Azərbaycan-Serbiya münasibətləri daha sürətlə inkişaf edəcək

 

Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi nailiyyətlər genişmiqyaslı və sanballıdır. Məhz bu uğurlar ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, sivilmodern dövlətlərlə bir sırada dayanmasına zəmin yaradıb, respublikamızın beynəlxalq rəydə artan imicə malik olmasını təmin etmişdir. Təsadüfi deyil ki, ölkəmizin Cənubi Qafqazdakı yerinirolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər.

Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Ümumiyyətlə, Azərbaycanın keçmiş Yuqoslaviya ölkələrinin hər biri ilə sıx əlaqələri var. Bu sırada Serbiya ilə münasibətlər xüsusilə təqdir olunmalıdır. Xüsusən, son 10 ildə ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlığın təməli qoyulub. Təbii ki, bu məsələdə dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli hüquqi bazanın gücləndirilməsi əhəmiyyətli rol oynayıb. Hələ bir neçə il əvvəl iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamə münasibətlərin ruhunu aydın ehtiva edir.

Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu mənada Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin Azərbaycana etdiyi rəsmi səfər iki ölkə arasındakı münasibətlərin dərinləşdirilməsi üçün yeni imkanların yaradılması baxımından diqqəti çəkir. Prezident İlham Əliyev Aleksandr Vuçiçlə görüşdə əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyini bildirib: “Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, tərəfdaşıq, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq aparılır. Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcəkdir. Humanitar sahədə çox gözəl əməkdaşlıq var”.

Ümumiyyətlə, Azərbaycan-Serbiya münasibətlərində diqqət çəkən əsas məqamlar hər iki tərəfin olduqca konstruktiv əməkdaşlıq niyyətinin olması və milli maraqlara qarşılıqlı hörmətdir. Təsadüfi deyil ki, hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir, bütün beynəlxalq əhəmiyyətli məsələlərdə bir-birlərinin mövqeyini müdafiə edirlər. Serbiya Prezidentinin səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı” da bu iki ölkə arasındakı əlaqələrin mahiyyətini, strateji və səmimi ruhunu tam göstərir. Sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatı zamanı Prezident Aleksandr Vuçiçin söylədiyi fikirbunu təsdiq edir. “Mənim ölkəmin müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə görə minnətdarıq. Bizöz növbəmizdə Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik. Hər iki ölkənin bu mövqeyi dəyişməz olaraq qalacaqdır. Cənab Prezident, biz Sizin siyasətinizi çox yüksək qiymətləndiririk. Siz elə bir şəxsiyyətsiniz ki, ölkənizin müstəqilliyini qoruyursunuz, öz azadlığınızı qoruyursunuz və vətəndaşların firavanlığı naminə əlinizdən gələni edirsiniz. Çünki Sizin ölkəniz olduqca mürəkkəb regionda, müxtəlif regionların kəsişməsində yerləşir və Siz ölkənizi nümunəvi şəkildə qoruyub saxlaya bilmisiniz” - deyə Serbiya Prezidenti bəyan etdi.

Birgə Fəaliyyət Planı ilə yanaşı, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Serbiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” Memorandum, “Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” saziş və “Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında hava əlaqələri haqqında” saziş imzalandı. Bütün bunlar ikitərəfli dialoqun kifayət qədər geniş və əsas sahələri əhatə etdiyini göstərir.

Təbii ki, səfər zamanı iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi də aparıldı. Ötən illərdə iki ölkə arasında ticarət dövriyyəsi artan xətlə inkişaf edib. Hətta Azərbaycan şirkətləri Serbiyada infrastruktur layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər. Lakin bütün bunlar mövcud potensialı tam əks etdirmir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artım var, ancaq mütləq rəqəmlər aşağıdır. Bu mənada səfər zamanı müzakirə olunan məsələlərin gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracağı şübhəsizdir. Çünki bunun üçün yaxşı imkanlar var.

Səfər zamanı humanitar sahədə əməkdaşlıq məsələləri də müzakirə edildi. Qeyd edək ki, hələ 2010-cu ildə Belqrad şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Bundan bir il sonra 2011-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə Belqraddakı “Taşmaydan parkı” yenidən qurulub və abadlaşdırılıb. Parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və görkəmli serb yazıçısı Milorad Paviçin heykəlləri ucaldılıb. Həmin il Serbiyanın Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyan, Azərbaycan və Serbiya xalqları arasında dostluq rəmzi olanÜzeyir Hacıbəyli Memorialı” yaradılıb. Prezident İlham Əliyevin şəxsi göstərişi ilə 2011-2012-ci illərdə Belqraddakı “Bayraklı Cami” məscidinin təmiri və bərpası, Novi Sad şəhərində “Müqəddəs Petka” kilsəsinin tikintisi və təmiri, həmçinin Novi Pazar şəhərində mədəniyyət mərkəzinin təmiri həyata keçirilib. Belqrad şəhərinin küçələrindən birinə Bəxtiyar Vahabzadənin adı verilib.

Bakıda isə görkəmli serb alimi, fizik Nikola Teslanın abidəsi qoyulub. Prezident Aleksandr Vuçiçin səfəri zamanı Azərbaycan Dillər Universitetində “Serb Dili və Mədəniyyəti Mərkəzi”nin açılışı olub. Ümumiyyətlə, iki ölkə arasında humanitar əməkdaşlıqla bağlı kifayət qədər misallar çəkmək olar. Məhz bu sahədə olan əlaqələr iki dövlət və onların xalqları arasında münasibətlərin daha sürətli və səmimi inkişafında mühüm rol oynayır.

Serbiya Prezidentinin Azərbaycana rəsmi səfəri uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələri nəzərdən keçirmək və gələcək perspektiv üçün mühüm əhəmiyyət kəsb edirdi. Səfərin yekunları deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər bundan sonrakı mərhələdə daha da sürətlə inkişaf edəcək, uğurlu nəticələrə və perspektivlərə yol açacaq. Çünki prezidentlər səviyyəsində mövcud olan yüksək siyasi dialoq həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, müxtəlif sahələri əhatə etməsinə və dərinləşməsinə böyük təsir göstərəcək.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 24 may.- S.1.