Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 29-da baş prokuror Zakir Qaralov Tərtər Rayon Prokurorluğunun inzibati binasında Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 26 vətəndaşın müraciətini dinləyib. Qəbulda qaldırılan məsələlərin qanunauyğunoperativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 2.