Dünyanı qəlbi ilə görənlər

 

13 noyabr Beynəlxalq Güzdən Əlillər Günüdür

 

Onlar üçün dünya bir rəngdədir, qaradır, hər yan zülmətə bürünüb. Amma onlar dünyaya gözləri ilə baxmırlar ki... Onlar bu dünyanı qəlbləri ilə görürlər.

Onların nəzərləri ilə - ürək açıqlığı, qəlb genişliyi ilə baxanda dünya çox parlaq, rəngarəng, daha aydın görünür... Onlar insanları simalarından deyil, səslərindən tanıyır, duyur, eşidirlər...

 

O günün tarixçəsi...

 

13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin adı ilə bağlıdır. Yəni Dünya Səhiyyə Təşkilatı 13 noyabr 1745-ci ildə Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olan Valentinin doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü elan edib.

XVIII əsrə qədər dünyada gözdən əlillər üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün "işləyən korların emalatxanası”nı açıb və məktəbə kimsəsiz uşaqlar qəbul edilib.

 

Gözdən əlillər üçün yaradılan ilk kitablar...

 

Valentin gözdən əlil uşaqların təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun hazırladığı "unsialadlanan xüsusi qabarıq şriftin köməyi ilə bu uşaqlara oxumağı öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına da yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların hazırlanması ideyası da ona məxsusdur.

Özünün ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə gözdən əlillər üçün ilk kitablar çap edib. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl görmə qabiliyyəti olmayan uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və həmin sistem bütün dünyada yayılıb.

1803-cü ildə Rusiya imperatoru I Aleksandr Valentin Qayuinu Sankt-Peterburqda gözdən əlillər üçün tədris-tərbiyə müəssisəsi açmağa dəvət edib. 1807-ci ildə Sankt-Peterburqda gözdən əlillər üçün institutun ştat vahidi və büdcə vəsaiti təsdiq edilib.

Hazırda dünyada təxminən 124 milyon görmə qabiliyyəti olmayan insan yaşayır. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2020-ci ilə qədər onların sayı daha da arta bilər.

Azərbaycanda isə 320 min əlilin 40 min nəfərini tamamilə görməyənlər və zəif görənlər təşkil edir. 1981-ci il iyunun 1-dən Gözdən Əlillər Cəmiyyətinin tabeliyində Gözdən Əlillər üçün Respublika Kitabxanası fəaliyyətə başlayıb.

 

20 min nüsxə ədəbiyyat, 1200 nəfər daimi oxucu

 

- Görmə şansınız olsaydı, kimi, yaxud nəyi görmək istəyərdiniz?

- Sizi (gülür). Telefonla danışanda səsinizdən çox maraqlı biri olduğunuzu hiss etdim. Adınız da özünüz kimi maraqlıdır.

Müsahibim Gözdən Əlillər üçün Respublika Kitabxanasının direktor müavini Tofiq Balayevdir. Bu gün onların günüdür. Bu günün qeyd edilməsi ətrafımızda bizdən fərqli insanların olduğunu bir daha xatırlatmağa imkan verir. Biz də onları xatırlatmaq üçün bu kitabxanaya yollandıq.

Kitabxanaya daxil olmamış hansı mühitlə qarşılaşacağımız bizi düşündürürdü. Telefonla söhbətləşdiyimiz Tofiq Balayevlə görüşüb öncə kitabxana haqqında məlumatlar alırıq.

Artıq 7 ildir burada işləyən Tofiq müəllimin sözlərinə görə, kitabxana 1994-cü ildən Mədəniyyət Nazirliyinin tabeliyinə keçib. Ümumilikdə 19 işçisi var. Kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana-informasiya xidməti göstərməkdir. Kitabxananın fondunu Brayl kitabları (xüsusi şriftlə yazılmış kitablar), audiokasetlər, CD-lər və dövri mətbuat, 20 min nüsxə ədəbiyyat təşkil edir. Kitabxananın təxminən 1200 nəfər daimi oxucusu var, onun da 150-si azyaşlıdır.

