“Lahıc folklor kollektivi”nə “Xalq kollektivistatusu verilib

 

Dövlət başçısına minnətdarlıq

 

Tarixlər şahidi, min illərin yadigarı olan sənətkarlar yurdu qədim Lahıc təkcə xalq sənətkarlığı, milli memarlığı, şəhərsalma mədəniyyəti ilə deyil, milli-mənəvi, dini dəyərlərə sahibliyi və onları bacarıqla yaşatması ilə də məşhurdur. Bu sırada "Lahıc folklor kollektivixüsusi yer tutur.

Lahıcın etnoqrafiyasını, məişət mədəniyyətini, musiqisini, rəqslərini, söz yaradıcılığını bu gün də dəyanətlə yaşadan folklor kollektivi yeni yüksəliş dövrünü yaşayır. El bayramlarında, təntənəli mərasimlərdə folklor kollektivi həmişə öndə olur, çıxışları hamı tərəfindən rəğbətlə qarşılanır.

Kollektiv uzun illəri əhatə edən yaradıcılığına böyük dəyər olan ən xoş xəbəri bu günlərdə alıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev "Lahıc folklor kollektivi”nə "Xalq kollektivistatusu verilməsi barədə əmr imzalayıb. 2018-ci ilin avqust ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Lahıca səfərindən sonra belə bir əmrin verilməsini xalqa xidmətin əsl nümunəsi, milli-mənəvi dəyərlərə verilən yüksək qiymət kimi qəbul edirik və ölkə başçısına dərin minnətdarlığımızı bildiririk.

 

Sahibə ABDULLAYEVA,

"Tərəqqi” medallı mədəniyyət işçisi

 

Azərbaycan.- 2019.-5 may.- S.11.