Müsəlman Şərqində ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100  

 

Cənubi Qafqazın müstəqilliyi Azərbaycanın vəziyyətində müsbət dəyişiklik yaratmadı

 

Azərbaycanın şərqində bolşevik qurumu, qərbində isə erməni hərbi birləşmələri yerli əhalini qırmaqla məşğul idilər. Buna görə də nümayəndə heyətimiz Batum sülh konfransına böyük ümidlə baxırdı. Çünki onlar başa düşürdülər ki, yalnız Osmanlı qüvvələrinin köməyi ilə Bakını bolşevik qüvvələrindən azad etmək, erməni daşnaklarının Azərbaycan əhalisinə qarşı qırğınlarını dayandırmaq mümkündür. Konfransa yola düşməzdən əvvəl müsəlman fraksiyasının üzvü Nəsib bəy Yusifbəylinin söylədiyi nitq Azərbaycanın düşdüyü çətin şəraitə verdiyi obyektiv qiymət idi. Nəsib bəy deyirdi: “Bizim bu gücsüz halımızda xarici köməyə müraciət etməkdən başqa çarəmiz yoxdur. Müstəqilliyimizin ən qəti müdafiəçisi olmağıma baxmayaraq, indiki halda biz sevinməliyik ki, buraya gələcək qüvvə bizə dostqardaş Türkiyədir. Ola bilsin, bu, qonşularımızın xoşuna gəlməsin, amma başqa çıxış yolumuz yoxdur... Xətir üçün xəstə düşə bilmərik. Bununla belə, heç vaxt azad Azərbaycanın müstəqil yaşaması fikrini yaddan çıxarmağa haqqımız yoxdur”.

Cənubi Qafqaz əhalisinin üç əsas xalqı arasındakı daxili ziddiyyətlər onların müstəqil vahid dövlətdə birləşmək imkanını aradan qaldırdı. Doğrudur, bu arada daşnak partiyasının Seymdəki deputatları müsəlman fraksiyasına rəsmən siyasi alver variantı təklif etdilər: onlar “Bakıda gələcək hökumətin sırf müsəlman deyil, beynəlmiləl xarakterdə olması və erməni hissələrinin Bakıda qalması” müqabilində Bakı Sovetini buraxmağı öz öhdələrinə götürürdülər. Lakin Seymin müsəlman nümayəndələri bu həyasız şərtləri qətiyyətlə rədd edib, Bakı şəhərində hakimiyyətin bölünməzliyini bəyan etdilər.

1918-ci il mayın 11-də Batumda Zaqafqaziya və Osmanlı arasında danışıqlar davam etdirildi. Danışıqlarda Azərbaycanı M.Ə.Rəsulzadə və M.H.Hacınski təmsil edirdi. Konfransın gedişində Almaniya nümayəndələri gürcülərlə gizli görüşlər keçirərək, onlara hərbi və iqtisadi yardım göstərəcəyini bildirmişdilər. Belə ki, konfransın gedişi dövründə 3 min nəfərlik alman qoşunu Gürcüstanın Poti limanına çıxarıldı. Eyni vaxtda hücumu müvəffəqiyytlə davam etdirən Osmanlı qoşunları mayın 17-də Gümrünü ələ keçirdilər.

Almaniyadan böyük dəstək alan Seymin gürcü fraksiyası Gürcüstanın Zaqafqaziya Federativ Respublikası tərkibindən çıxmasını və öz müstəqilliyini elan etməsini qərara aldı. Bununla əlaqədar 1918-ci il mayın 25-də Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclası keçirildi. İclasda Cənubi Qafqazda siyasi vəziyyətin dəyişməsi ilə bağlı rəsmi bəyanatda deyilirdi ki, Seymin gürcü fraksiyası Batumda gizli danışıqlar aparır və Gürcüstanın müstəqilliyini elan etməyə hazırlaşır. Mayın 25-də F.X.Xoyskinin sədrliyi ilə Seymin müsəlman fraksiyasının axşam iclası keçirildi. Seymin sədri və gürcü fraksiyasının üzvləri iclasa gələrək elan etdilər ki, Seymin sabahkı iclasında Zaqafqaziya Respublikasının ləğv olunması faktını təsdiq edəcəklər.

Azərbaycanda yaranmış çətin vəziyyət milli-demokratik qüvvələri Seymdə azlıqda qalıb hadisələrin gedişini seyr etməkdənsə, qəti addımlar atmağa vadar etdi. Azərbaycan özünün dindil qardaşı olan Türkiyənin yardımına ümid bəsləyirdi. Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın 29 yaşlı qardaşı Nuru paşanı 300 nəfər təlimatçı ilə Azərbaycana köməyə göndərməsi bu yardımın bünövrəsini qoydu.

Mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi. Gürcü nümayəndələri Seymdən çıxıb, Gürcüstanın müstəqilliyini elan etdilər. Gürcü fraksiyası Zaqafqaziya Respublikasının dağılmasının bütün günahını müsəlman fraksiyasının üzərinə yıxdı. Guya müsəlman fraksiyası türkpərəst mövqe tutduğu üçün gürcülər onlarla bir Seymdə fəaliyyət göstərə bilməzlər. Zaqafqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyov gürcü fraksiyasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edərək qeyd edirdi: Hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdurburada gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırıcıdır”. Mayın 27-də isə Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq fövqəladə iclas çağırdı. Uzun müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. “Müsavat” Partiyasının təklifi ilə M.Ə.Rəsulzadə qiyabi olaraq (bu vaxt o, Batum konfransında iştirak edirdi) Milli Şuranın sədri, H.AğayevM.Seyidov isə sədrin müavinləri seçildilər. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Fətəli xan Xoyski İcraiyyə Komitəsinin sədri seçildi.

 

1918-ci il mayın 28-də Milli Şuraİstiqlal Bəyannaməsi”ni qəbul etdi

 

1918-ci il mayın 28-də Tiflisdə Milli Şura Azərbaycan dövlətinin müstəqilliyi haqqında “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Milli Şuranın 24 səslə (iki nəfər - Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət “İstiqlal Bəyannaməsi”, yaxudMisaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya yaydı. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı - “İstiqlal Bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqisiyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. “İstiqlal Bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülkisiyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silkicinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. “İstiqlal Bəyannaməsi” Azərbaycan millətinin millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa - millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.

İstiqlal Bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti “Müsavat”, Müsəlman sosialist bloku, “Hümmət”, “İttihad” və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi.

Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti - Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə “daimi sülhdostluq münasibətləri”ni bərqərar edirdi. Yeni yaranmış Azərbaycan hökumətinin xahişinə cavab olaraq Osmanlı hökumətinin hərbi naziri Ənvər paşa ilk yardım kimi Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit ayırmışdı, Azərbaycanda olan türk ordusunun ehtiyaclarına hər ay 50 min lirə xərclənirdi. Bununla yanaşı, Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə ilə görüşündə Azərbaycan Milli Ordusunun təşkil edilməsinin vacibliyini xüsusi qeyd etmişdi.

1918-ci il iyulun 16-da Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar milli qüvvələr arasında mübarizə kəskinləşdi. Milli Şuradan kənarda qalan burjua-mülkədar dairələrinin məhdud dünyagörüşlü mürtəce hissəsi Türkiyənin Azərbaycanda olan ordusunun başçısı Nuru paşanın vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etdilər. Azərbaycanın Türkiyəyə ilhaq edilməsinin tərəfdarı olan bu dairələr Milli Şuraya qarşı fəal kampaniya aparırdı. Gəncədə yerləşən Qafqaz-İslam Ordusu komandanlığı ilə milli qüvvələr arasında münasibətlər gərgin bir şəkil aldı. Nuru paşanın müstəqilliyini elan etmiş dövlətin daxili işlərinə qarışaraq F.X.Xoyskinin başçılıq etdiyi hökumətə etimadsızlıq göstərməsi siyasi böhranla nəticələndi. Mövcud siyasi böhranı aradan qaldırmaq üçün Azərbaycandakı türk qoşunları rəhbərliyi ilə Azərbaycan Milli Şurası arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunvericiicraedici hakimiyyət Fətəli Xan Xoyski kabinetinin əlində cəmləşir. İyun böhranı nəticəsində fəaliyyətini müvəqqəti olaraq dayandıran Milli Şura öz tarixi missiyasını - Azərbaycanın dövlət müstəqilliyini çox çətin və mürəkkəb bir mərhələdə qoruyub saxlamaq vəzifəsini yerinə yetirdi. İyunun 17-də axşam Gəncədə F.X.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət təşkil edildi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq, hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verdi. Almanların Bakı neftinə xüsusi maraqları olduğundan şəhərin tutulmasına mane olmaq məqsədilə osmanlıların beşinci diviziyasının Gürcüstan dəmir yolu ilə Gəncəyə gəlməsini qadağan etdilər. Ona görə də Qafqaz diviziyası Mürsəl paşanın rəhbərliyi ilə Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçməyə məcbur oldu. Azərbaycan əhalisi Osmanlı qoşunlarını böyük sevinclə qarşılayır və onların gəlişini bayram edirdilər.

Osmanlıların beşinci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya türklərdən və azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi.

Qafqaz-İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. Bakı Xalq Komissarları Sovetinin liderləri Azərbaycan Xalq Cümhuriyyətini bələkdə ikən boğmaq üçün yollar arayırdılar. Hələ Gəncə üzərinə yürüşə başlamazdan əvvəl Leninin tapşırığı ilə Şaumyan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq məqsədilə Gürcüstan hökumətinin başçısı Jordaniyaya müraciət etdi. Şaumyan Jordaniyaya vəd edirdi ki, əgər Gürcüstan türk qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası onun müstəqilliyini tanıyacaqdır.

