ABŞ konqresmeni Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bəyanatla çıxış edib

 

ABŞ Konqresinin üzvü Skot Perri (Respublikaçı - Pensilvaniya) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi münasibətilə Nümayəndələr Palatasında bəyanatla çıxış edib.

Bəyanatda 1917-ci il inqilabından və Birinci Dünya müharibəsi zamanı Rusiya qoşunlarının Qafqaz cəbhəsindən çəkilməsindən sonra Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini elan etdiyi bildirilir. Müstəqilliyinin qısa olmasına baxmayaraq, AXC-nin hazırkı müstəqil Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyi və 1991-ci ildən sonra regiondadünyada artan vacib rola malik olduğu vurğulanır.

Bəyanatda qeyd olunur ki, Azərbaycan ABŞ-ın əsas hərbi müttəfiqlərindəndir. Azərbaycan sülhməramlılarının ABŞ və NATO qüvvələri ilə birgə vaxtilə Kosovoda, İraqda xidmət etdiyi, bu gün Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasında 120 nəfərdən ibarət qüvvəsinin olduğu qeyd edilir.

Azərbaycanın enerji sektorunda lider olduğu, dünyanın ilk neft quyularından birinin 1848-ci ildə Bakının cənubunda qazıldığı, öz təbii ehtiyatlarını inkişaf etdirdiyi, Transanadolu kəmərini tikməklə Avropanın qaz asılılığını azaltmağa yardım etdiyi bəyanatda diqqətə çatdırılır. Azərbaycanın zəngin qaz ehtiyatlarının onunOdlar yurdukimi tanınmasına gətirib çıxardığı qeyd olunur.

Bəyanatda Azərbaycana dostluğuna görə minnətdarlıq bildirilir və xalqına davamlı sülh, əmin-amanlıq arzu olunur.

 

Azərbaycan.- 2018.- 23 may.- S.6.