Emal müəssisəsi pambıqçıların yanında olanda...

 

"MKT-Neftçala” istehsalçıların ümidlərini doğruldur

 

Pambıqçılığın dirçəldilməsi torpaq mülkiyyətçilərinin, fermerlərin ürəyindən olmuşdur. Çünki gəlirli sahədir. Yaxın üç ilin nəticələri bunu aydın göstərir. El arasında belə bir məsəl var: "Allah deyir: səndən hərəkət, məndən bərəkət”. Bu mənada xam məhsulun satınalma qiymətinin artırılması, daha dəqiq desək, bir kiloqramının subsidiya ilə birlikdə 75 qəpiyə çatdırılması pambıqçılığın inkişafına əlavə stimul vermişdir.

"MKT-İK” şirkəti sovetlər birliyində fəaliyyət göstərmiş pambıqtəmizləmə zavodlarının bazasında yaradılmışdır. Onlardan biri "MKT-Neftçala” filialıdır. Pambıq istehsalı sonralar kəskin şəkildə aşağı düşdüyünə görə həmin filialların, o cümlədən Neftçaladakı zavodun da fəaliyyəti dayanmışdı. 2002-ci ildə bağlanan müəssisənin fəaliyyətsizliyi üzündən tikililər, avadanlıqlar dağılmağa başlamışdı. Buna baxmayaraq, zavoda uzun müddət rəhbərlik edən Bahəddin Leysanov vaxt tapan kimi buraya baş çəkir, bütün vasitələrlə zavodun, onun avadanlıqlarının, texnikalarının sökülüb dağılmasının qarşısını almağa çalışırdı.

Nəhayət, "MKT-Neftçala” filialının fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul olundu. B.Leysanov yenidən müəssisəyə rəhbər təyin edildi. Lakin hər işə təzədən başlamaq lazım gəlirdi. İlk növbədə Kür çayından buraya 7 kilometrlik su xətti çəkildi, yola asfalt döşəndi. Müəssisədəki sexlər, avadanlıqlar, anbarlar, pambıq tayalarının yerləri, qapan-tərəzi, laboratoriya, idarə binası və digər tikililər əsaslı şəkildə yenidən quruldu. Müəssisənin baxımsızlıqdan qurumuş bağçasında yanmış ağacların, gül-çiçək kollarının yerinə yeniləri əkildi. Bir sözlə, müəssisə əvvəlkindən də abad vəziyyətə gətirildi. Bunlarla yanaşı, şirkət tərəfindən müəssisəyə çoxlu sayda, müxtəlif adda kənd təsərrüfatı texnikası, maşın-mexanizm verildi. Yaxşı təşkilatçılıq qabiliyyətinə malik olan, sözü ilə əməli bir olan B.Leysanov pambıqçılıqdan, texnikadan yaxşı başı çıxan kadrları müəssisəyə cəlb etdi.

Bunları görən torpaq mülkiyyətçiləri, fermerlər bu gün də "MKT-Neftçala” ilə müqavilə bağlamağa üstünlük verirlər. Bir məsələni də qeyd etmək lazımdır ki, müəssisədə intensiv əkinçilik metodundan istifadə edilir. Əkin üçün daha münbit, məhsuldar torpaqlar seçilir. Bu məqsədlə filialın aqronomları pambıq əkiləcək sahələrə baxış keçirir, sonra müqavilə bağlanılır. Qarşılıqlı etimad, işbirliyi uğurlar üçün zəmin yaradır.

Filial keçən ilin sonubu ilin əvvəlində 564 nəfər torpaq mülkiyyətçisi və fermerlə 2 min 342,5 hektarda pambıq yetişdirmək üçün müqavilə bağlamışdır. Pambıq isə çox zəhmət tələb edən bitkidir. Gərək hər gün yanında olasan, lazımi aqrotexniki tədbirləri vaxtında həyata keçirəsən. Belə olan halda torpaq da, bitki də kəndlini üzüqara etmir. "MKT-Neftçala” filialının mütəxəssisləri bu amili əsas götürərək şum aparıldığı vaxtdan pambıq yetişənədək müəssisə ilə müqavilə bağlayanların yanında olurlar. Təkcə bu mövsüm becərmə ilə əlaqədar pambıqçılara kifayət qədər çiyid toxumu, 466 ton azot, 202 ton amafos, sovka və digər ziyanvericilərə qarşı mübarizə aparmaq üçün 160 min 300 manatlıq müxtəlif preparatlar verilmişdir. 15 adda 274 texnika əkinçilərin ixtiyarında olmuşdur. Onlardan 9-u Amerika istehsalı və hər birinin dəyəri 600 min manat civarında olan "Conder” markalı pambıqyığan maşınlarıdır. Çəkilən zəhmət, göstərilən diqqət sayəsində indiyədək 6 min 700 tona yaxın pambıq yığılıb. Hər hektarın məhsuldarlığı 28 sentnerdən çoxdur. Amma yığım davam etdiyindən bu rəqəmin artacağı şübhəsizdir. Tədarük edilən pambığın 5 min 981 tonu birinci, 756 tonu ikinci və 7 tonu üçüncü növdür. Tayalara vurulmuş pambığın lazımi rejimdə saxlanmasına da xüsusi fikir verilir.