Azərbaycanın şərqində kommunist diktaturası yaradan Şaumyan Bakı Sovetinin ixtiyarında olan 18 min döyüşçü ilə Cənubi Qafqazdakı milli hərəkatı boğmaq üçün qəti hücuma başladı. Tamamilə erməni daşnak qüvvələrindən təşkil olunmuş ordu müsəlman əhalisinə qarşı hər cür amansızlığa yol verirdi.

İyunun 10-da Bakı Sovetinin Gəncə istiqamətində yürüşləri başlandı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Türkiyədən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllüləri hesabına Qafqaz-İslam Ordusunun qələbəsi ilə nəticələndi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Azərbaycanın şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz-İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. 1918-ci il avqustun 1-də Bakıda eser, menşevikdaşnaklardan ibarət “Sentrokaspi” diktaturası adlanan mürtəce bir qurum yaradıldı. İngilislərin Bakıya çağırılması daSentrokaspi” diktaturasını xilas edə bilmədi. Qafqaz-İslam Ordusu sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başladı. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü.

 

Bakı azad edildi: Qafqaz-İslam Ordusu 4 min əsgər və zabit şəhid verdi

 

1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda qərarlaşdı. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz-İslam Ordusu 4 min əsgər və zabit şəhid verdi.

Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən Birinci Dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. İki hərbi qruplaşma arasında gedən imperialist müharibəsində Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan edirdi. Türkiyə ilə Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi. Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı general Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl AXC-ni tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd etdibildirdi ki, “Azərbaycan Respublikası türklərin intriqası nəticəsində yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, o halda hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik. Müttəfiqlər dağıtmaq üçün yox, qurmaq üçün gəliblər”. V.Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaqdır. Azərbaycan rəsmi şəkildə tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə de-fakto əlaqə yaradacaqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcəklər. General Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcək, şəhər duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris Sülh Konfransında milli müqəddəratını təyinetmə prinsipi əsasında iştirak edəcək, L.Biçeraxovonun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmayacaqlar.

Azərbaycan nümayəndə heyətinin Ənzəli danışıqları əhəmiyyətsiz olmadı. Ən əsası ona görə ki, Azərbaycanın Paris Sülh Konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə təəhhüdlər götürürdü.

Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin Bakıya gəlişini şəhər əhalisi eyni cür qarşılamadı. Rus və erməni milli şuralarının tərəfdarları sevinc içərisində idilər. Biçeraxov təyyarələrdən “Rusiya vətəndaşlarına” adlı intibahnamələr səpir, xristian əhalisini Bakının “Ana vətənə qovuşması” münasibəti ilə təbrik edirdi. General Tomsonun da iki gün sonra yaydığı bəyannamə eyni ruhda idi.General Biçeraxov daha irəli gedərək qurama “Qafqaz-Xəzər” hökuməti yaratdı, Bakıda çevriliş təşkil etmək üçün geniş fəaliyyətə başladı. Bakıdakı erməni və rus milli şuraları A.Biçeraxovun gəlişi ilə bağlı belə bir şayiə yayırdılar ki, guya Azərbaycan deyilən dövlət yoxdur, yalnız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o, Biçeraxovun başçılıq etdiyi Xəzəryanı hökumətlə əvəz edilməlidir. Milli Şura hazırkı fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar üzünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlanması üzərində işləyən müvafiq komissiyanın Azərbaycan parlamentinin yaradılması haqqında qanun layihəsi Milli Şura tərəfindən 1918-ci il noyabrın 20-də qəbul edildi.

Noyabrın 16-da Milli Şura beş aylıq fasilədən sonra yenidən fəaliyyətə başladı. Azərbaycan hökuməti təhrikçi hücumlara baxmayaraq, dövlət quruculuğu işini davam etdirir, parlamentin açılışına hazırlaşırdı. Parlament açılanadək onun funksiyasını Milli Şura yerinə yetirirdi. Parlamentin əsas özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalarda seçilmişdi. Azərbaycan parlamenti 120 deputatdan ibarət olmalı, milli tərkibə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi, alman, gürcüpolyak icmasının hərəsi üçün 1 yer, Həmkarlar İttifaqı Şurası və Neft Sənayeçiləri İttifaqı üçün 3 yer nəzərdə tutulmuşdu. Respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsdən olan vətəndaşların seçki hüququ təsbit edildi. Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət oldu.

 

(Ardı var)

 

Anar İSGƏNDƏROV,

tarix elmləri doktoru, professor

 

Azərbaycan.- 2018.- 23 may.- S.7.