Avstraliya parlamentində Azərbaycanın uğurlarından danışılıb

 

Mayın 30-da Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kreq Kelli Avstraliya parlamentində çıxış edərək mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olduğunu bildirib. O, 1918-ci ildə yaranan Cümhuriyyətin müsəlman dünyasında ilk parlament demokratiyası olduğunu diqqətə çatdırıb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib. Kreq Kelli demokratik respublikanın qısa müddət ərzində fəaliyyət göstərdiyini təəssüflə qeyd edərək, onun sovet ordusunun işğalı nəticəsində süquta uğradığını bildirib. Deputat Azərbaycanın sonrakı dönəmdə 70 ildən çox Sovet İttifaqının tərkibində qaldığını söyləyib. O, əhalisinin əksəriyyəti müsəlman olan bugünkü müstəqil Azərbaycanın İsrail ilə rəsmi münasibətlərin olduğunu qeyd edərək, İsrailin baş naziri B.Netanyahunun 2016-cı ilin dekabr ayında Azərbaycana səfər etdiyi faktını vurğulayıb.

Avstraliyalı deputat öz çıxışında Azərbaycanda qadınların hüquqlarının tam şəkildə təmin olunduğunu diqqətə çatdırıb, bu gün ölkəmizin dünyəvi prinsiplər əsasında inkişaf etdirildiyini bildirib.

Kreq Kelli ölkəmizə etdiyi səfərlər ilə bağlı xatirələrini bölüşüb, Azərbaycanın, o cümlədən Bakı şəhərinin iqtisadi inkişafına heyran olduğunu vurğulayıb. O, mühüm geosiyasi məkanda yerləşən Azərbaycanda demokratiya və iqtisadiyyatın inkişafının bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlar regiondakı digər dövlətlər üçün bir nümunədir.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan deputat, münaqişənin qarşılıqlı dialoqBMT-nin müvafiq qətnamələri əsasında həll olunmasının vacibliyini vurğulayıb.

 

Azərbaycan.- 2018.- 31 may.- S.6.