Ədalət mühakiməsinin etibarlı təminatı

 

Azərbaycanda müasir hüquq sisteminin tələblərinə uyğun məhkəmə hakimiyyəti formalaşıb

 

Bu il xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini böyük təntənə ilə qeyd etdi. Amma bayram tədbirləri davam edir. Çünki 2018-ci ildə cümhuriyyət dövründə əsası qoyulmuş bir çox dövlət təsisatlarının da yaradılmasının 100-cü ildönümü tamam olur.

İndi isə növbə ədliyyə orqanlarına çatıb. Artıq 18 ildir ki, ədliyyə sistemində çalışanlar noyabrın 22-ni bayram günü kimi qeyd edirlər. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə təsis edilmiş bu günü ədliyyə işçiləri hər il yeni-yeni nailiyyətlərlə qarşılayırlar. Noyabr ayının 22-nin ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi ümummilli lider Heydər Əliyevin dövlətçilik tariximizə, Xalq Cümhuriyyətinə və onun qurucularına böyük ehtiramının təzahürüdür.

Bu məqalədə əsasən ədliyyənin mühüm qolu olan və mənim də təmsil olunduğum məhkəmə sisteminin inkişafı, xüsusən müstəqillik illərində bu sahədə həyata keçirilən islahatlardan söz açmaq istəyirəm. 1918-ci ildə Azərbaycanda məhkəmə sistemi dağınıq, pərakəndə və iflic vəziyyətində idi. Şəhər və qəzaların əksəriyyətində hüquqşünas kadrlar, xüsusilə müstəntiq və hakimlər çatışmırdı, bəzi yerlərdə isə məhkəmə idarələri öz fəaliyyətini dayandırmışdı. Ona görə cümhuriyyət hökuməti ilk gündən məhkəmələrin fəaliyyətinin nizama salınması, ədalət mühakiməsinin həyata keçirilməsi, penitensiar sahədəki vəziyyətin yaxşılaşdırılması üçün hüquqi islahatlara başlamışdı. İlk növbədə, respublikada qanunçuluğun bərpası ilə əlaqədar müvafiq hüquqi tədbirlər görülmüş, qısa müddətdə məhkəmə aparatları bərpa edilmişdir. Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa olunmuş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinə əsasən, Azərbaycan Məhkəmə Palatası Mülki və Cinayət departamentlərindən ibarət idi. Palatanın yurisdiksiya dairəsi isə respublikanın bütün ərazisini əhatə edirdi. Məhkəmə Palatası həm də respublikanın dairə məhkəmələri və bu məhkəmə dairələrindəki barışıq şöbələri üçün ikinci instansiya (apelyasiya) məhkəməsi sayılırdı.

Cümhuriyyət parlamentinin 26 dekabr 1918-ci il tarixli iclasında hökumətin qəbul etdiyi deklarasiyada göstərilirdi ki, ədliyyə hökumətin diqqət mərkəzində olan mühüm sahələrdən biridir. O da qeyd olunurdu ki, məhkəmə orqanları olmadan heç bir dövlət mövcud ola bilməz. Bu, Xalq Cümhuriyyətinin ölkədə hakimiyyətlərin demokratik bölgüsünə verdiyi mühüm qiymətin təsdiqi idi.

1920-ci ilin aprelində hakimiyyətin bolşeviklər tərəfindən zəbt olunmasından və Azərbaycanın işğalından sonra yaradılan bütün demokratik dəyərlər məhv edildi. Sovet hakimiyyəti illərində Azərbaycanda ədalət mühakiməsini Azərbaycan SSR Ali Məhkəməsi, Naxçıvan Ali Məhkəməsi, Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Məhkəməsi, SSRİ xüsusi məhkəmələri və xalq məhkəmələri həyata keçirmişdir.

İnkişaf etmiş sivil dövlətlərin təcrübəsi göstərir ki, müstəqilliyi şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə, qanunların aliliyinin təminatından, məhkəmə hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından çox asılıdır. Bu mənada 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri də ölkənin keçmiş sovetlər birliyindən miras qalmış hüquq sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması idi. Lakin ilk illərdə hüquqi islahatların aparılması istiqamətində nəinki addımlar atılmadı, heç təşəbbüs də göstərilmədi. Yeni hüquqi islahatlar yalnız ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyə başlamasından sonrakı dövrə təsadüf etdibu sırada məhkəmə islahatları xüsusi qeyd edilməlidir.