Oxucuların böyük əksəriyyətinin kasetləri oxutdurmaq üçün xüsusiyaxud adi maqnitofonu var. Gözdən Əlillər Cəmiyyətində yaradılmış studiyada milli dildə kitablar yazılır, mətbəədə Brayl şrifti ilə Azərbaycan dilində kitablar çap olunur. Fonddakı kitablar Azərbaycan, rustürk dillərindədir.

 

Bu il 23 gözdən əlil uşaq kollecali məktəblərə qəbul olunub

 

Tofiq Balayev deyir ki, kitabxananın fəaliyyəti təkcə Bakı ilə məhdudlaşmır. Regionlardakı gözdən əlillər də unudulmayıb: "Onlar üçünaudiokitab nüsxələrinin sayı artırılaraq bölgələrdəki Gözdən Əlillər Cəmiyyətinin kitabxanalarına, ya da rayon mərkəzi kitabxanalarına göndərilir. Masallı, Lənkəran, Salyan, İsmayıllı kimi rayon mərkəzi kitabxanalarında gözdən əlillər guşəsi yaradılıb. Göndərdiyimiz kitablar kitabxanalara yerləşdirilir və istəyən götürüb istifadə edir. Çalışırıq ki, elektron kitabların sayını artıraq. Kitabxanada dərs vəsaitləri, 6-cı sinifdən yuxarı müəyyən dərs testləri də var”.

Tofiq Balayevin sözlərinə görə, gözdən əlillər üçün internat məktəbində indi 307 uşaq təhsil alır ki, onların da əksəriyyəti kitabxanaya gəlib-gedir. Bu il 24 uşaq məktəbi bitirib. 23-ü kollecali məktəblərə qəbul olunub.

 

"İndi sahib olduqlarımı görmə şansına qurban vermərəm...”

 

İş həyatını kənara qoyub bir az da Tofiq müəllimin uşaqlığı, məktəb illəri, ailəsi ilə bağlı söhbətləşmək qərarına gəldik.

Öyrəndik ki, 38 yaşı var. Gözdən əlil uşaqlar üçün Respublika İnternat orta məktəbi bitirəndən sonra Bakı Mədəni Maarif Kollecində Kitabxanaçılıq fakültəsini bitirib. Daha sonra Mədəniyyət və İncəsənət Universitetində Kulturologiya ixtisası üzrə təhsil alıb. Kitabxana onun həyatında dönüş nöqtəsi olub. Ailəlidir, 4 oğlu var. Hamısı da sağlamdır, gözdən əlil deyillər. Elə xanımı da.

"Beş görən oğlana dəyərəm”, - deyən Tofiq Balayev özünü digər insanlardan heç də fərqləndirmir. Dediyinə görə, bacarığını, həyat tərzini digərlərindən daha yüksək hesab edir: "Valideynlərim dayıoğlu-bibiqızıdır. Mənim bu problemimiqohumla evlənməyim ilə əlaqələndirirlər. Üç bacım var. İki bacımın görməsi yaxşıdır. Məndən balaca bacım da bu problemi yaşayır. Uşaq vaxtımdan öz ayaqlarım üzərində durmağa çalışmışam. Çox inadkar olmuşam. Hərdən düşünürəm, desələr ki, görəcəksən, amma sahib olduqlarını qurban verməlisən, onda razı olmaram. Çünki bunları çox çətinliklərlə əldə etmişəm. Həyatımdan çox razıyam”.

 

"Məni bütün gözdən əlil insanlara nümunə kimi göstərirlər”

 

Tofiq müəllim heç bir probleminin olmadığını deyir: "Balaca oğlum birinci sinfə təzə gedirdi. Gəldi mənə dedi ki, bəs uşaqlar sənin görmədiyini deyir. Mən də onlara cavab verdim ki, yox, atamın gözü görür. Həmişə motivasiyalı olmağa çalışıram. Əksər əlil insanlar evdə oturub özlərinə qapanırlar. Təbii ki, valideyndən çox şey asılıdır. Valideyn qoruyucu olarsa, uşaq da çox tənbəlləşir. Ancaq valideyni də qınamaq olmur. Neyləsin?! Qorxur. Mən 9-cu sinifdə oxuyanda Keşlədən Gənclikdəki məktəbə getmək üçün iki avtobus dəyişməli idim. Etiraz etdim ki, artıq məktəbə özüm gedəcəm, utanıram, böyük oğlanam. Düz 6 ay evdəkilər mənimlə mübahisə etdilər ki, olmaz, belə gedə bilməzsən. Yolda səni maşın vurar. Nəhayət, istəyimə nail oldum. Çətin də olsa, məktəbə tək gedib-gəldim. Çox sərbəst olmuşam. Görmürəm deyib yerində oturan şəxs heç vaxt irəliləyə bilməz. İndi məni bütün gözdən əlil insanlara nümunə göstərirlər”.

