Nyu-Yorkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bir sıra tədbirlər keçirilib

 

Xarici işlər naziri Elmar Məmmədyarov tədbirlərdə iştirak edib

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak edib BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nyu-York şəhərində “Wall Street”də xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə Azərbaycan Respublikasının bayrağının təntənəli qaldırılması mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin rəhbəri səfir Yaşar Əliyev, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfəri Elin Süleymanov, Nyu-York şəhəri meriyasının rəsmiləri, ABŞ-da olan Azərbaycan diaspor ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan bayrağının qaldırılması mərasimində çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkəmizin bugünkü nailiyyətləri haqqında danışaraq bildirib ki, Cümhuriyyətin qurucuları sağ olsaydılar müasir Azərbaycan Respublikası ilə fəxr edərdilər.

Səfər əsnasında nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Miroslav Layçak bu ilin aprelində Qoşulmama Hərəkatının Bakıda keçirilən xarici işlər nazirləri toplantısında iştirak etmək üçün Azərbaycana səfərini xatırlayıb, bu səfərdən və keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib.

BMT Baş Assambleyasının gündəliyində duran məsələlərə toxunan Elmar Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi müddətində prioritetləri barəsində həmsöhbətinə məlumat verib.

Söhbət zamanı Azərbaycan tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə uğurla həyata keçirilməsi məmnuniyyətlə qeyd olunub.

BMT Baş Assambleyasının gündəliyində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət adlı gündəlik maddəsinə istinad edən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə mövcud vəziyyət barədə danışıb, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də qeyd olunduğu kimi işğala əsaslanan status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb. O, dövlətlərarası münasibətlərdə qanunun aliliyinin təmin olunması, bütün dövlətlər tərəfindən BMT Nizamnaməsi ilə üzərilərinə düşən öhdəliklərin yerinə yetirilməsi, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu bildirib.

Həmin gün Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə qəbul keçirilib. Qəbulda BMT-nin rəhbərliyi, üzv dövlətlərin BMT yanında nümayəndəliklərinin başçıları - səfirlər, ictimai-siyasi xadimlər, Nyu-York şəhərinin meriyasının nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin rəhbəri səfir Yaşar Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə nəzər salaraq bu gün müstəqil və suveren Azərbaycanın BMT-nin layiqli və məsuliyyətli üzvü olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunan dövlət himninin hər bir azərbaycanlının ruhunu oxşadığını, musiqi ahəngi və axarı ilə Azərbaycanın müstəqillik yolunu təcəssüm etdirdiyini deyib.

Nazir Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublikası olduğunu qeyd edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət təsisatlarının yaradılması, Bakı Dövlət Universitetinin təsis olunması, gənclərin dövlət təqaüdü ilə təhsil almaq üçün dünyanın aparıcı universitetlərinə göndərilməsi, fundamental hüquq və azadlıqların təmin edilməsi, qadınlara seçki hüququnun verilməsi kimi həyata keçirilən mütərəqqi işlərdən danışıb. Nazir Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin yekdilliklə de-fakto tanınması və diplomatik səviyyədə görülən işlər barədə məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsi, qonşu Ermənistanın təcavüzünə və ərazilərimizin işğalına baxmayaraq, ümummilli lider Heydər Əliyevin dövlətçilik irsi əsasında Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak Azərbaycan xalqı və dövlətini Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. O, Azərbaycanın bu gün beynəlxalq münasibətlərdə və BMT sistemində fəal rol oynadığını, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi və multikulturalizmin təşviqinə əsaslı töhfələr verdiyini qeyd edib.

Tədbir Azərbaycan milli mətbəxi və mədəniyyət nümunələrinin təqdimatı ilə davam edib.

Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a işgüzar səfəri davam edir.

 

Azərbaycan.- 2018.- 30 may.- S.12.