Əcnəbi tələbələrin Azərbaycan sevdası

 

Onların içərisində təhsil sistemimizi bəyənənlər, Bakının küləyindən qorxanlar və özünə yar axtaranlar da var

 

28 oktyabr 1939-cu il - faşist işğalı altında olan Çexoslovakiyada Respublika gününü qeyd etmək üçün küçələrə axışan tələbə və müəllimlər zorakılığa məruz qalırlar. Tələbələrdən biri - Yan Opletal güllələnərək ağır yaralanır. Noyabrın 11-də aldığı güllə yarasından dünyasını dəyişən Opletalın cəsədi noyabrın 15-də Praqadan yaşadığı Moraviya şəhərinə aparılır.

Dəfn mərasimi isə böyük etiraz aksiyasına çevrilir. Faşistlər hadisələrin qarşısının alınması məqsədilə tələbə yataqxanalarını mühasirəyə alırlar və 1200 tələbə saxlanılaraq həbs düşərgələrinə aparılır. Noyabrın 17-də tələbə hərəkatının 9 fəal üzvü və bir neçə professor məhkəmənin hökmü olmadan edam edilir. Adolf Hitlerin qərarı ilə Çexoslovakiyanın bütün ali təhsil müəssisələrinin fəaliyyəti müharibə bitənə qədər dayandırılır.

İki il sonra, 16 noyabr 1941-ci ildə Praqada çex vətənpərvər tələbələrin qətlinin ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində 17 noyabr tarixinin Beynəlxalq Tələbə Günü kimi təsis edilməsi ilə bağlı qərar qəbul olunur.

17 noyabr 77 ildir dünya ölkələrində gənclik, romantika, şənlik günü kimi qeyd olunsa da, onun yaranma tarixinin qanlı hadisələrlə bağlı olması dünya tələbələrini daha da yaxınlaşdıra, dərinin rəngi, dil, ənənələrlə bağlı fərqləri mümkün qədər aradan qaldıra bilib.

 

Azərbaycanda 6 minə yaxın əcnəbi tələbə təhsil alır

 

Dünya dövlətlərində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Tələbə Günü qeyd olunur. Bu gün Azərbaycanda 6 minə yaxın əcnəbi tələbə təhsil alır.

Tələbəlik illəri insan həyatının möcüzələrlə dolu gözəl dövrüdür. Biz də unudulmaz xatirələrlə zəngin olan tələbəlik illərini Odlar Yurdunda keçirən, yəni təhsil üçün ölkəmizə üz tutan əcnəbi tələbələrlə həmsöhbət olduq.

 

Valideynlərinin istəyinin əksinə gedərək ölkəmizi seçən afrikalı

 

İlk həmsöhbətimiz afrikalı Jaime Lima Piresdir. "Qoşulmama Hərəkatı” çərçivəsində tələbə mübadiləsi proqramı əsasında ölkəmizə gəlib. San-Tome və Prinsipi Demokratik Respublikasının vətəndaşıdır. Azərbaycan Texniki Universitetində hazırlıq mərhələsindədir. Bir aydır ki, Bakıdadır.

Xatırladaq ki, 2018-ci ilin aprel ayından Texniki Universitetdə Beynəlxalq Əlaqələr Departamenti yaradılıb. Departamentin əsas fəaliyyəti universitetə daha çox əcnəbi tələbə cəlb etmək, ikili diplomların hazırlanması üçün layihələrin icrası və ali təhsil ocağının beynəlxalq əlaqələrini genişləndirməkdir. Universitetdə təxminən 300-ə yaxın əcnəbi tələbə təhsil alır.

Həmsöhbətim Jaimenin dediyinə görə, burada onun ölkəsini, demək olar ki, heç kim tanımır: "19 yaşım var. Məktəbi bitirəndən sonra ali təhsil almaq üçün çox fikirləşdim. Atam İngiltərədə oxumağımı istəyirdi, çünki bacım orada yaşayır. Anam isə dostları Portuqaliyada qalır deyə orada təhsil almağımı arzulayırdı. Mən isə Bakını seçdim. Azərbaycan haqqında heç bir anlayışım yox idi. Müsəlman ölkəsi olduğunu bilirdim. Təsəvvürümdə başqa cür canlandırsam da, bura gələndən sonra klassik və bir o qədər də müasir bir şəhər, ölkə ilə qarşılaşdım. Tarix, coğrafiya kimi humanitar fənlər məni cəlb etmir. Buna görə texniki ixtisas üzrə təhsil almağa üstünlük verdim”.

