Regionun neft ixracı arteriyası

 

19 il əvvəl İstanbul zirvə toplantısında BTC-nin marşurutu müəyyənləşdirən sənəd imzalanmışdır

 

1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və ABŞ prezidentləri Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tarixində həlledici rol oynayan mühüm sənəd imzaladılar.

Bu, xam neftin BTC vasitəsilə Azərbaycanın, Gürcüstanın və Türkiyənin əraziləri ilə nəql edilməsinə dair saziş idi. Həmin saziş "Əsrin müqaviləsi”ndən sonra ikinci mühüm sənəd kimi Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edirdi.

BTC-nin marşrutunu müəyyənləşdirən bu hadisədən bir il əvvəl, 1998-ci il oktyabrın 19-da kəmərin tikintisi ilə bağlı "Ankara bəyannaməsi” imzalanmışdı. Layihəyə yaşıl işıq yandıran növbəti, daha vacib bir sazişin imzalanması da ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və dünyadakı nüfuzu sayəsində mümkün olmuşdur.

Məlum olduğu kimi, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Ona görə də "Əsrin müqaviləsi” çərçivəsində çıxarılan nefti dünya bazarlarına nəql etmək üçün boru kəmərləri çəkilməli idi. 1999-cu ildə Azərbaycan neftini Bakı-Supsa marşrutu ilə daşıyan Qərb İxrac Boru Kəməri istifadəyə verildi. Bu, texniki cəhətdən çox mürəkkəb layihə idiböyük maliyyə vəsaiti tələb edirdi. Lakin tikintinin müvəffəqiyyətlə başa çatdırılması göstərdi ki, Azərbaycan qısa müddətdə böyük işlər həyata keçirməyə qadirdir.

Bakı-Supsa kəməri ilk dəfə Xəzər dənizi ilə Qara dənizi "birləşdirdi”. Bu həm də inam yaradırdı ki, Azərbaycan daha böyük layihələrə imza ata bilər.

Zaman da məhz belə qlobal layihələrin gerçəkləşməsini tələb edirdi. Yəni, BTC-nin tikilməsi zərurəti "Əsrin müqaviləsi”nin real nəticələr verməsindən irəli gəlirdi. 1997-ci ilin noyabrında "Çıraq” platformasından ilkin neft alınmışdı. Qarşıda "Azəri”, "Dərinsulu Günəşli” yataqlarının işlənməsi dururdu və hasilatın ildən-ilə artacağı yəqin idi. Fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü isə getdikcə artan neft həcmlərini nəql etmək üçün kifayət deyildi. Odur ki, ulu öndər Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin ortalarında özünün uzaqgörən qərarını vermişdi. Bu, BTC-nin tikilməsi ideyası idi.

Bu il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev BTC barədə demişdir: "2002-ci ildə biz artıq "Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildibu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.

Kəmər istifadəyə verilərkən layihənin tərəfdaşları ona ulu öndər Heydər Əliyevin adının verilməsi təklifini irəli sürdülər və bu təşəbbüs yekdilliklə bəyənildi. BTC 12 ildən çoxdur Azərbaycan neftini dünya bazarlarına ahəngdar və təhlükəsiz şəkildə nəql edərək bu adı şərəflə daşıyır.

Təsadüfi deyil ki, bu boru kəməri regionda enerji ixracının başlıca arteriyası sayılır. Mühüm strateji obyekt kimi dəyərləndirilən BTC qapalı Xəzər hövzəsi və bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir. Kəmərin ixrac etdiyi neft bu ilin iyul ayınadək 3929 tankerə yüklənib və dünya bazarlarına yola salınıb. 3929-cu tankerə vurulan neft 3 milyardıncı barel olub.

Ötən illər ərzində BTC təkcə Azərbaycanın deyil, bütün regionun xeyir-bərəkət mənbəyinə çevrilib. Lakin onun əhəmiyyəti təkcə bununla bitmir. Qədim neft diyarı Azərbaycanın bu gün həm də qaz hasilixrac edən ölkə kimi şöhrəti artdıqca BTC daha böyük önəm kəsb edir. "Şahdəniz” qazını nəql edən Bakı-Tbilisi-Ərzurum kəmərinin Azərbaycandan və Gürcüstandan keçən hissəsi məhz BTC ilə bir dəhliz boyu çəkilib. Xəzərin sahilindən başlanan bu dəhliz Adriatik dənizinin altından keçərək İtaliya torpağına çatacaq. Başqa sözlə, Azərbaycan qazının dünya bazarlarına ixracı üçün yeni yollar çəkilir və bu yolların başlanğıcında dayanan BTC-dir.

Beləliklə, 19 il əvvəl ulu öndər Heydər Əliyevin gərgin mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində BTC qarşısında yandırılan yaşıl işıq uzun bir yola nur saçaraq böyük bir yüksəlişin başlanğıcı oldu. O vaxt yalnız BTC-nin marşrutu müəyyənləşdirilsə də, əslində, gələcəyə doğru nəhəng bir addım atılaraq neçə-neçə qlobal layihənin təməli qoyuldu.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2018.- 18 noyabr. - S.1; 3.