Emal işi də qaydasındadır. Müəssisənin baş mühəndisi Mirbəşir Ağayev bu il bol məhsul yetişdirildiyinionun filial işçiləri tərəfindən emal edildiyini bildirir. Deyir ki, pambıq xüsusi borularla qurutma aqreqatına, oradan təmizləyici sexə daxil olur. Burada xam pambıq tam şəkildə təmizlənərək ayırıcı sexə ötürülür. Orada avadanlıqlar vasitəsilə pambıq çiyiddən ayrılır və presləmə sexinə göndərilir. İki növbənin işlədiyi bu sexdə hər gün 100-120 kip bağlanır. Hər kipin çəkisi 205-215 kiloqram arasındadır. Mahlıc böyük təzyiq altında sıxıldıqdan sonra məftillərlə bağlanılaraq konveyerlə bayıra göndərilir. Növbəti mərhələdə hər biri bez parça ilə səliqəli şəkildə örtülərək kənarları tikilir. Sonra çəkilib nömrələnərək anbara ötürülür. Bütün bu proseslərin icrasında qurutma sexinin işçilərindən Yeganə Qənbərova, Mirabas Ağayev, presləyici sexdən Tahir Mazanov, Qənirə Quliyeva, Ruhiyyə Quliyeva, təmir sexindən Rafiq Hüseynov, Fədail Canıyev, Ramil Ağayev və başqalarının əməyi daha çoxdur.

Müəssisədə olarkən öyrəndik ki, hələlik 1203 ton mahlıc, 1367 ton çiyid istehsal olunub. Mahlıc çıxımı 40,8 faizdir. Bu, 1 ton xam pambıqdan 480 kiloqram mahlıc deməkdir. Mahlıc "MKT-İK”-nın xətti ilə satılır. Çiyid isə emal üçün Şirvan şəhərindəki Yağ-Piy Kombinatına verilir. İki il bundan öncə fəaliyyətini bərpa etmiş "MKT-Neftçala” filialında hazırda 200-ə qədər işçi çalışır.

Söz ki işçilərdən düşdü, qeyd edək ki, Neftçalada öz işini yaxşı bilən pambıqçılar çoxdur. Onlardan biri də "MKT-Neftçala” filialı ilə müqavilə bağlayan Əlihüseyn Hacıyevdir. O, Neftçala rayonunun Boyat kəndində doğulub boya-başa çatıb. Ağlı kəsəndən əkinçiliklə, o cümlədən pambıq əkib-becərməklə məşğul olub. Sovetlər birliyi zamanında kəndlərindəki "1 Maykolxozunda çalışıb. İşləyə-işləyə qiyabi yolla Gəncədəki Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Briqadir köməkçisi, briqadir, aqronom, baş aqronom, kolxoz sədri işləyib. SSRİ süquta uğrayandan, kolxozsovxozlar ləğv ediləndən sonra pay torpağını əkib-becərib. Bələdiyyə torpaqlarından icarəyə götürüb, əkin sahələrini getdikcə genişləndirib.

Keçən il sentyabr ayının 24-də dövlət başçısı İlham Əliyev rayona səfəri zamanı Ə.Hacıyevin pambıq tarlalarında olmuş, onunla və tarlasında çalışan pambıqçı qızlarla görüşmüşdür. Ə.Hacıyev bu görüşdə daha yüksək nəticələr əldə etməyə söz vermişdi. O, vədinə əməl edərək keçən il hər hektardan 42 sentner məhsul götürməyə nail oldu. Nəticədə özü və başçılıq etdiyi təsərrüfatın üzvləri yaxşı qazanc götürdülər. Prezident Ə.Hacıyevi 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif etdi.

Bu həm böyük etimad demək idi. Odur ki, keçən ilin sonunda bu il üçün 45 hektar sahədə pambıq əkməyi nəzərdə tutan Ə.Hacıyev yenidən "MKT-Neftçalafilialı ilə müqavilə bağladı. Hələ qış aylarında torpağı əkinə hazırladı. Yazda sahələrə toxum səpdi. Bitki torpaqdan baş qaldıran kimi kollektivinin üzvləri ilə bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirdi. Kətmənləmə, kultivasiya, suvarma, ziyanvericilərlə mübarizə, ucvurma işləri tələb olunduğu səviyyədə yerinə yetirildi. Sentyabr ayının birinci ongünlüyündə yığıma başladılar. Bir məsələni vurğulamaq lazımdır ki, fermer əllə yığıma daha çox üstünlük verir. Deyir ki, pambığı onlar becərib, qoy onlar da yığıb pul qazansınlar. Hələlik məhsuldarlıq 69,6 sentnerdir. Bu, rayon üzrə rekord göstəricidir. Filial üzrə digər fermerlər - Ağamirzə Mustafayev, Qara Abbasov, İmadəddin Dadaşov da yüksək - hər hektardan 37-48 sentner məhsul əldə etmişlər.

Ə.Hacıyev, eyni zamanda nümunəvi ailə başçısı, xeyirxah insan, peşəsini sevən hami tərbiyəçidir. Boyat kənd inzibati ərazi nümayəndəliyinin Dördlər kənd sakini 21 yaşlı Rauf Cəfərovu hamiliyə götürüb. Rauf Gəncə Kənd Təsərrüfatı Akademiyasının ikinci kursunda qiyabi yolla təhsil alır. Ə.Hacıyevin uğurları onun pambığa marağını artırmışdır. R.Cəfərov ailələrinə məxsus 7 hektar pay torpaqda pambıq əkmək qərarına gəlib.

2018-ci il başa çatmaq üzrədir. "MKT-Neftçalafilialının kollektivi, habelə bu müəssisə ilə müqavilə bağlayan sahibkarlar artıq gələn ilin qayğıları ilə yaşayırlar. Hələlik 300 nəfərdən çox mülkiyyətçi gələn il pambıq əkmək üçün müəssisə ilə müqavilə bağlamışdır. Bu isə dövlətin qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi aqrar siyasətin əməli nəticəsidir.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 6.