hallar keçmişdə qalıb: gənclərdə orta və ali təhsilə maraq əvvəlki dövrlərdən də artıqdır. Elm sahəsinə gənclərin axını müşahidə olunur. Bütün bunlar sosial böhran illərinin sosial çiçəklənmə və kütləvi optimizmlə əvəz olunduğunu nümayiş etdirir. Təhsilə və elmə maraq gələcəyə inam və ümidlərin ən yaxşı ifadəsidir. Bu ümidlər bizim cəmiyyətdə, ev-ocaqlarımızda vardır.

Bu gün evi, ocağı yaşadan qadınlarımız hər şeyi görüb-bildiyi kimi, düzgün qiymət verməyi də bacarır. Ölkəmizdə hər şey ideal halda deyil. İmkanlarımız artdıqca iddialarımız da artır. Biz neft gəlirləri hesabına böyük imkanlar qazanmışıq. Amma analar istəyir ki, biz yalnız neftdən asılı olmayaq, xüsusilə bölgələrdə ənənəvi sənaye sahələri inkişaf etsin, daha çox iş yerləri açılsın. İnsanlar indikindən daha yaxşı yaşasınlar. Bu gün Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin də məqsədi budur.

Bu gün çox qürur duyuruq ki, ulu öndərin irsini, müqəddəs yolunu davam etdirən, Azərbaycanda hər kəsin inam, etimad ünvanlarından birinə çevrilən məkan - Heydər Əliyev Fondu var. Ulu öndər həyatı boyu mərhəmət, xeyirxahlıq, maarifçilik kimi dəyərlərin ən bariz daşıyıcısı olub və sevinirəm ki, Heydər Əliyev Fondu da bu dəyərləri illərdir ki, layiqincə dünyada təbliğ edir. Fond Heydər Əliyev irsinin yaşadığını, ulu öndərin mənən əbədiliyini nəcib əməllərlə göstərir. Bu fəaliyyət Azərbaycanın Birinci vitse-prezidenti, fondun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məhz onun səyləri, Heydər Əliyev şəxsiyyətinə olan böyük sevgisi sayəsində xalqımız Heydər Əliyev Fonduna elə Heydər Əliyevin özü kimi yanaşır. Dar günündə çəkinmədən ora müraciət edir. Bu fonddan yardım istəyir, ordan mədət umur. Dünyanın onlarla ölkəsində Heydər Əliyev Fondu tərəfindən məktəblər tikilir, xəstəxanalar açılır, yardıma ehtiyacı olan insanların problemləri həll olunur, dini ibadətgahlar təmir edilir, onlarla digər sosial layihələr icra olunur. Beləliklə. Heydər Əliyevin bəşəri ideyaları bütün dünyada yayılır.

Bu gün Azərbaycanın qazandığı bütün uğurlar Heydər Əliyev irsindən gəlir. Ölkəmizin əldə etdiyi hər bir nailiyyət Heydər Əliyev missiyasının davamıdır. Bu missiya davam edir və Azərbaycanı inkişafa, tərəqqiyə, intibaha, parlaq müqəddəs gələcəyə aparır.

 

Nurlana ƏLİYEVA,

YAP İdarə Heyətinin üzvü,

YAP Qadınlar Şurasının sədri, professor

 

Azərbaycan.- 2018.- 5 may.- S.1; 8.