 

"Hərdən hətta sağlam insanlardan mənə paxıllıq edənlər olur

 

Müsahibim ictimai nəqliyyatdan istifadə edəndə müəyyən qədər çətinliklərlə qarşılaşsa da, artıq Bakının xəritəsini əzbərlədiyini deyir. Sözlərinə görə, maşın yolunu keçəndə ağacından istifadə edir, bu, ona kömək olur:

"Hərdən insanlar elə bilir ki, yalandan edirəm, əslində görürəm. Bəzən əldə etdiyim nailiyyətlərə kinayə ilə yanaşırlar ki, bunun gözü görmür, amma gör nələrə nail olub. Paxıllıq edənlər də olur. Mən də deyirəm ki, paxıllıq etməkdənsə siz də cəhd edin. Düşünürəm ki, bəlkə də görsəydim bu səviyyəyə gəlib çatmazdım. Hər halda görməmək mənə əngəl deyil”.

 

"Yuxuda da hər tərəf qaranlıqdır...”

 

Onu da qeyd edək ki, 2015-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə gözdən əlil insanlar üçün "Qurani-Kərim” kitabı Brayl əlifbasına uyğunlaşdırılıb.

Tofiq müəllimə məni həmişə maraqlandıran bir sualı ünvanladım. Ondan yuxu görüb-görmədiyini soruşdum. Cavabı isə belə oldu:

- Görürəm, amma yuxuda da koram. Yuxuda görürəm ki, maşın sürürəm, amma yolu görmürəm. Hiss edirəm maşın sürdüyümü, amma hər yer qaranlıqdır.

 

"Anam qorxurdu ki, bizi əlindən alıb internat məktəbə qoyarlar...”

 

Tofiq müəllimlə söhbəti başa vurduqdan sonra oxu zalına daxil olduq. Biz getdiyimiz saatda kitabxanada o qədər də çox oxucu yox idi. Həm də Tofiq müəllimin dediyinə görə, əlillərin çoxu kitabı aparıb evdə oxuyur.

Oxucuların gözləri görmədiyi üçün onlar əsəri duyaraq oxuyurlar. Kimisi bunu qulaqcıqlar vasitəsilə həyata keçirir, kimisiBrayl əlifbası ilə barmaqlarının köməyi ilə...

Kitabxananın ilk oxucularından olan, 10 ildir burada işləyən 34 yaşlı Sevinc Şamilova da anadangəlmə görmə qüsurludur. Onun da valideynləri qohum evliliyi qurub. Özü kimi görmə problemi olan bir qardaşı da var. Sevincin anası uşaqlarını əllərindən alıb internata qoyarlar deyə qorxusundan onların məktəbə getmələrinə razı olmayıb. Sevinc 16 yaşında Gözdən əlil uşaqlar üçün Respublika İnternat orta məktəbində oxumaq üçün müraciət edib: "Məktəbdə mənə dedilər ki, sənin yaşında olanlar məktəbi bitirir, sən hələ indi gəlirsən. Buna baxmayaraq, qiyabi təhsil ala biləcəyimi söylədilər. Amma test edib birdən-birə 6-cı sinfə götürdülər. 6-cı sinifdən 9-a qədər dərslikləri tapıb hazırlaşdım. Brayl əlifbasını bir ayın içində öyrəndim. 1-dən 11-ə kimi olan dərs proqramını mənimsəmək istəyirdim. 9-cu sinifə kimi oxudum, şəhadətnamə alıb texnikuma sənəd verdim. Bakı Mədəni Maarif Kollecinin Kitabxanaçılıq fakültəsinə qəbul olundum. Orada təhsil ala-ala burada da işə düzəldim”.

