Heydər Əliyev Cümhuriyyət qurucularının fəaliyyətini yüksək qiymətləndirirdi

 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin ikinci onilliyində Vətənimizin qeyrətli oğulları tərəfindən son dərəcə çətin, ağır bir dövrdə, mürəkkəb daxili və xarici maneələri dəf etməklə yaradıldı. Yeni təşəkkül tapan respublikada demokratik prinsiplər bərqərar edildi, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ verildi, irqi, milli, dini bərabərsizliklər ləğv edildi. Qonşu dövlətlərlə sərhədlər müəyyənləşdirildi, dinc və sülh şəraitində yaşamaq, qarşılıqlı faydalı əməkdaşlıq etmək üçün zəruri addımlar atıldı.

Ana dili dövlət dili elan olundu. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk müasir universiteti təsis olundu, təhsil milliləşdirildi, tarixi adlar bərpa edildi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinə, onun qurucularının fəaliyyətinə yüksək qiymət vermişdir. Ulu öndər 1997-ci il mayın 27-də Respublika sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təntənəli yığıncaqda AXC-nin yaradıcılarını xalqımızın qabaqcıl insanları, Azərbaycanın gələcəyi haqqında düşünənlər adlandırmışdır. O, nitqində qeyd etmişdir ki, Bu respublikanın yaranması və az müddətdə olsa da, yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır.

Ulu öndər 1998-ci il yanvarın 30-da imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında sərəncamda bu gənc respublikanın yaradılmasını çox yüksək dəyərləndirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq, çox böyük və taleyüklü problemləri həll etməyə müvəffəq olmuşdur. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.

Ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin, həyata keçirdiyi tədbirlərin geniş ictimaiyyətə çatdırılması üçün o dövrün sənəd və materiallarının toplanıb nəşr edilməsinə göstəriş verdi. Prezidentin sərəncamı ilə yaradılmış dövlət komissiyası qısa müddət ərzində 7 kitabdan ibarət sənədlər toplusunun çapını reallaşdırdı. Cümhuriyyət dövründə qəbul edilmiş qanun, qərar və sərəncamlar, hökumət aktları, parlamentin iclaslarının stenoqramları, daxili və xarici siyasət, ordu quruculuğu tədbirlərini əks etdirən sənəd və materiallar kütləvi tirajla xalqımızın istifadəsinə verildi. Çap olunmuş bu materiallar demokratik cəmiyyət qurmaq, iqtisadiyyatı inkişaf etdirmək, mədəniyyət, xüsusən də təhsil sahəsində görülmüş böyük işlər haqqında dolğun təəssürat yaradır.

1998-ci ilin yazında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin respublika miqyasında təntənə ilə qeyd edilməsi, silsilə tədbirlər, konfrans və toplantıların keçirilməsi dövlət başçısının bu tarixi hadisəyə yüksək qiymət verməsinin növbəti təzahürü oldu. Heydər Əliyev 1998-ci il mayın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə Milli Məclisin təntənəli iclasında iştirak etdi və nitqində Şərqdə ilk demokratik respublika yaradanları qəhrəmanlıq nümunələri göstərən insanlar adlandırdı.

Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində fəaliyyətini yüksək qiymətləndirmişdi: O ağır və çətin dövrdə ilk Azərbaycan Demokratik Respublikasının baş naziri vəzifəsini Azərbaycanın görkəmli oğlu Fətəli xan Xoyski öz üzərinə götürmüş, bu vəzifəni layiqincə həyata keçirmiş və xalqımız qarşısında böyük xidmətlər göstərmişdir - demişdir.

Ulu öndərin imzaladığı 18 dekabr 1995-ci il tarixli sərəncamla Fətəli xan Xoyskinin anadan olmasının 120 illiyi təntənəli surətdə qeyd olunmuşdur. Yenə də onun diqqət və qayğısı sayəsində Tiflisdə Fətəli xan Xoyskinin qəbrinin üstü götürülmüş, ətrafı abadlaşdırılmış, məzarı üzərində büstü ucaldılmışdır. Bakıda yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Respublika Günü hər il Türkiyədə, Fransada, Gürcüstanda, Rusiyada, Almaniyada və s. yerlərdə təntənəli şəkildə qeyd edilir.

Heydər Əliyevin böyük diqqət və qayğısının nəticəsi idi ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı, mühacirət dövründə Fransada yaşamış və Parisdə dəfn olunmuş Əlimərdan bəy Topçubaşovun xatirəsinin əbədiləşdirilməsi üçün Fransa rəsmi dairələri təşəbbüs göstərdilər. 1998-ci il iyunun 3-də Fransa Xarici İşlər Nazirliyinin və Paris şəhəri bələdiyyəsinin yardımı ilə Əlimərdan bəy Topçubaşovun Parisdə yaşadığı Dekamp küçəsindəki 27 saylı binanın divarına xatirə lövhəsi vuruldu. Heydər Əliyev bu addımı yüksək qiymətləndirdi və dərhal Fransa Prezidenti Jak Şiraka minnətdarlıq məktubu ünvanladı.

