İlham Əliyev innovativ islahatların yeni mərhələsinə başladı

 

Prezidentin inkişaf konsepsiyası əsasında görülən işlər ölkə iqtisadiyyatının yüksəlişinə mühüm töhfələr verəcək

 

Prezident İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə əlaqədar mühüm sərəncam imzalayıb. Sənədə əsasən maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması istiqamətində ciddi addımlar atılacaq. Həmçinin bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyəti səmərəli şəkildə əlaqələndiriləcək.

 

İdxal-ixrac əməliyyatlarına birgə nəzarət mexanizmi tətbiq edilir

 

Yeni sənədə əsasən Azərbaycanda bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun hesab edilib. Sərəncamda göstərilir ki, Maliyyə, Vergilər, İqtisadiyyat nazirlikləri və Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısına, mexanizminə dair təkliflərini bir ay müddətində dövlət başçısına təqdim etməlidirlər.

Əlavə edək ki, hələ ötən ilin may ayında Nazirlər Kabinetinin qərarına əsasən ixrac-idxal əməliyyatlarında sərhəd-keçid məntəqələrində tələb olunan sənədlərin sayı da azaldılmışdı. Bu, sahibkarların ixrac-idxal missiyalarını daha asan həyata keçirə bilməsinə yönəlmiş növbəti islahat tədbirlərinin bir hissəsi idi.

 

İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb

 

Dövlət başçısının “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir.

 

Prosedurların sadələşdirilməsi islahatların tərkib hissəsidir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində son illər sahibkarların öz ixrac-idxal əməliyyatlarını daha rahat şəkildə yerinə yetirmələri üçün bir sıra tədbirlər həyata keçirilib. Eyni zamanda, ölkənin ixrac potensialından tam səmərəli istifadə olunması üçün hökumət tərəfindən bir sıra addımlar atılıb, müvafiq sənədlər imzalanıb. Bu sahədə xeyli nailiyyətlər əldə olunub.

Son sərəncam, yəni, idxal-ixrac prosedurlarının sadələşdirilməsi həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir. Ekspertlərin fikrincə, ölkədə ixrac potensialının tam səmərəli istifadə olunmasının əsas məqsədi ondan ibarətdir ki, ölkə iqtisadiyyatı bilavasitə qeyri-neft məhsullarının ixracatından gələn gəlirlər üzərində köklənsin. Makroiqtisadi dayanıqlıq qeyri-neft məhsullarının ixracı üzərində dayansın. Bu, eyni zamanda, idxal əməliyyatlarına da ciddi nəzarət olunması siyasətinin aparılmasını tələb edir. İdxal-ixrac əməliyyatlarına nəzarətin səmərəliliyində əsas prinsiplərdən biri prosedur qaydalarının olduqca sadə olmasıdır. Əsas olan vaxt itkisi probleminin yaranmaması, eyni zamanda, rüsum və vergi tətbiqi mexanizmlərində qiymət artımına yol verilməməsidir.

 

Yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər

 

Bu sərəncamdan iki gün öncə, aprelin 18-də Prezident İlham Əliyev müəllifi olduğu proqramlara, layihələrə toxunaraq, həm son 15 il ərzində görülən işlər, həm də gələcək illərdə aparılacaq islahatlar haqqında məlumat vermişdi.

İlk növbədə, müstəqil siyasət aparmağın yolunun güclü iqtisadiyyatdan keçdiyini vurğulayan dövlət başçısı bununla ölkəmizin müstəqil iqtisadiyyata malik olduğunu, o cümlədən mümkün iqtisadi risklərdən tam qoruna bilməyə sahib bir sistem qurulduğunu vurğulamışdı: “Biz son 15 il ərzində iqtisadi islahatlar aparmışıq və iqtisadi məsələlərə xüsusi diqqət yetirmişik. Çünki mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”.

Dövlət başçısı qeyd etmişdir ki, əgər bir dövlət hansısa qurumdan, ölkədən kredit alırsa heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaq. Azərbaycan isə bu gün iqtisadi müstəqilliyinə qovuşub və indi heç bir kreditə möhtac deyil.

Mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə isə Prezident son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkənin olmadığını demişdir: “Bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görübdür, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik. Bizim çox böyük iqtisadi resurslarımız var. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə böyükdür”.

 

Sahibkarlar yaxın gələcəkdə islahatların müsbət təsirini görəcəklər

 

Bir vaxtlar kredit alan, elektrik enerjisi idxal edən bir ölkə bu gün neft-qaz ixracatçısına, kredit verən ölkəyə çevrilib. Təbii ki, bütün bunlar asan başa gəlməyib. Bu, Prezident İlham Əliyevin düşünülmüş, praqmatik siyasətinin, yeni iqtisadi konsepsiyasının bəhrəsidir.