 

"Belə yaşamaq çətin olsa da, buna öyrəşməkdən başqa çarəm yox idi

 

Heç nə görmədən yaşamaq çətin olsa da, artıq buna öyrəşdiyini deyən Sevinc həm də ailəlidir. Yaş yarımlıq sağlam bir oğlu var:

"Görmə problemli olduğumu özümə çox kompleks edirəm. Amma məcburam ki, öyrəşim. Neyləyim, həyat bunu tələb edir. İndi gözlərimdə bir balaca işıltı var. Nə qədər müalicə etdirdim, əməliyyat olundum, amma yenə də bir xeyiri olmur. O işıltı da tədricən gedir. İşə tək gəlib-gedirəm. Çətinliklərim olur, amma həmişə gəlib-getdiyim yer olduğu üçün artıq yolun istiqamətini tanıyıram. İşə gələndə uşağa anam baxır. Evdə olanda anamın, həyat yoldaşımın köməyi ilə uşağın nəyinəsə kömək edirəm”.

 

Qardaşının 35 yaşı var. Əvvəl musiqi ilə məşğul olurdu. İndi heç nəyə həvəsi yoxdur. Evə qapanıb. İkinci dəfə ailə qurub. Həyat yoldaşı da özü kimi görmə əngəllidir.

 

"Uşağa yemək verəndə...”

 

Sevinc deyir ki, övladının görməsində problem yoxdur. Oğlu dünyaya gələndə ilk öyrənmək istədiyi onun görüb-görməməsi olub. Buna görə çox stres keçirirmiş:

"Gözümdə çəplik də var. Uşağa yemək verəndə qaşığı fərqli yönə aparıram. Uşaq özü ağzını gətirib qaşığı tutur. Özlüyümdə pis oluram ki, mən niyə balama baxa bilmirəm, bəlkə mən də görə bilsəydim... (kövrəlir.) Gözümdəki o bir damcı işıltı sayəsində təxmin edirəm ki, sarışındır, atasına bənzəyir. Amma tam görmürəm. Çox istərdim balamı aydın görüm”.

 

"Övladımın hüquqşünas olmasını istəyərəm”

 

Vaxtilə hüquqşünas olmaq istəyən Sevinc arzularının yarımçıq qaldığını deyir: "Həyata keçirmək istədiyim o qədər arzum var, amma indi onlar çox gec gerçəkləşir, ona görə buna çatanda artıq o həvəsdə də olmursan. Fikirləşirsən ki, yəni, mən o vaxt bunu arzulayırdım? İndi də övladımın hüquqşünas olmasını istəyərəm”.

Görməməsinə baxmayaraq, hər şeyə şükür edən müsahibim deyir ki, Allah görməni ondan alsa da, əvəzində yaxşı ağıl verib: "Görsəydim, bəlkə də, bəziləri kimi, mən də lazım olmayan işlərlə məşğul olardım. İndi pis-yaxşı özümü idarə edirəm. O dərəcədə pis gündə yaşamıram deyə çox şükür edirəm”.

 

"Bizə qüsurlu deyənlərin özlərində daha çox qüsur olur

 

Sevinc bəzən ətrafdan mənfi reaksiyalar görəndə çox pis olduğunu deyir. Hətta elə olur ki, aqressiv cavab verir:

"Düşünürəm ki, məndə bu qüsur var, amma mənə qarşı bu reaksiyanı verən şəxsi araşdırsan, onda o qədər qüsur aşkarlanar ki... Allah hər kəsi eyni yaratmır. Bəzilərindən bir şeyi alır, digərinə bir şeyi verir. Görmə əngəlli, ümumiyyətlə, digər fiziki qüsurlu uşaqların valideynləri də həssas olmalıdırlar. Valideyn gərək uşağın dərdini, istəyini soruşsun. Bəlkə onda sağlam adamın bacarmadığı bir istedad, ideya var”.

Bəli, onların öz dünyası var: daha aydın, daha işıqlı...

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2018.- 13 noyabr.- S.6.