Jaime deyir ki, burada hansı ölkədən gəldiyini deyəndə hər kəs təəccüblə qarşılayır. Çünki çoxları bu ölkənin adını eşitməyib. ADA Universitetində müəllim kimi çalışan professor qadın onun ölkəsini tanıyan hələlik tək insandır. Onunla çox yaxşı dost olduqlarını deyən əcnəbi tələbə müəllimə ilə "Gənclik” metrostansiyası yaxınlığında yerləşən kilsəyə gedir, birlikdə qolf oynayırlar.

Dərisinin rənginə görə həmişə diqqət mərkəzində olduğunu deyən Jaime bu baxışları çox hiss etməmək üçün qara eynək taxır. Ona elə gəlir ki, küçədə, metroda, avtobusda, harada olursa-olsun hamı ona fokuslanır.

Müsahibim gələcəyə dair plan quran insan deyil. Deyir, ola bilər ki, getdiyi yolda qarşısına tamam başqa imkanlar çıxsın. O halda yeni plan tərtib etməli olur.

"Bacı-qardaşın varmı” sualına "Bu, uzun hekayədir” cavabını verib yayınmaq istəsə də, bizim üçün maraqlı olduğunu görüb danışmağa başladı. Məlum oldu ki, Jaimenin nə az, nə çox - düz 17 bacı-qardaşı var. Səbəbi isə Jaime doğulandan sonra valideynlərinin müəyyən problemlər üzündən ayrılmasıdır: "Onlar ayrılandan sonra anam ailə qurub. İki qızı var. Atamın isə 15 uşağı var”.

Jaime deyir ki, Azərbaycanda qız-oğlan dostluğu elə də qəbul edilmir. Burada mentalitet bəzi qadağalar qoyur. Ona elə gəlir ki, ölkəmizdə insanlar sanki planlaşdırılmış həyat yaşayırlar: "Burada bəzi məkanlarda kişi və qadınlar üçün yemək yerləri ayrıdır. Əsasən oğlanların oturduğu çayxanada və ya bəzi restoranlarda qadınlar çox olmur”.

 

"Azərbaycanda insanlar çox mehribandır, sənə kömək etməyə can atırlar”

 

Almaniyadan gəlmiş 29 yaşlı Aleksey Andryuşin Azərbaycan Texniki Universitetində Maşınqayırma ixtisası üzrə bakalavr təhsili alır. Rusiyada anadan olan tələbə hələ birinci kursdadır. İki qardaşı var.

Aleksey 12 yaşında olanda ailəsi Almaniyaya köçüb. Rus dilini yaxşı bildiyi üçün Azərbaycanda təhsil şansını dəyərləndirmək qərarına gəlib: "Düşündüm ki, bu, həm də başqa ölkədə yaşamaq üçün əla şansdır. Gəlməmişdən əvvəl buranı Qazaxıstan, Rusiya kimi təsəvvür edirdim. Azərbaycanda insanlar çox mehribandır. İnsanlar sənə kömək etməyə can atırlar. Rasizm, mənfi münasibət duymamışam. Kirayə ev tutmuşam. Təhsil təqaüdü alıram və bu, mənim dolanışığım üçün yetərlidir. Çalışıram ki, başımı çox qatım və ailəm üçün darıxmayım. Burada hamı rus dilini bilmir, amma ünsiyyət qurmaqda elə də çətinliyim olmur. Azərbaycan dilində ancaq "Salam, sağ ol, maşallah, inşallah” sözlərini bilirəm.

Aleksey deyir ki, onu ən çox təəccübləndirən Bakının küçələrində çoxlu pişiyin olmasıdır. Amma xoşlamadığı şeylər də var. Bunlar, əsasən, tıxaclar və avtobusların sərnişinlə dolu olmasıdır. Bu da bütün iri şəhərlər üçün eyni hal sayılır: "Təhsilimi bitirəndən sonra burada qalmaq istəyərəm, amma üç illik təhsildən sonra geri qayıdıb 5 il işlədiyim İsveç şirkətində təcrübə keçməliyəm”.

