Bakıda Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin I Konqresi keçirilir

 

Dünən Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərində Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 30-cu yubiley görüşünün və I Konqresinin açılış mərasimi keçirilib.

Açılış mərasimindən öncə konqres iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq allim, akademik Zərifə xanım Əliyevanın əziz xatirələrini hörmətlə yad edib, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların məzarlarını ziyarət ediblər. 

Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəsmi şəxslərin iştirak etdiyi tədbirdə Fuad Ələsgərov öncə Prezident İlham Əliyevin salamlarını konqres iştirakçılarına çatdırıb. Prezidentin hərbi məsələlər üzrə köməkçisi həmçinin ərazimizin 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması barədə məlumat verib, hazırda Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe göstərməsi və torpaqlarımızı hələ də işğal altında saxlaması səbəbindən sülhə nail olmağın mümkün olmamasını vurğulayıb.

Cənab Fuad Ələsgərov hərbi cərrahiyyə sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində Beynəlxalq Hərbi Cərrahlar Forumuna uğurlar arzulayıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ölkəmiz üçün hərbi cərrahiyyənin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra Amerika Birləşmiş Ştatlarının Milli Hərbi-Tibbi Mərkəzinin cərrahiyyə departamentinin professoru Mark Bouer, Ümumdünya Cərrahiyyə Cəmiyyətinin Baş Katibi professor Kenneth Boffard, DSX Hərbi Hospitalının rəisi, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun prezidenti tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə çıxış ediblər.

21 ölkədən - Azərbaycan, Almaniya, ABŞ, Belarus, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, Macarıstan, Moldova, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə və Yunanıstandan 156 iştirakçının qatıldığı beynəlxalq tədbir 4 gün davam edəcək.

Konqres çərçivəsində hərbi cərrahiyyə sahəsində qabaqcıl təcrübənin mübadiləsi, tətbiq edilən innovasiyalar ilə tanışlıq, beynəlxalq tibbi təşkilatlar, nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi həyata keçiriləcək.

Konqresin Fəxri qonaqları sırasında olan Amerika Birləşmiş Ştatlarından professor Mark Bouer, Almaniyadan doktor Michael Engelhardt, Böyük Britaniyadan doktor Mansur Ali Khan, Cənubi Afrika Respublikasından doktor Kenneth Boffard, Rusiya Federasiyasından professor Pavel Brusov, Xorvatiyadan doktor Zvonimir Lovriç, Türkiyədən professor Çağatay Çifter beynəlxalq tədbirin moderatorları və spikerləri funksiyalarını yerinə yetirəcəklər.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı ilə beynəlxalq tibbi təşkilatlar, nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi çərçivəsində son illərdə Dünya Beynəlxalq Cərrahlar Cəmiyyəti, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumu (APIMSF) ilə sıx əlaqələr yaradılıb.

1988-ci ildə Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində təsis edilmiş APIMSF-nin əsas məqsədi döyüş əməliyyatları, terror hücumları, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı cərrahiyyə əməliyyatlarını həyata keçirən dünyanın müxtəlif regionlarından olan peşəkar cərrahların təcrübə mübadiləsi üçün beynəlxalq platformanın yaradılması, araşdırmalar, görüşlər, nəşrlər vasitəsilə hərbi cərrahiyyə elminin təşviqinin həyata keçirilməsidir.

Bu müddət ərzində APIMSF-nin əhatə etdiyi ölkələrin coğrafiyası genişlənib, cəmiyyətin işində Azərbaycanın sərhədçi cərrahlarının fəal iştirakı nəticəsində 2013-cü ildə 22-ci simpozium Bakı şəhərində təşkil edilmişdir. 2015-ci ildə Tailandda keçirilmiş görüşdə DSX hərbi hospitalının rəisi, tibb elmləri doktoru, tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 2017-2019-cu illər üzrə prezidenti seçilib.

 

Azərbaycan.- 2018.- 16 may.- S.4.