Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Londonda təntənəli şəkildə qeyd olunub

 

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə Londonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ziyafət təşkil edilib. Tədbirə Britaniyada fəaliyyət göstərən Azərbaycan Qadınlarının Assosiasiyası (AWA-UK) yaxından dəstək verib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Böyük Britaniyanın AvropaAmerika məsələləri üzrə dövlət naziri Alan Dunkan, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayeva, BP şirkətinin Hasilat, TransformasiyaKarbon, Upstream üzrə baş əməliyyat rəhbəri Qordon Birrel, 20-dən çox ölkənin Britaniyadakı səfiri, o cümlədən Londondakı səfirliklərin və ali komissarlıqların digər nümayəndələri, Böyük Britaniya parlamentinin üzvləri, Britaniya hökumətinin rəsmiləri, səfirliyimizin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, media nümayəndələri, eləcə də Britaniyada yaşayan və Azərbaycan mədəniyyəti ilə maraqlanan şəxslər daxil olmaqla 250 nəfərədək qonaq iştirak edib.

Əvvəlcə Londonda yaşayan həmyerlimiz, skripka ifaçısı Səbinə Rakçeyeva Azərbaycanın və Britaniyanın dövlət himnlərini səsləndirib.

Tədbiri açan Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman dünyasında ilk dəfə siyasi plüralizm və çoxpartiyalı sistemə əsaslanan Avropa modelində bir dövlət olduğunu və həmin dövr üçün ən qabaqcıl və demokratik siyasəti tətbiq etdiyini söyləyib. O, Azərbaycan Xalq Cümhuriyyətinin müstəsna nailiyyətlərindən söz açaraq məhz Cümhuriyyətin yaradılması nəticəsində Azərbaycanın dünya xəritəsində bir reallığa çevrildiyini bildirib. Səfir müasir müstəqil Azərbaycan Respublikasının AXC-nin davamçısı olduğunu və Cümhuriyyətin demokratik ənənələrinə sadiq qaldığını qeyd edib.

Azərbaycan və Britaniya arasında münasibətlərin inkişaf etdiyini bildirən T.Tağızadə aprelin 26-da Baş nazir Tereza Meyin dəvəti ilə Prezident İlham Əliyevin Britaniyaya səfər etdiyini və yüksəksəviyyəli görüşlər keçirdiyini xatırladıb.

Səfir iki ölkə arasında mədəni sahədə də əməkdaşlığın qürurlandırıcı nəticələrini qeyd edib. Bu xüsusda, o, mayın 9-13-də Qarabağ atlarının Royal Windsor Horse Showda nümayiş etdirilməsini və mayın 23-də Yusif EyvazovAnna Netrebkonun Royal Albert Hallda konsert proqramı ilə çıxış etməsini xatırladıb.

T.Tağızadə Azərbaycan ilə Britaniya arasında mədəni əməkdaşlığın inkişafında İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətini xüsusi vurğulayıb. Bu xüsusda, o, Oksford Universitetində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Universitetin tərkibində daimi mövcudluğu haqqında kontraktın imzalanması, eləcə də Universitetin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi barədə söhbət açıb.

T.Tağızadə AXC-nin qadınların hüquqlarının qorunmasındakı müstəsna roluna, müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk ölkə olmasına da diqqət çəkib, Britaniyada fəaliyyət göstərən Azərbaycan Qadınları Assosiasiyasının Cümhuriyyətin bu irsinin qorunub saxlanmasında rolunu yüksək qiymətləndirib.

Daha sonra tədbirdə Alan Dunkan çıxış edib. O, Azərbaycanın müstəqilliyinin yüz illiyinin qeyd edildiyi tədbirdə iştirak etməkdən böyük məmnunluq duyduğunu söyləyib.

O, 2017-ci ilin sentyabr ayında özünün Azərbaycana, 2018-ci ilin aprelində Prezident İlham Əliyevin Britaniyaya səfərini xatırladaraq Azərbaycanda müstəqillik ruhunun uzun tarixi olduğunu hiss etdiyini bildirib.

A.Dunkan çox qısa müddət ərzində AXC-nin böyük nailiyyətlər əldə etdiyini, həmin dövr üçün proqressiv islahatlar aparmaqda nümunə olduğunu vurğulayaraq, Cümhuriyyətin Britaniyadan bir çox digər demokratiyalardan öncə qadınlara səsvermə hüququ verməsinə diqqət çəkib. Bu xüsusda, tədbir zamanı AWA UK tərəfindən Azərbaycanda qadınların rolunun gücləndirilməsinin 100 illiyinə önəm verilməsinin sevindirici hal olduğunu qeyd edən dövlət naziri Britaniyanın Baş naziri xanım Tereza Meyin tədbirlə bağlı təbriklərini Azərbaycan tərəfinə çatdırmaqdan böyük məmnunluq duyduğunu bildirib.

2017-ci ildə Azərbaycan Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini xatırladan A.Dunkan bu gün iki ölkə arasında hər iki tərəfə fayda verən mükəmməl münasibətlərin siyasi əməkdaşlığın davam etdirildiyini vurğulayıb. Dövlət naziri, həmçinin BP-nin Azərbaycanın ən böyük enerji tərəfdaşı olmasından, Azəri-Çıraq-Günəşli yatağının işlənməsi üzrə müqavilənin müddətinin uzadılmasının BP SOCAR arasında münasibətlərin daha da gücləndirilməsinə töhfə verməsindən bəhs edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu vurğulayıb. O, iki ölkə arasında münasibətlərin enerji iqtisadiyyatdan əlavə, təhsil başda olmaqla digər bir çox sahələrdə inkişaf etdirilməsi üçün hər iki tərəfin səylər göstərdiyini qeyd edib.

A.Dunkan Britaniyanın Azərbaycana dost ölkə olmaqdan qürur duyduğunu 25 illik əməkdaşlığa əsaslanaraq hər iki xalqın rifahı təhlükəsizliyi üçün iki ölkənin birgə çalışmağa davam edəcəyinə ümid etdiyini bildirib.

Tədbir Azərbaycan Qadınlarının Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan qadınlarının mədəniyyətimizə xas olan əl işlərinin təqdimatı, tar kamançada Azərbaycan musiqilərinin ifası ilə davam edib. Qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib.

 

Azərbaycan.- 2018.- 26 may.- S.3.