 

"Sizin insanlar dostluğu sevəndir”

 

Artıq 3 ildir ki, Azərbaycan Texniki Universitetində Metallurgiya mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alan Guo Yuyangın 23 yaşı var. Çin Xalq Respublikasının şimal-şərqində yerləşən Harbin şəhərinin vətəndaşıdır.

Çinlə Azərbaycan arasında "Bir kəmər, bir yol” layihəsi çərçivəsində təcrübə mübadiləsi proqramı əsasında bura gəlib. Gələn il təhsilini başa vurduqdan sonra geri qayıdacaq. Bakını çox sevdiyini və bura üçün darıxacağını deyir.

Guo azərbaycanlıların dostluğu yaxşı bacardıqlarını söyləyir: "Sizin insanlar çox mehriban və dostluğu sevəndir. Onlar kömək etməyi xoşlayırlar. Burada təhsil elə də çətin deyil, amma mənə çətin gəlir. Çünki mən dili bilmirəm. Rus dili biliyim yaxşı deyil və çətin dil olduğundan üç ildir ki, hələ də öyrənib qurtara bilmirəm. Rus dili biliyim ünsiyyət üçün kifayət edir, amma təhsil üçün yetərli deyil”.

Bakıda tıxac hallarının çox yaşandığını deyən Guo buna görə də hər gün dərsə 40-45 dəqiqəyə gəlib çata bildiyini deyir: "Dərsə gecikməyim deyə yuxudan durub hazırlaşan kimi evdən çıxıram. Səhər yeməyə də vaxtım çatmır. Yataqxanada qalıram. Yeməyi, əsasən, universitetin bufetində yeyirəm. Hərdən metrodan da istifadə edirəm. Avtobuslarda havalandırma sistemi olsa da, metro qatarlarında yoxdur. Çox isti olur. Günümə, əsasən, 10 manat pul xərcləyirəm. Dostum mənə Azərbaycan dilini öyrədir, mən də ona çin dilini başa salıram. Hərdən buradakı çinli dostlarımla yığışıb Çinin milli yeməklərini hazırlayırıq”.

 

"Bakı mənim ikinci şəhərim olub”

 

Digər müsahibimiz də Çin vətəndaşı Gao Şuanveydir. 25 yaşı var. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi fakültəsi üzrə magistr təhsili alır. Çinin İnner Monqolia şəhərindəndir. Çinlə Azərbaycan arasında "Bir kəmər, bir yol” çərçivəsində təcrübə mübadiləsi proqramı əsasında Azərbaycana gələn ilk tələbədir.

Bakını çox sevdiyini və burada rahat yaşadığını deyən Şuanvey əvvəl internet vasitəsilə ölkəmiz haqqında araşdırma da aparıb: "Çində hidrometeorologiya ixtisası üzrə bakalavr təhsili aldım. Magistr təhsili barədə düşünəndə belə bir imkan yarandı və dəyərləndirmək istədim. Çində də oxşar ixtisas tədris olunur, ancaq düşündüm ki, ölkələrimizin təhsil sistemləri başqadır, eləcə də fərqli bir mədəniyyət, insanlarla tanışlıq mənə daha maraqlı gəldi. Əvvəlcə internetdən Bakının görüntülərinə baxdım. Dənizin sahilində yerləşməsi çox xoşuma gəldi. Artıq iki ildir buradayam. Ötən il ancaq rus dili tədrisi ilə məşğul oldum. Universitetimizin yataqxanasında qalıram. Bakı artıq mənim ikinci şəhərim sayılır”.

İnsanların ona qarşı mehriban davrandığını, hər çətinlikdə ona kömək etdiyini deyən Şuanvey ilk günlər dil bilmədiyi üçün ünsiyyət qurmaqda çətinlik çəkirmiş. İndi rus dilini öyrənib və hər şeyin normal olduğunu deyir: "Başlanğıcda, təbii ki, hər şey çətin gəlir. Rus və ingilis dillərini pis bilirdim. Bura gələndə əvvəlcə fikirləşdim ki, bacarmayacam, amma müəllimlərim mənə çox kömək oldu. İndi hər şey normaldır. Dərsimiz axşam saat 6-da başlayır deyə o saata kimi boş durmuram. Səhər saat 7-də durub universitetə, rus dili hazırlığına gedirəm. Sonra kitabxanaya gedib mütaliə ilə məşğul oluram. Dərsdən axşam saat 9-da çıxıram. Evə yorğun gəlirəm. Tapşırıqlarımı edib yatıram. Hər günüm belə keçir. İndi mənim üçün əsas olan yüksək təhsil almaqdır”.