Müstəqil Azərbaycanın demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk Konstitusiyası respublikamızda demokratik quruluşunhüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaratmışdır.

Konstitusiyada ilk dəfə olaraq məhkəmə hakimiyyəti anlayışı verilmişdir. Bununla da cəmiyyətdə yaranan bütün hüquq münasibətlərinin həlli məsələsi məhkəmə orqanlarının səlahiyyətinə aid edilmişdir. Məhkəmə hakimiyyətinə verilmiş yeni səlahiyyətlər nəzərə alınmaqla ölkə tarixində ilk dəfə olaraq Əsas Qanunda hakimlərin sərbəstliyi və müstəqilliyinin vacib təminatı, onların dəyişməzliyi prinsipləri reallaşmışdır.

Bu mənada məhkəmə hakimiyyəti, onun hüquqi dövlətdə roluyeri ilə bağlı əsas ideyalar Konstitusiyada bünövrə kimi qoyulmuş konseptual əsaslardan irəli gəlir. Ulu öndər də yaxşı bilirdi ki, müstəqil məhkəmə hakimiyyəti yaratmadan mükəmməl siyasi sistem qurmaq mümkün deyil. Belə məhkəmə hakimiyyəti yaratmaq üçün isə ölkədə köklü islahatlara ehtiyac var idi. Ona görə məhz Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında” qanun qəbul edildi. Həmin qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında proqram xarakterli fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı.

Beləliklə, həmin qanuna əsasən, respublikada hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır. Bu modelə əsasən, ölkədə birinci instansiya, apelyasiyakassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etməklə, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra qanunla nəzərdə tutulan hallarda apelyasiya qaydasında baxılmasına, daha sonra isə kassasiya qaydasında yenidən baxılmasına imkan verir. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərə düzgünobyektiv baxılmasına şərait yaradır.

Dövrün tələbi ilə səsləşən mütərəqqi hüquq islahatlarının aparılması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin olunması, qanunun aliliyi prinsipinin bütün səviyyələrdə qorunması vətəndaş cəmiyyəti quruculuğu prosesinin fundamental şərtlərindən biridir. İctimai münasibətlər də qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmə tələb edir. Bunu nəzərə alaraq ulu öndər Heydər Əliyevin insan hüquqlarının qorunmasını ön plana çəkməklə əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 15 ildə onun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir.

Məhz ölkə rəhbərliyinin iradəsi və təşəbbüsü ilə 2004-cü ildən başlayaraq məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işi həyata keçirilir. Təbii ki, hər bir islahat öncə qanunvericilikdən başlayır. Bu baxımdan, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında” və "Məhkəmə-Hüquq Şurası haqqında” qanunlar xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən, məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunmuş, onların intizam məsuliyyəti məsələləri şuranın səlahiyyətinə aid edilmiş, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Bununla yanaşı, Məhkəmə-Hüquq Şurası yanında hakimlərin və dövlət ittihamçılarının, o cümlədən hakimliyə namizədlərin tədrisi ilə məşğul olan ayrıca sektor fəaliyyətə başlamışdır.

Məhkəmə hüquq islahatlarının məntiqi davamı kimi Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanı isə respublikamızın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Bu fərman reallıqdan doğan zərurət olmaqla məhkəmə islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etdi. Fərmana əsasən, Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan şəhərlərində apelyasiya məhkəmələri, həmçinin Bakı, Sumqayıt və Şəkidə yerli iqtisad məhkəmələri, Naxçıvan Muxtar Respublikasında isə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə təşkil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında” və "Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” fərmanına əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi, habelə Lənkəran, Gəncə, Şəki ağır cinayətlər məhkəmələri yaradılmışdır.

1 və 2 saylı Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan və Naxçıvan Muxtar Respublikasının iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr təşkil edilmiş, onların sədrləri və hakimləri təyin olunmuşlar. 2011-ci il yanvarın 1-dən iqtisadi, inzibati işlərə məhz yeni yaradılmış inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu isə iqtisadi xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanuna müvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir. Bakıda 1 və 2 saylı, o cümlədən Gəncə, Sumqayıt, Şəki və Şirvanda inzibati-iqtisadi məhkəmələrin yaradılması ədalət mühakiməsinin səviyyəsinin keyfiyyətcə daha da yaxşılaşmasını təmin etmişdir. Ölkədə ilk dəfə olaraq inzibati məhkəmələrin fəaliyyətə başlamasını insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm bir addım kimi xarakterizə etmək olar.

Məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə müasir infrastruktur yaradılır. Dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində son illər paytaxtda və bölgələrdə müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni məhkəmə bina və kompleksləri tikilib istifadəyə verilib, o cümlədən hazırda bir neçə məhkəmə üçün yeni binaların inşası aparılır. Görülən məqsədyönlü işlər ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına, keyfiyyətli xidmətlərin göstərilməsinə öz müsbət təsirini göstərmişdir. Hakimlərin sayının da iki dəfə artırılması yükünün xeyli azalmasına və keyfiyyətə müsbət təsir göstərmişdir.

Mülki, inzibati-iqtisadi, cinayət və hərbi işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi də bu illərdə böyük inkişaf yolu keçmiş, kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini layiqincə təmin etmişdir. Bu dövrdə Ali Məhkəmənin də fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ali Məhkəmənin strukturu yeniləşdirilmiş, məhkəmə fəaliyyətinin hüquqiinformasiya təminatı gücləndirilmiş, aparatda yeni texnologiyalar tətbiq edilmiş, aparatın yeni strukturunun fəaliyyəti gücləndirilmişdir.

Ali Məhkəmənin funksiyaları yalnız məhkəmə prosesi ilə məhdudlaşmır. Daxili hüquq sisteminin effektivliyiniqanunun aliliyini təmin edən ədalət mühakiməsinin yuxarı məhkəməsi olan Ali Məhkəmə son instansiya olaraq, milli məhkəmələrdə məhkəmə prosesinin ümumi təcrübəsini müəyyən edir, qanunvericiliyin bütün məhkəmələr tərəfindən ardıcıl olaraq tətbiq edilməsini, hüququn ziddiyyətsizliyini və dürüstlüyünü, habelə qanunun təkmilləşdirilməsini təmin edir. Məhkəmə təcrübəsinin ziddiyyətsizliyi milli məhkəmələr tərəfindən tətbiq edilən hüquqi müddəaların şərh edilməsinin gözlənilən olmasına, habelə məhkəmə qərarlarının ardıcıllığına və proqnozlaşdırılmasının mümkünlüyünə təminat verir.

Məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində tətbiq olunan yeniliklərdən biri də "Elektron məhkəmə” informasiya sisteminin yaradılmasıdır. Bununla bağlı, Prezident İlham Əliyev 2014-cü il fevralın 13-də müvafiq sərəncam imzalamışdır. Artıq tətbiq olunan "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlar məhkəmələrə yaradılan şəxsi kabinet vasitəsilə elektron şəkildə müraciət etmək imkanı əldə etmişlər. Bu isə müasir informasiya texnologiyalarının üstünlüklərindən yararlanmaqla məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir. Azərbaycan Respublikasının Ali Məhkəməsində 2016-cı ildən "Elektron məhkəmə” informasiya sistemi tətbiq edilməyə başlanmış və bu sistemin tətbiqi göstərilən elektron xidmətlərin keyfiyyətinin artmasına, Ali Məhkəmənin ümumi fəaliyyətində operativliyin təmin olunmasına gətirib çıxarmışdır.

Azərbaycanda son illər aparılan, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları sayəsində tamamilə yeni və beynəlxalq standartlara cavab verən, vətəndaşların hüquq və azadlıqlarının daha da etibarlı müdafiəsini təmin edən müasir məhkəmə sistemi yaradılmış və bu sahədə əldə edilmiş nailiyyətlər və qabaqcıl təcrübə ölkəmizdə bu islahatlara önəmli dəstək verən Avropanın aparıcı dövlətləri tərəfindən də etiraf olunmaqdadır.

Prezident İlham Əliyev ölkədə hüquqi, siyasiiqtisadi islahatların bundan sonra da paralel şəkildə aparılacağını, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dövlət səviyyəsində lazımi diqqət və qayğının göstəriləcəyini daim xüsusi vurğulayır. Bu islahatlar nəticəsində Azərbaycanda məhkəmələrin fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlək mexanizmlər əsasında həyata keçirilməsi mümkün olacaq.

 

Hikmət MİRZƏYEV,

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati-İqtisadi Kollegiyasının sədri

 

Azərbaycan.- 2018.- 20 noyabr.- S.9.