Son 15 il ərzində ölkə iqtisadiyyatının 3,2 dəfə artması, valyuta ehtiyatlarının 24 dəfə artaraq 44,2 milyard dollara çatması, ölkə iqtisadiyyatına 231 milyard dollar investisiya yatırılması bunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev isə qeyd etmişdir ki, məhz bu duruma görə Azərbaycan dünyada baş vermiş böhranlardan ən az itkilərlə çıxa bilib. Artıq bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır: “Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər”.

 

Sahibkarların böyük hamisi daim onlara öz dəstəyini göstərir

 

Onu da xatırladaq ki, cənab İlham Əliyev ötən ay keçirilən inauqurasiya mərasimində də islahatlarla bağlı aidiyyəti qurumlara ciddi göstərişlər vermişdi. Bundan iki gün sonra Prezident idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə əlaqədar məlum sərəncamı imzalamaqla irəli sürdüyü təkliflərin layihələrə çevrilərək gerçəkləşdiyini, verdiyi bütün vədlərin yerinə yetirildiyini bir daha təsdiqləmiş oldu. Sahibkarların böyük hamisi bir daha onlara öz dəstəyini nümayiş etdirdi.

Ümumiyyətlə, son 15 ildə sahibkarlara yaradılan imkanlar, verilən kreditlər onu deməyə əsas verir ki, artıq Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb.

Həm biznes fəaliyyətinə başlama, həm də sahibkarların maliyyə vəsaitlərinə əlçatanlığının rahatlığı məqsədilə onlara 2 milyard manatdan çox vəsait verilib. Kənd təsərrüfatı sahəsində torpaq vergisi istisna olmaqla, bütün vergilər ləğv edilib, habelə sözügedən sahənin inkişafı üçün dövlət tərəfindən müxtəlif istehsal fəaliyyətində istifadə olunan resurslar güzəştlərlə və ödənişsiz verilir. İstehsal müəssisələri artıq ixrac bazarlarına üz tutur ki, bu istiqamətdə də Prezident

İlham Əliyev tərəfindən ən innovativ islahatlar həyata keçirilir.

Belə ki, gömrük keçid məntəqələrində sənədləşmə prosesinin azaldılması, elektron yanaşmalar, vətəndaş məmur münasibətlərinin minimuma endirilməsi qeyd olunan genişmiqyaslı islahatların tərkib hissəsidir.

 

Yeniliklər gömrük orqanlarında da yeni islahatları labüd edir

 

Əlbəttə ki, ticarətdə aparılan yeniliklər gömrük orqanlarında da yeni islahatları labüd edir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə verdiyi müsahibədə qeyd edib ki, gömrük-biznes münasibətlərində şəffaflığın daha da artırılması, büdcə gəlirlərinin formalaşdırılmasında yaxından iştirak edən gömrük orqanlarının infrastrukturunda mövcud olan çatışmazlıqların aradan qaldırılması, o cümlədən kadr islahatları ilə bağlı ciddi islahatlar aparılacaq.

Komitə sədri vurğulayıb ki, bundan sonra da cənab İlham Əliyevin apardığı islahatların dərinləşdirilməsi, daha da şaxələndirilməsi üzrə işlər davam etdiriləcək: “İnanıram ki, gələcəkdə bu sahədə uğurlarımız, ilk növbədə sahibkarların rahat idxal və ixrac əməliyyatları ilə məşğul olması üçün lazım olan bütün texniki imkanlardan istifadə edərək şəffaf mühitin formalaşması Azərbaycan gömrüyünün nüfuzunu daha da qaldıracaq”, - deyə S.Mehdiyev söyləyib.

 

Azərbaycan güclü siyasi iradəyə, böyük maliyyə resurslarına sahibdir

 

Prezident İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə sahibkarlığın təşviqi ilə bağlı sistemli və ardıcıl tədbirlər davam etdirilir.

Növbəti illərdə görüləcək işlər haqqında dövlətin çox aydın təsəvvürü, planları və proqramlarının olduğunu vurğulayan cənab İlham Əliyev Azərbaycanın daha da qüdrətli ölkəyə çevrilməsi üçün bütün istiqamətlər üzrə ciddi işlərin görüləcəyini bildirib: “Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Əminliklə söyləyə bilərik ki, cənab İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında aparılan iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfələrini verəcək.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 20 may.- S.1; 4.