Bakını çox bəyənsə də, küləkli olmasından gileylənir. Şuanvey deyir ki, Çində də küləkli hava olur, amma Bakının küləyi çox soyuqdur. Universitetdə təhsildən qane olan Şuanvey təhsilini başa vurduqdan sonra geri qayıtmalıdır. Ancaq o, burada qalmağı çox istəyir.

 

"Mədəniyyətlərimizdə oxşar nüanslar var”

 

Yəməndən olan Haşid əl-Əvlaki də Memarlıq və İnşaat Universitetində inşaat mühəndisliyi ixtisası üzrə təhsil alır. 26 yaşı var. İordaniyada mühəndislik üzrə bakalavr təhsili alıb. 3 bacı, 4 qardaşı var.

Yəməndə müharibə şəraiti olduğundan yaşayışın çox çətin olduğunu deyən Haşid burada sanki yeni bir həyata başlayıb. Rahatlığa qovuşduğunu deyən tələbə artıq bir aydır ki, Bakıdadır. Deyir ki, Yəməndə çox şey məhv edilib: "Bura gəlməmişdən əvvəl düz bir ay düşündüm və nəhayət, qərarımı verdim. İndi düşünürəm, yaxşı ki, bu qərarı vermişəm. Azərbaycanın mədəniyyəti, şəhərləri, təhsili haqqında məlumatlandım. Yəmən və Azərbaycan islam ölkəsi olduğundan mədəniyyətlərimizdə oxşar nüanslar var. Ancaq ölkənizdə insanlar daha ünsiyyətcildir, onlar mənə çox kömək edirlər. Azərbaycan dilini bilməsəm də, istəklərimi hərəkətlərimlə izah edirəm. Azərbaycan haqqında çox məlumat toplamağı, dilinizi öyrənməyi çox istəyirəm”.

Təhsil təqaüdü vasitəsilə dolanan Haşid evdəkilər üçün çox darıxsa da, artıq bununla barışıb. Buradakı təhsil onu çox qane edir. Deyir ki, əgər təhsilini bitirəndən sonra burada qalıb işləmək imkanı olarsa, qalacaq. Respublikamızı multikultural ölkə adlandıran Haşid hətta burada azərbaycanlı xanımla evlənə biləcəyini də istisna etmir: "Ola bilər ki, azərbaycanlı bir xanımla evlənim. Ailəm də buna razı olar. Əsas hansı ölkədən, mədəniyyətdən olması deyil, insanın özüdür. Hələ ki Bakını çox yaxşı tanımıram deyə elə həftəsonları universitetimizin yaxınlığındakı yerləri gəzirəm. Azərbaycan yeməkləri çox dadlıdır. Bizdə də kabab var deyə bura gələndə əvvəlcə kabab axtardım. Çalışıram ki, buradakı insanlarda Yəmən barədə müsbət təsir yarada bilim. Eləcə də Azərbaycandan da ora yaxşı təəssürat aparacağıma ümid edirəm”.

 

Azərbaycanda təhsil alan xarici nazirlər, hətta prezident var

 

Gəncliyin ən gözəl günləri sayılır tələbəlik illəri. Bu illər hər birimizin yaddaşına özünəməxsus xatirələri ilə həkk olunub. Hələ də hər dəfə o mehriban, qayğısız illərimi xatırlayanda ürəyimizin telləri sızıldayır.

Xatırladaq ki, vaxtilə Azərbaycanda təhsil almış əcnəbi tələbələrin uğurlu karyeraları olub. Onların içərisində sonradan öz ölkəsində müxtəlif yüksək dövlət strukturlarında işləyən, deputat, nazir, baş nazir, spiker, hətta prezident olanı da olub. İnanırıq ki, bu gün ölkəmizdə təhsil alan əcnəbi tələbələr öz ölkələrində uğur qazanacaq, həm də Azərbaycanın təbliğatı istiqamətində faydalı lobbiçilik edəcəklər.

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2018.- 17 noyabr.- S.9.