Azərbaycanın növbəti möhtəşəm layihəsi həyata vəsiqə aldı

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr Azərbaycanı Qafqazın liderinə, dünyanın sayılıb-seçilən dövlətinə çevirib. Ötən ilin oktyabrında açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ardınca bu günlərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi Azərbaycanın yerləşdiyi bölgədəki aparıcı rolunu bir qədər də yüksəltdi. Bu layihənin başa çatdırılması göstərir ki, ölkəmizdə güclü nəqliyyat-logistika infrastrukturunun formalaşdırılıması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla reallaşır.

 

Bütün dövrlərin tranzit qovşağı

 

Ümumiyyətlə, ölkəmizin yerləşdiyi coğrafi məkan beynəlxalq yükdaşımalarda böyük potensial imkanlar yaradır. Təsadüfi deyil ki, tarixi İpək yolunun keçdiyi torpaqlarımız bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Düzdür, əsrlər ötdükcə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalıb. Lakin ticariiqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını yenə də qoruyub saxlayır. Təsadüfi deyil ki, hazırda dünyanın hər yerində sərnişin və beynəlxalq yükdaşımaları sahəsində ciddi rəqabət var.

Təbii ki, belə şəraitdə böyük tranzit potensialına malik Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz. Ona görə hazırkı dövrdə tranzit potensialının reallaşdırılması ölkəmizin iqtisadi diversifikasiya siyasətində əsas yerlərdən birini tutur. Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir.

Respublikamızın tranzit potensialından və onun əlverişli coğrafi mövqeyindən faydalanmaq üçün son illərdə ölkə rəhbərliyinin təşəbbüsləri və xüsusi diqqəti sayəsində kifayət qədər mühüm islahatlar, irimiqyaslı tədbirlər həyata keçirilib. Bakıda və regionlarda beynəlxalq hava limanlarının, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, dəmir yolu xətlərinin və təyyarə parkının yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır.

Ən əsası bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir.

Digər tərəfdən, İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız digər dəhlizlərlə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradır. Azərbaycanın təşəbbüsü, fəal dəstəyi ilə inşa olunan və ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti həm ölkəmizin tranzit imkanlarını artırıb, həm də Avropadan Asiyaya və əksinə, yük daşımaçılığında yeni keyfiyyət mərhələsinin əsasını qoyub. Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihənin Prezident İlham Əliyevin iradəsi nəticəsində reallaşması Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradıb. Ən əsası bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla Cənubi Qafqaz, eləcə də bütövlükdə Avrasiyada ticarət-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə böyük töhfə verir.

 

Yeni liman Azərbaycanın qlobal logistika mərkəzi kimi imkanlarını artırdı

 

Bu günlərdə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tam istifadəyə verilməsi isə Asiya ilə Avropanın, şimalla cənubun, şərqlə qərbin qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırır. Beləliklə, Azərbaycan özünü təkcə neftqaz ixrac edən ölkə kimi deyil, həm də beynəlxalq nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlət başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri-iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında isə iki körpüdən ibarət olanRo-Ro” terminalı istifadəyə verilib. Prezident İlham Əliyevin “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə” 2017-ci il 13 aprel tarixli sərəncamına əsasən, bu kompleksin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün görüləcək işlərin sifarişçisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təyin edilib. Bu istiqamətdə dövlət başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanmatamamlama tarixləri göstərilməklə Tədbirlər Planı hazırlanıb. Bu planla müəyyən edilən hədəflərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində ikinövbəli rejimi tətbiq olunub. Atılan addımların nəticəsində işlərin dinamikasının əvvəlki dövrlərlə müqayisədə 5 dəfə artırılmasına nail olunub. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir.

Qeyd edək ki, Azərbaycanda şərq-qərb və şimal-cənub istiqamətində yollar Ələtdən keçir. Ələt qəsəbəsi həm də Xəzərin sahilində yerləşir. Göründüyü kimi, yeni limanın burada salınması tamamilə qanunauyğundur. Beləliklə, “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaradır. Bu liman ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verəcək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Bu kompleks həm də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək.

Bütün bu layihələrin başa çatdırılmasının nəticəsidir ki, Azərbaycan ərazisindən tranzit yükdaşımaçılığı artmaqdadır. Bu isə nəticə etibarilə ölkəyə əlavə valyuta axını, o cümlədən respublikamızın ixrac-idxal əməliyyatlarının artması deməkdir. Yeni limanın işə salınması ölkəmizin ticarət-iqtisadi münasibətlərimizin daha da möhkəmlənməsinə, tranzitiqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına imkan yaradacaq, bütövlükdə bütün regionun tərəqqisinə təkan verəcəkdir.

Eyni zamanda yeni liman, o cümlədən BTQ və digər bu kimi nəqliyyat-tranzit infrastrukturu Azərbaycanın siyasi mövqelərini də möhkəmləndirir, beynəlxalq nüfuzunu artırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev bu barədə deyib: “Bu layihələrin həyata keçirilməsi təkcə bizə iqtisadi mənfəət gətirməyəcək. Halbuki biz nəqliyyat potensialımızdan çox böyük səmərə ilə istifadə edərək, öz iqtisadi vəziyyətimizi daha da yaxşılaşdıracağıq. Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək. Onsuz da dünyada bizə böyük hörmət, rəğbət var. Azərbaycan çox etibarlı tərəfdaş, çox qabiliyyətli ölkə kimi tanınır. Bizim artan iqtisadi gücümüz imkan verir ki, belə tarixi layihələri icra edək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən önəmli layihələrdən biridirbu gün bizim tariximizdə yaddaqalan və önəmli gün kimi qalacaqdır”.

Beləliklə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi layihəsinin uğurla reallaşması ilə Azərbaycanın tranzit imkanlarının genişlənməsi baxımından yeni mərhələ başlayır. Çünki bununla ölkəmiz gələcəyə hesablanmış daha bir möhtəşəm addım atır. Bu limanın işə salınması nəticəsində Azərbaycanın tranzitdən gələn gəlirləri əhəmiyyətli dərəcədə artacaq, respublikamız loqistik mərkəz kimi mövqelərini daha da möhkəmləndirəcək. Ən əsası isə gətirəcəyi bütün iqtisadi dividendlərlə yanaşı, bu liman kompleksi Azərbaycanın regionda söz sahibi statusunu möhkəmləndirən mühüm faktordur.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.-19 may.- S.1; 6.