“Bizə hər cür kömək göstərilir”

 

Dövlət başçısına minnətdarlıq

 

Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş igid vətən övladlarının ailə üzvlərinin həyat səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyevin sosial siyasətinin başlıca istiqamətlərindən biridir. Şəhid ailələrinin yeni mənzillərlə, prezident təqaüdləri ilə, eləcə də pensiya və müavinətlərlə təminatı hər zaman diqqət mərkəzində saxlanılır.

Bu isə onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan qəhrəman vətən övladlarının ailə üzvlərinin rifah halının yaxşılaşdırılması məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan tədbirlər yüksək səviyyədə davam etdirilir. Şəhid ailələrinə, həmin döyüşlərdə əlil olan şəxslərə dövlət qayğısını artırmaq məqsədilə icra olunan proqramlar uğurla yerinə yetirilir. Dövlət başçısının prezident seçkilərindən sonra ilk fərmanı ilə şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi də bu sosial siyasətin tərkib hissəsidir.

Ölkə rəhbərinin imzaladığı fərmana uyğun olaraq birdəfəlik yardım alanlardan biri də Şəmkir rayonunun Morul kəndinin sakini Akif Hüseynovdur. Bu günlərdə digər şəhid hərbçi ailələrində olduğu kimi Akif Hüseynovun ailəsində də bu fərman böyük minnətdarlıq hissi ilə qarşılanıb. Şəhidin atası evində oğlunun igidliklərini əks etdirən bir neçə sənədi də bizə göstərdi.

Elpərəst Akif oğlu Hüseynov 1970-ci ildə Şəmkir rayonunun Morul kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Ukraynada desant qoşunlarında xidmət edib. Yaxşı idmançı idi. Hərbi xidmət zamanı döyüşçülər arasında dəfələrlə keçirilən yarışlarda karate üzrə çempion olub. "Qara kəmər” ustası idi. Hərbi təhsildən sonra ona baş çavuş rütbəsi vermişdilər. Bir çox silahlardan istifadə etməyi bacarırdı. 1990-cı ilədək Ukraynada xidmət etdi. Lakin 1990-cı illərdə ermənilərin torpaq iddiası ilə Azərbaycana hərbi hücumları zamanı digər azərbaycanlı igidlər kimi o da vətənə qayıtdı. Azərbaycan Daxili Qoşunlarında xidmətə gəldi və qızğın döyüşlər gedən Ağdam rayonuna yollandı. İlk gündən döyüşlərdə nümunə göstərdi. Dostları onu "Kobra” adlandırır, Amerika filmlərindəki məğlubedilməz qəhrəmanlara bənzədirdilər. Sadə, mülayim təbiətli, öz köməyini heç kimdən əsirgəməyən gənc idi. Ağdamın Çıldıran, Sırxavənd, Ağdərə və sair kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşurdu. Hətta bu döyüşlərin birində qolundan yaralansa da, geri çəkilməyərək düşmənə ağır zərbələr endirdi. Lakin Ağdərə uğrunda gedən döyüşlərdə mühasirəyə düşdü. 7 gün yaralı vəziyyətdə meşədə qalan Elpərəst dünyasını dəyişdi. Döyüş dostları onun cəsədini çətinliklə də olsa mühasirədən çıxartdılar. Dövlət başçısının fərmanı ilə ölümündən sonra "İgidliyə görə” medalı ilə təltif olundu.

Elpərəstin atası Akif Hüseynov da hərbçi olub. Deyir ki, 3 oğlu var idi. Hazırlaşırdı ki, Elpərəstin toyunu etsin. Lakin əcəl macal vermədi. Həyatı yarımçıq qaldı. Anası Zinaida oğul itkisinə dözə bilməyib, bir il sonra dünyasını dəyişdi.

Söhbət zamanı Akif Hüseynov onu da dedi ki, sağ olsun Prezident. Şəhid ailələrinə xüsusi diqqət qayğı göstərir. Rayon rəhbərliyi tez-tez gəlib dolanışığımızla maraqlanır. Yeri gələndə kömək göstərir. Oğlanlarımı evləndirmişəm. İndi nəvə, nəticə sahibiyəm. Dolanışığımız pis deyil. Mənə verilmiş 72 sot pay torpağında yem bitkiləri əkirəm. Təsərrüfatımda xeyli mal-qara saxlayıram. Ailəmizə veriləcək 11 min manatı isə tikintisi yarımçıq qalmış evimizin başa çatdırılmasına sərf edəcəyəm.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2018.- 24 noyabr.- S.2.