Qələmlə qazanılan nüfuz

 

Etibar Əhədov Lənkəranın sayılıb-seçilən ziyalılarındandır. Əqidəcə saf, sözündə, əməlində bütöv, ləyaqətini, jurnalistlik mədəniyyətini, etikasını qoruyan şəxsdir. O, 1948-ci il noyabrın 22-də Lənkəranın Vilvan kəndində dünyaya göz açıb. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini, 1985-ci ildə Moskvada Mətbuat İşçiləri Ümumittifaq İxtisasartırma İnistutunun jurnalistika sənətkarlığı şöbəsini bitirib. Əmək fəaliyyətinə 1966-cı ildə rayonun Vilvan kəndindəki təsərrüfatda başlayıb, hərbi xidmətdən sonra kənddəki rabitə şöbəsində işləyib.

E.Əhədov 1971-ci ildən həyatını mətbuata bağlayıb. Lənkəran yerli radio verilişləri redaksiyasının redaktoru, "Leninçi” (indi "Lənkəran”) qəzetinin məsul katibi, redaktor müavini, redaktoru, "Lənkəranın səsi” qəzetinin baş redaktoru, Lənkəran Dövlət Universiteti mətbuat və informasiya xidmətinin rəhbəri vəzifələrində çalışıb.

E.Əhədovun 47 illik peşəkar jurnalistlik fəaliyyətində Lənkəranın iqtisadi, sosial və mədəni həyatına aid məqalə, oçerkpublisistik yazıları təkcə Azərbaycanın deyil, MDB ölkələrinin müxtəlif mətbuat orqanlarında, o cümlədən "Pravda”, "İzvestiya”, "Selskaya jizn”, "Komsomolskaya pravda” qəzetlərində, "Oqonyok”, "Sovetskiy soyuz” jurnallarında çap olunub. 1999-cu ildən Azərbaycan Yazıçılar, 1978-ci ildən Azərbaycan Jurnalistlər birliklərinin üzvü olan Etibar Əhədovun yaradıcılığında bədii publisistika əsas yer tutur. "Lənkəranda bir ev var” adlı ilk publisistik kitabı 1989-cu ildə "Yazıçı” nəşriyyatında çap edilib. Müxtəlif nəşriyyatlarda 54 kitabı çıxan, 30-dan çox kitaba redaktorluq edən Etibar Əhədovun gənc jurnalist kadrlarının yetişməsində də əməyi çoxdur. Jurnalistika sahəsində ilk addımlarını atan onlarca gənc onun yanında təcrübə keçib.

Bədii, publisistik yazılarına görə üç dəfə respublika, bir dəfə Ümumittifaq müsabiqələrinin, beş dəfə Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun ən yaxşı yazı müsabiqəsinin qalibidir. Üç dəfə Azərbaycan Jurnalistlər Birliyinin mükafatına, Lənkəran Şəhər İcra Hakimiyyətinin 20-dən çox Fəxri fərmanına layiq görülüb.

Filologiya üzrə fəlsəfə doktoru Hacı Mirhaşım Talışlı ilə birgə yazdığı "Lənkəran: ensiklopedik məlumat” kitabı Lənkəran tarixinin salnaməsidir. Lənkəranın məktəb, səhiyyə, poçt rabitəsi, maliyyə tarixi, görkəmli şəxsiyyətlər, ayrı-ayrı kəndlərin tarixi, etnoqrafiyası haqqında yazdığı kitablar məhsuldar jurnalist araşdırmalarıdır. Uzun illərdir ki, "Molla Nəsrəddin” jurnalının Lənkəran müxbirləri ilə bağlı elmi araşdırmalar aparır. Bununla əlaqədar Naxçıvanın Nehrəm kəndində olmuş, yerli sakinlərlə görüşüb söhbət etmişdir. Araşdırmaları hələ tələbə ikən Bakı Dövlət Universitetinin "Jurnalistika”, "Elm və həyat” jurnallarında, sonralar Lənkəran Dövlət Universitetinin "Xəbərlər” bülletenində, "Ədəbiyyat” qəzetlərində dərc olunmuşdur.

Hüquq elmləri doktoru, professor İbrahim Quliyev deyir ki, Etibar müəllim jurnalist şərəfini, etikasını həmişə qoruyub.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov üçünEtibar Əhədov dostluqda, yoldaşlıqda sədaqətli, jurnalistlik peşəsinə hörmətlə yanaşan, cəmiyyətdə öz layiqli yerini tutan istedadlı qələm ustasıdır.

Bəli, bu gün hansı lənkəranlıdan soruşsan, Etibar Əhədov haqqında xoş sözlər deyər. Bu hörməti o öz sadəliyi, istedadı, zəhməti, insanlara münasibəti ilə qazanıb.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2018.- 28 noyabr.- S.7.