Azərbaycanın təhsil işçiləri Avropa ali təhsil məkanı nazirlərinin konfransında iştirak edirlər

 

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa ali təhsil məkanı nazirlərinin konfransında iştirak etmək məqsədilə Fransanın Paris şəhərində rəsmi səfərdədir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Təhsil Nazirliyinin elm, aliorta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov, beynəlxalq əlaqələr sektorunun müdiri Tural Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Bakı Dövlət Universitetinin “SABAH” qruplarının üçüncü kurs tələbəsi Nigar Hüseynova daxildir.

İki gün davam edəcək tədbirin açılış mərasimində Fransa Respublikasının ali təhsil, tədqiqat və innovasiyalar naziri xanım Frederique Vidal 1998-ci ildə qəbul olunmuş Sorbon bəyannaməsindən sonra Avropa ali təhsil məkanında qazanılmış uğurlardan danışıb.

Mərasimdə Fransanın Baş naziri Eduard Filip, UNESCO-nun baş katibi Odre Azule, təhsil, mədəniyyət, gənclər və idman üzrə Avropa komissarı Tibor Navraksis iştirak ediblər. Tədbirə 48 ölkənin təhsil üzrə rəhbər şəxsləri, ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Konfransda üzv ölkələr arasında ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi, mümkün çağırışların aydınlaşdırılması və qarşılıqlı dialoqun gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Tədbirdə çıxış edən F.Qurbanov ölkəmizin 2005-ci ildə qoşulduğu Bolonya prosesi çərçivəsində təhsil sahəsində aparılan islahatlar, onların müsbət nəticələri haqqında məlumat verib. O, Azərbaycan-Fransız Universitetinin timsalında həyata keçirilən ikili diplom proqramını xüsusilə vurğulayıb. “Expo-2025” çərçivəsində respublikamızın irəli sürdüyü insan kapitalı mövzusuna diqqəti cəlb edən F.Qurbanov ölkələri Azərbaycanın namizədliyini dəstəkləməyə çağırıb.

Nazirlərin görüşündə Bolonya çərçivəsində üzv ölkələrin üzərinə götürdüyü öhdəliklərin icra vəziyyətini özündə ehtiva edən hesabat təqdim olunub. Həmçinin üzv ölkələrin əldə etdikləri uğurlar təqdir olunubmövcud çağırışların həlli istiqamətində zəruri addımların atılmasının əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib.

 

Azərbaycan.- 2018.- 27 may.- S.13.