Bu hadisədən bir ay keçdikdən sonra ulu öndər 1998-ci il iyulun 14-də Hyatt-Recens-Naxçıvan mehmanxanasında Fransanın milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Fransanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda söylədiyi nitqində yenidən bu məsələyə toxundu: Mən Əlimərdan bəy Topçubaşovun xatirəsinə göstərilən hörmətə və onun Parisdə yaşamış olduğu evə xatirə lövhəsi vurulmasına görə Fransa hökumətinə təşəkkürümü bildirirəm.

1998-ci il iyunun 26-da Respublika sarayında Azərbaycan Milli Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Heydər Əliyev cümhuriyyət dövrünün ordu quruculuğu haqqında danışmışdı. Ulu öndər hərbi nazir Səməd bəy Mehmandarov, hərbi nazirin müavini Əliağa Şıxlinski, baş qərargah rəisi Məmməd bəy Sulkeviçin adlarını ehtiramla xatırlamışdır.

Azərbaycanda bu gün fəaliyyət göstərən müxtəlif hakimiyyət orqanlarının, nazirliklərin yaranmasının tarixi kökləri 1918-1920-ci illərlə bağlıdır. Heydər Əliyev məmnunluqla qeyd etmişdir ki, bugünkü müstəqil Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin yaranma tarixini 1918-1920-ci illərdə ilk Azərbaycan Demokratik Respublikasının bu məqsəd üçün yaratdığı orqandan götürmək doğru, düzgün və çox məqsədəuyğun qərardır. Ulu öndərin bu prinsipial mövqeyi Milli Ordumuzun, Daxili İşlər Nazirliyinin, digər hakimiyyət strukturlarının yaranma tarixlərinin dəqiqləşdirilməsində, tarixi ədalətin bərpa edilməsində mühüm rol oynamışdır.

Ümummilli lider Azərbaycanda ilk demokratik respublika hökumətinin fəaliyyətinin istənilən səviyyədə təşkil olunmaması səbəblərini belə izah etmişdir: Azərbaycan Demokratik Respublikası 23 ay yaşamışdır. Bu müddətdə 5 dəfə hökumət qurulmuşdur. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olmuş, yenidən yaranan hökumət yenə də istefa vermiş və beləliklə də bu ağır şəraitdə demokratik respublikanın dövlət, hökumət orqanları istənilən fəaliyyəti göstərə bilməmişlər.

Heydər Əliyev Azərbaycanda ilk demokratik respublikanın süqutu səbəblərinə də müdrikliklə aydınlıq gətirmişdir: Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz fəaliyyətini davam etdirməsinə imkan verməmişdir. Bir tərəfdən Rusiyada bolşevik hakimiyyəti keçmiş çar Rusiyasının bütün ərazilərində bolşevik üsul-idarəsi qurmağa cəhd göstərərək Azərbaycana yönəlmişdi, respublikamızın daxilində o cəhdləri dəstəkləyən qüvvələr onlarla birləşmişdi. Onlarla yanaşı olaraq, ... hökumətdə və ...parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr bu demokratik respublikanın süqutuna gətirib çıxarmışdır.

Bununla belə, o zamankı mürəkkəb və ziddiyyətli dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, bütün çətinliklərə sinə gərərək müstəqil dövlətin möhkəmlənməsinə şərəflə xidmət etmişlər. Heydər Əliyevin qeyd etdiyi kimi, ...onlar öz üzərlərinə düşən tarixi missiyanı yerinə yetirmişlər və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yazmışlar.

Uli öndərin siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdir. Onun 2017-ci il mayın 16-da imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncamda bu çox aydın ifadə edilmişdir: Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Cümhuriyyət qurucularının çox böyük xidməti ondan ibarətdir ki, ölkəmizin sonrakı tarixi inkişafına, mövcudluğunu davam etdirməsinə zəmin yarada bildilər. Prezident İlham Əliyevin sərəncamında bu cəhət xüsusi vurğulanmışdır: Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti sovet Rusiyasının hərbi təcavüzü nəticəsində qarşısına qoyduğu böyük məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun xalqımızın yaddaşında, insanların şüurunda bərqərar etdiyi müstəqillik ideyası kommunist ideologiyasının ciddi-cəhdlə yayıldığı dövrdə unudulmadı. Azərbaycan xalqı sovet dönəmində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Xüsusən, ümummilli lider Heydər Əliyevin respublikamızda ilk rəhbərliyi dövründə uğurla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

 

Qabil ƏLİYEV,

tarix elmləri doktoru, BDU-nun professor

 

Azərbaycan.- 2018.- 26 may.- S.10.