Üzü Şuşaya doğru...

 

Əlimizdə müqəddəs bayraq, qəlbimizdə yurd həsrəti, dilimizdə vətən nəğməsi ilə...

 

Göydən nur çilənir, əllərimizdə dalğalanan üçrəngli, müqəddəs bayrağımızın üzərinə... Qəlbimizdə yurd həsrəti, dilimizdə vətən nəğməsi, "Bayraq yürüşü”nə çıxmışıq. Yolumuz Vətənə sarıdır, üzü Şuşaya, Ağdama, Xocalıya, Qarabağa doğru gedirik...

Minlərlə insanın iştirak etdiyi əzəmətli yürüş 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilədir. Təsadüfi deyil ki, bu günü düşmənlə həmsərhəd olan Horadizdə qeyd edirik. Qoy dalğalanan bayraqlarımızın kölgəsindən, göylərə yüksələn qəhrəmanlıq nəğməmizdən qələbə gününün o qədər də uzaq olmadığını hər kəs - dost da, düşmən də bir daha anlasın...

 

Milli atributlarımızın təbliği

 

Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Horadizdə "Bayraq yürüşünün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanması idi.

İki mindən artıq insanın iştirak etdiyi yürüş Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsinin ziyarəti ilə başladı.

 

...Qorumasaq Vətəni,

Qalarıq biz Vətənsiz.

Yuvasız bir quş kimi,

Ölərik biz Vətənsiz.

 

Bu misraları balaca əllərinə bayrağı sıxaraq hamıdan öndə addımlamağa hazır olan 5 yaşlı Əli söyləyir. Düşmənlə həmsərhəd bölgədə yaşayan Əli böyüyəndə hərbçi olmağı arzulayır. Bu gün də anasından xahiş edib ki, ona əsgər paltarı geyindirsin.

Hər kəs hazırdır. Beləliklə, 200 metrdən yuxarı nisbi yüksəklikdə - dağın zirvəsində yaradılmış Bayraq meydanına doğru yürüşə start verilir.

 

Vətən məhəbbəti sevgilərin ən alisi, ən müqəddəsidir

 

Yağış davam edir. Lakin minlərlə insan sanki qələbəyə doğru can ataraq böyük qürurla irəliyə addımlayır. Heyrətamiz mənzərə yaranır. Bir daha əmin olursan ki, havanın yağışlı, çovğun olması qəlbində vətən sevgisi olan azərbaycanlını sarsıtmır, əksinə daha cəsarətli, mübariz olmağa sövq edir.

Uzun məsafəni qət etdikdən sonra, nəhayət, Bayraq meydanına çatırıq. Meydanda hündürlüyü 64,5 metr olan bayraq dirəyi ucaldılıb, ərazidə yaşıllıqlar salınıb, 8 minə yaxın həmişəyaşıl ağac əkilib.

 

Gənclərin milli dəyərlərə ehtiramı

 

Tədbiri açıq elan edən xalq artisti Nurəddin Mehdixanlı vətənpərvərlik və bu ülvi hissin aşılanması istiqamətində maraqlı fikirlər səsləndirdi. Təhsil nazirinin müavini Firudin Qurbanov üçrəngli bayrağın Azərbaycan dövlətinin müqəddəs rəmzlərindən biribu il 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu vurğuladı. Qeyd edildi ki, müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarananda dövlət atributu olaraq məhz üçrəngli bayraq təsdiq olunub.

Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən "Bayraq yürüşünün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdıran F. Qurbanov bu gün Azərbaycan dövlətinin yüksək sürətlə inkişaf etdiyini, bir çox beynəlxalq reytinqlərdə yaxşı uğurlar əldə etdiyini vurğuladı.

Firudin Qurbanov varlığımızı dünyaya tanıdan bayrağımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığını söylədi.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də çıxış edərək cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə bayraq sevgisini daha da artıracağını vurğuladı. Azərbaycan bayrağının tarixindən söz açan Alı Alıyev bayrağımızın işğal olunmuş torpaqlarımızda dalğalanacağı günə az qaldığını vurğuladı.

 

Əlinə bayraq alan hər kəs onun müqəddəsliyini hiss edir

 

"N” saylı hərbi hissə komandirinin müavini, polkovnik Elşad Əbilov da öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin üçrəngli bayrağımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğalda olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduğunu bildirdi.

Tarix elmləri doktoru Anar İsgəndərov da bildirdi ki, Azərbaycanın üçrəngli bayrağının yenidən dövlət rəmzi kimi bərpa olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Üçrəngli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyevin sayəsində Naxçıvan Muxtar Respublikasında dalğalanıb. Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı üçrəngli bayrağımızın bütün torpaqlarımızda dalğalanması üçün əlindən gələni etməlidir.

 

Təhsildə mühüm nailiyyətlər

 

Bu gün, işğala məruz qalmasına baxmayaraq, Füzuli rayonunda təhsilin inkişaf etdiyini deyən rayon təhsil şöbəsinin müdiri Ramella Məmmədova jurnalistlərə açıqlamasında bildirdi ki, burada ümumilikdə 12960 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2136 müəllim məşğul olur. Bildirildi ki, Füzuli rayonu üzrə 81 təhsil müəssisəsi var.

Rayon müəllimlərinin fəaliyyətini yüksək qiymətləndirən Ramella Məmmədova şagirdlərin də nəticəsindən çox razıdır: "Hər il xeyli sayda şagirdimiz ali məktəbə qəbul olur. Bu il 504 nəfər müxtəlif ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanıb. Şagirdlərimiz respublika üzrə keçirilən fənn olimpiadalarında iştirak edərək layiqli yerlər qazanırlar”.

Çıxışlardan sonra əsgərlərin döyüş hazırlığı səviyyəsini izlədik və şagirdlərin bayrağımız haqqında ifa etdiyi mahnıları dinlədik.

Əzəmətli "Bayraq yürüşümüz bir daha göstərdi ki, əli silah tutan hər bir azərbaycanlı üçrəngli bayrağımızla torpaqlarımızın azadlığı uğrunda savaşa hazırdır. Ali Baş Komandanın bircə hücum əmri yetər ki, müzəffər Azərbaycan Ordusu qısa müddətdə torpaqlarımızı düşmən tapdağından azad etsin.

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2018.- 8 noyabr.- S.1; 4.